“Gənclərin öyrənmək istəkləri böyükdür. Onları detektiv əsərlərdən çəkindirmək lazımdır”
"Feysbukda kontent dəyişib? Bu faydalı platformada intellektual yazılara maraq çoxalır". Bunu millət vəkili, təhsil eksperti Etibar Əliyev deyib. Deputat bildirib ki, ziyalı təbəqəsi hər gün yazmalıdır:
"Mən tez-tez kitab mağazalarında oluram. Bu məkanlarda əsasən gəncləri görürəm, onlarla söhbətləşirəm. İndiyə qədər həmyaşıdım və məndən yaşlı insanlarla rastlaşmamışam. Gənclərin öyrənmək istəkləri böyükdür. Onları detektiv əsərlərdən çəkindirmək lazımdır. Universitetlər tələbələrimizdə mütaliəyə maraq oyada bilmirlər. Qalır sosial şəbəkələr. Çində yaradılmış "TikTok" bütün dünyada populyardır. Bu platformada hər şeyi göstərə bilərlər. "TikTok"da Kantın fikirləri, şeir oxumaqdan tutmuş kiminsə büdrəyib yıxılmasına, mənasız yumorlara qədər hər şeyə baxa bilərsiniz. Çarli Çaplinin qısa filmləri o dövrün "Tiktik"u idi, lakin daha təbii güldürürdü".
E.Əliyevin sözlərinə görə, vaxt var idi Baxın musiqsinin böyük hissəsi Bethovenə məlum deyildi, indi musiqi bizə anındaca çatır: "Bu, universal bilik sindromudurmu? Nobel mükafatı laureatı T.Eliotun maraqlı fikri var: "İnformasiya bilik deyil, bilik isə müdriklik deyil". İnformasiya-biliyin təqdimatıdır. Bu baxımdan sosial şəbəkələrdə maarifçiliyə çox böyük ehtiyac var. Əlbəttə ki, bunun da zamana ehtiyacı var. Sosial şəbəkələr biliyin geniş yayılmasına xidmət etməlidir. İşləri korlayan narsistlərdir. Artıq foto nümayiş etdirmək, mənasız aforizmlər, ekoloji cəhətdən çirkli yumor paylaşmaq ikrah hissi doğurur.
Mənim müşahidəm budur!".