"İlk dəfə belə böyük kütlənin qarşısına tək çıxırdım"

Anar Ağaşiyev: "Əgər həmin gün mən Braziliyada səhnəyə çıxmasaydım, 300 min cərimə ödəməli idim"
"O 5 faiz də mənə bəs edir. O, bəlkə də mənim burada 3-4 aya qazandığım məbləğdən daha böyükdü. Bundan sonra 18 ölkəyə səfərimiz olacaq"


Bəzən deyirlər ki, dünyanı gözəllik xilas edəcək. Bəlkə də belədir. Ya da insanlar bununla təsəlli tapmağa çalışırlar. Amma bir həqiqət də danılmazdı. İnsan gözəl görünüşə sahib olanda özgüvəni də böyük olur. Xüsusilə də xanımlar gözəl görünməyi sevirlər. Bəzən çirkin görünən qadınlar həyatdan küskün düşür, özlərinə qapanırlar. Onun möcüzəli əlləri qadınlarda özgüvən yarada bildi. Sadə bir toxunuşu ilə əslində ən çirkin qadını belə bir anlıq mələk qədər gözəl göstərməyə qadir stilist Anar Ağaşiyevlə həmsöhbət olduq. Bu günlərdə Braziliyada səhnəyə çıxışı ilə az qala dünyaya səs salan «master-klas»ı hələ uzun müddət müzakirələr üçün əsas ola bilər. Qadın dünyasını tanıyan, gözəllikdən xəbərdar olan, istedadı və peşəkarlığı ilə seçilən dünyaca məşhur stilist Anar Ağakişiyev «Şərq»ə maraqlı açıqlamalar verdi.

- Böyük bir səfərdən qayıtdın. Braziliyada böyük bir auditoriya qarşısına çıxdın. Səhnəyə həmişəki patriot Anar Ağakişiyev çıxdı, seçdiyi geyimindən tutmuş Azərbaycan adını təmsil edəcək çıxışına kimi vətənpərvərliyi ilə seçildi. Təəssüratların maraqlıdı…

- Təəssüratım o qədər fərqli, qəribə oldu ki, onu sözlə ifadə etməyə çətinlik çəkirəm bəzən. O hissləri heç vaxt yaşamamışdım. Fərqli, emosiyalı idi. İlk dəfə idi ki, belə böyük kütlənin qarşısına tək çıxırdım. 1500 tamaşaçı qarşısına çıxmaq cəsarət tələb edirdi. Mən müğənni deyiləm, bəli, öz sahəmdə uğurlarım böyükdü, amma belə böyük kütlənin qarşısına çıxmamışdım. Amma bu yaxınlarda canlı karifey Afaq Bəşirqızının müsahibəsini izlədim. Çox gözəl sözlər dedi: Əgər bir artist səhnəyə dikdaban səsi ilə çıxır və qayıdırsa, bu onun bitməsi deməkdir. Amma mən artıq 18 ildir işləyirəm. Karyeramın ən pik nöqtəsindəyəm, alqış səslərini eşidirəmsə, deməli, bu hələ başlanğıcdır. Nə yaxşı ki, mən 35 yaşında karyeramda belə böyük uğurlar əldə edə bilmişəm və hələ hədəflərim böyükdü. Xoş təəssüratım var bu görüşlə bağlı. Mənə xoş gələn ən böyük məqamlardan biri o idi ki, mənə sual ünvanlayanda portuqal dilindən Azərbaycan dilinə tərcümə ilə deyirdilər. İstəyirdilər ki, mənə xoş olsun.

- Ən çox hansı suallar ünvanlanırdı? Xanımların sevgisini bu qədər qazana bilən stilistlə bağlı nə maraqlı idi insanlara? Axı sən çirkin görünə biləcək qadınları belə gözəlləşdirməyə qadir qızıl əllərə sahibsən…

- Müxtəlif suallar ünvanlanırdı. Xüsusilə hansı kosmetik məhsullardan istifadə etməyimlə maraqlanırdılar, mənə özünü etibar edən xanımları necə belə dəyişə bilirəm, onun texnikasının sirlərini soruşurdular. Mən də çalışırdım çatdırım ki, bu, istəklə, məsuliyyət, bir də istedadla bağlı bir məsələdir. Yuxusuz gecələrimlə bu imkanları əldə etmişəm. Maraqlanırdılar ki, bu sahədə kimdən dərs almışam, kimdən öyrənmişəm? Çox maraqla qarşılandım. Unudulmaz anlar idi. Bizim xalqın özünəməxsus bir çox müsbət keyfiyyətləri var. Amma biz səhnədə olan insanı alqışlamağa o qədər maraqlı olmuruq, yəni alqışlamağa gələndə bir az xəsis ola bilirik. Amma Braziliyada olan çıxışım zamanı o qədər böyük, səs-küylü alqışlar oldu ki, mən bunu gözləmirdim. Hər bir tanınmış məşhurumuza belə böyük səs-küylü alqış arzulayıram. Gözəl hisslərdi. Yəqin görüntüləri izləmisiz, orda zaldakıların necə qışqırıqla, emosiyalarını gizlətmədən alqışlarını görümüsüz. Əlbəttə ki, bir stilist olaraq bunları yaşamaq mənə xoş idi. Bu təkcə Anarın uğuru deyildi. Bu, Azərbaycanın uğuru idi, azərbaycanlı stilistin yarada bildiyi səs-küy idi.

