Deputat bildirib ki, yarım ilin turizm yekunlarının təhlili bir sıra vacib məqamları da üzə çıxarıb
"Bu ilin ilk yarısında Azərbaycana gələn turistlərin sayı 34 faiz artaraq 1 milyon 231 minə çatıb. Gələnlərin 29,2 faizi Rusiya, 17,3 faizi isə Türkiyə vətəndaşları olub". Bu barədə millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Deputat bildirib ki, yarım ilin turizm yekunlarının təhlili bir sıra vacib məqamları da üzə çıxarıb:
"Məlum olub ki, Azərbaycana gələn hər 10 turistdən 1-i Hindistan vətəndaşıdır. Mənşə olaraq gələn turistlər arasında da ən çox artım Hindistanın payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə artıb. Ərəb dövlətlərindən Azərbaycana gələn turistlərin sayında da artımlar var. Körfəz ölkələrindən gələnlərin sayı 49, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 30, MDB ölkələrindən gələnlərin sayı isə 22,3 faiz artıb. Nəhayət, həmin müddətdə turizm balansında müsbət saldo qeydə alınıb. Azərbaycana gələnlərin sayı xaricə gedənlər ilə müqayisədə 236 min nəfər çox olub".
Parlament üzvü vurğulayıb ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur: "Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk yarısında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır".