Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, temperatur düşəcək

Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər



 Sabah axşamdan ölkə ərazisində hava şəraiti dəyişəcək, havanın temperaturu bu günlərlə müqayisədə aşağı düşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluğunun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclnəcək.
Havanın temperaturunun Abşeronda gecə 18-23, gündüz 26-31 dərəcə isti, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 16-da əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi günün ikinci yarısında ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza gəlincə, sentyabrı 16-sı axşamdan sentyabrın 18-i gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.