- Arzuların gerçək olur. Xarici şirkətlə ciddi bir müqavilə imzalamısan. 18 ölkəyə səfərin nəzərdə tutulub.

- Bəli, dünyanın məşhur şirkətlərindən biri ilə müqavilə bağlamışam. Təbii ki, istənilən ciddi iş həyata keçirilirsə, orda müqavilə bağlanır, şərtlər təyin edilir, qonorar məbləği göstərilir. Deyək ki, əgər həmin gün mən Braziliyada səhnəyə çıxmasaydım, 300 min cərimə ödəməli idim. Yəni bu kimi şirkətlərlə işbirliyi daha ciddi və hüquqi şəkildə bağlanır. Böyük və gəlirli müqavilədir. Maddi tərəfdən də sadəcə 5 faiz mənim olur. Qalanları müqavilə imzaladığım şirkətlərin olur. O 5 faiz də mənə bəs edir. O, bəlkə də mənim burada 3-4 aya qazandığım məbləğdən daha böyükdü. Bundan sonra 18 ölkəyə səfərimiz olacaq.

- Sənin şərtlərindən biri də 18 ölkə arasında Ermənistanın olmaması olub…

- Bəli. Mənim üçün bəzi məqamlar var ki, orda mənəviyyat, milli maraqlar maddi maraqlardan üstündür. Dünyada bu iş üzrə «master-klas» keçən iki şəxs var. Biri Kim Kardaşyanın vizajisti, biri də mən. Biz bunu bir çoxları kimi otellərin restoranında eləmirik. Bu çox ciddi kampaniyadır və qanunları var. Ölkələri şirkət seçir. Onların içində danışmadığımız ölkələr yoxdur. İlk şərtim də bu olub. Mən o cəhətdən həddən artıq vətənpərvərəm. Əvvəlcə müqavilə bağlayanda demişdim ki, milyard da olsa, o ölkə bizim turnemizin arasında olmayacaq. Məncə, hər bir azərbaycanlı bunu etməlidir. Təsadüf ola bilər ki, getdiyim ölkədə zalda erməni ola bilər, bu başqa məsələdir, mən ordakıları zaldan çıxara bilmək haqqına sahib deyiləm. Amma mən bilərəkdən, ya da hansısa maddi maraqlara görə milli maraqlarımı unuda bilmərəm. Baxmayaraq ki, bizdə bəziləri ermənilərlə işbirliyi də qura bilir, filan. Mən bu məsələdə birmənalı şəkildə qətiyyətimi sərgiləyirəm.

- Hər sahədə rəqabət var. Əminəm ki, Azərbaycanda olan hər bir stilist istərdi ki, Anar qədər tanınsın, müzakirələrin səbəbkarı olsun, xarici ölkələrdə səs-küy yarada biləcək stilist olsun. Həmkarlarının reaksiyası necə oldu?

- İnanın, o qədər qəribə fikirlər dedilər ki, bəziləri gülməli idi. Hərə bir şəkildə paxıllıqlarını dilə gətirdilər. Əslində onların reaksiyaları mənim üçün maraqlı deyil. Guya mən başqa insanın yer aldığı səhnəyə çıxmışam, filan. Öyrədilmiş insanlar zalda idi. Sadəcə, Anarın uğurunu həzm edə bilmədilər. Mən sadəcə onu deyərdim ki, onlar da Anar qədər yuxusuz qalsınlar, mənim qədər zəhmət çəksinlər, öz həyatlarını bu sahəyə qurban versinlər, bəlkə də qurban olduğum onlara da yol açar. Mən demirəm mələyəm, ətəyimdə namaz qılmaq olar. Qətiyyən. Mənim öz həyat prinsiplərim, xarakterim, mənfi-müsbət keyfiyyətlərim var. Amma mən bircə onu bilirəm ki, Anar paxıl insan olmayıb heç vaxt. O hiss məndə yoxdu.

- Paxıllıq özünə əmin olmamaqdan, inamsızlıqdanmı irəli gəlir?

- Məncə, paxıllıq hissinin bünövrəsi hələ uşaq yaşlarından qoyulur. Sonralar illər ötdükcə, bir az da çoxalır. İnsan həyata atıldıqca, uğur əldə edə bilmədikdə isə paxıllıq hissi bir az da çirkin şəkil alır. Sən əgər həyatda nə isə əldə etmək istəyirsənsə, çalışmalısan. Uğurun ən böyük sirri zəhmətdir.

- Qonorar məsələsini tam açıqlamasan da, hər halda az məbləğ deyil. Bir də deyəsən, Azərbaycandan köçməyi nəzərdə tutmusan?

- Qonorar dəyişəcək. Ölkədən ölkəyə, səfərdən-səfərə qonorar dəyişəcək. Çünki ilk görüşdə 1500 insan «master-klas»a qatılmışdısa, deyək ki, növbəti səfərdə 2000 insan zala daxil olacaq. Deməli, qonorar da artacaq. Misal üçün, Amerikada olan qonorarla digər ölkədə olan qonorar arasında fərq ola bilər. Bir də mən, diqqət yetirmisinizsə, sosial şəbəkədə, şəxsi səhifəmdə bar-bar bağırmıram ki, filan vaxtı filan ölkədə olacam. Bir dəfə paylaşım edirəm. Şirkət qalan təşkilati işləri həyata keçirir. Mən də qonorarımı alıram. Müqaviləyə əsasən mən ordan 5 faiz gəlirimi götürürəm. Qaldı Azərbaycandan köçmək məsələsinə, bəli, bir müddət əvvəl də mətbuata açıqlama vermişdim ki, köçəcəm. Müqavilə bağladığım şirkət ki var, orda xaricdə yaşamaq şərti var. Belə ki, ilk illər Azərbaycanda yaşaya-yaşaya gedib-gələcəm. Növbəti illər isə artıq birdəfəlik ora köçəcəm. Yəni Fransanın paytaxtı Parisdə yaşamaq təklifi oldu, razılaşdım. İnşallah, bir müddət sonra birdəfəlik Parisə, Fransaya köçəcəm.

- Darıxmayacaqsan? Axı Azərbaycana bağlı bir insan olduğunu bilirik.

- Maraqlı bir nüansa toxundunuz. İlin əvvəlində müqavilə bağlayan ərəfədə çox sevinirdim ki, Fransaya köçəcəm. Günlərimi sayırdım ki, zaman gəlsin, gedim. Ya da kimsə məni əsəbiləşdirəndə, nəsə məni qıcıqlandıranda deyirdim ki, bircə vaxt gəlsin gedim. Amma Braziliyada bir ay qalandan sonra özümə sual verdim ki, sən burda bir ay qaldın darıxdın, görəsən, orda birdəfəlik necə qalarsan? Sonra da özümə təsəlli verirəm ki, Braziliya dünyanın o tayıdır. Fransa bir az yaxındı. Təbii ki, Azərbaycan mənim vətənimdir. Mən Azərbaycana bağlıyam. Qaldı bəziləri məni başqaları ilə müqayisə edirlər ki, «master-klas» verən vizajistlər olub. Bu mənim haqqıma girmək deməkdir. Başqaları bir ayda 7 «master-klas» verə bilər. Biz isə bir «master-klas»ı vermək üçün bir il hazırlıq aparırıq, böyük komanda çalışır. Hardasa mini konsertə hazırlıq kimi zəhmət tələb edir. Adamın dili də gəlmir ki, buna «master-klas» desin. Çünki 2000-2500 insanın qarşısına çıxmaq, həm də peşəkar şəkildə, bu, asan görünməsin. Bəzi ağzıgöyçəklər bir az müqayisəni kimlə apardıqlarının fərqinə varsınlar. Özləri onsuz da bataqlıqda boğulurlar.

- Sənin Fransada, digər ölkələrdə imkanların çoxalır. Əgər azərbaycanlı məşhurlardan birinin yolunu Avropaya açmaq imkanın olsa, kimin əlindən tutub apararsan?

- Belə bir atalar sözümüz var. Əl əli yuyar, əl də qayıdıb üzü. Kim ki, mənim bu günlərimə sevinə bildisə, təbrik etdisə, o insanların əlindən tutaram. Röya, Manana, Sevil-Sevinc bacıları, Damla, Xatirə, Elnur. Bəlkə adlarını çəkmədiyim sənətçilər var ki, mənim uğuruma sevinirdilər, təbrik edirdilər. Təbii ki, onlardan birini seçərdim. Mən inanıram ki, belə bir fürsət də ola bilər. Bəziləri deyir nə edib ki, adi «master-klas» keçib. Təbii ki, onların əlindən tutub Avropaya çəkəsi deyiləm. Yenə qeyd edirəm, insanlığı sevən biriyəm. Mən vətənimə bağlı, məqsədli biriyəm. Sizə illər öncə müsahibə verərkən belə bir fikir işlətmişdim ki, hədəfim Avropadır, dünyaya çıxmaqdır. Bu imkanlar əldə olunsa, açdığım qapı təkcə mənim üçün açılmayacaq. Bu qapını aça bilsəm, bu həm də incəsənət sahəsində olanlar üçün açılan yol olar. İllər keçdi, o qapını açmağa başlamışam. İnşallah, o qapıdan bizim məşhurlar keçmək imkanı əldə edərlər. Təəssüf ki, bizdə birlik hissi yoxdu. Bizə düşmən lazım deyil. Özümüzü içimizdən yeyib, çeynəyə bilirik. Məni sevməyənlərə bir sözüm var. Çalışın paxıl olmayın, çalışın azərbaycanlı adını daşıyan hər kəsə dəstək olun. Mən Azərbaycanı sevirəm. Bu hiss də məni güclü edə bilir.

Tahirə Məmmədqızı