Vəsait azdır...

Ən böyük problemimiz ondadır ki, maaşların hazırkı səviyyəsi sığorta sistemini qurmağa adekvat deyil



Azərbaycanda yaxın vaxtlarda tətbiq olunacağı gözlənilən icbari tibbi sığortanın şərtləri təqribən də olsa müəyyənləşib. İlkin şərtlərə görə, əmək qabiliyyətli hər bir vətəndaş icbari tibbi sığorta fonduna ayda orta hesabla 5-10 manat, işə götürənlər isə hər işçiyə görə 10-12 manat ödəyəcəklər. Əhalinin bir hissəsi isə icbari tibbi sığorta haqqı ödəməkdən azad olacaqlar.

Ə.Əhmədovun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi üçün eyniadlı fond - İcbari Tibbi Sığorta fondu yaradılacaq. Bura vəsaitlər 3 mənbədən daxil olacaq: - dövlət büdcəsindən, işəgötürənlərdən və işləyən vətəndaşlardan. Baş nazirin müavini bildirib ki, icbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı əsasən büdcənin üzərinə düşəcək. İşəgötürənlərin, yəni şirkətlərin bu prosesə pul ayırmasının vacibliyinə gəlincə, Ə.Əhmədov deyib ki, işçinin xəstələnməsi və işə çıxmaması müəssisəyə onun müalicəsindən daha baha başa gəlir və bu vəziyyətdə ən yaxşı üsul mütəşəkkil formada icbari tibbi sığortadır. Baş nazirin müavini bildirib ki, əhalinin bir hissəsi icbari sığorta fonduna ödəmələrdən azad olacaq: "Uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən tam azaddırlar. Bu isə təxminən 3-3,5 milyon insan deməkdir”. Bunu pilot layihə adlandıran tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə verdiyi açıqlamada deyib ki, icbari tibbi sığortanı ilk təcrübə kimi bir-iki rayonda tətbiq edib yoxlamaq olar. Ancaq bizim ən böyük problemimiz ondadır ki, maaşların hazırkı səviyyəsi sığorta sistemini qurmağa adekvat deyil: "Bu gün 5-10 manatla məcburi tibbi sığorta sistemini yaratmaq real görünmür. Çünki bu zaman səhiyyəyə ayrılan dövlət büdcəsindən datasiya ödənilməlidir. Vəsait olduqca azdır və bu, bir xəstənin adekvat müalicəsinə imkan vermir. Ola bilər ki, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin bir hissəsi tibbi sığorta vəsaitlərinə xərclənsin. Belə olan təqdirdə icbari tibbi sığortanı müəyyən qədər kompensasiya etmək olar”. Ekspertin sözlərinə görə, sığorta kontingenti Azərbaycanda dörd qrup ola bilər: "Bunlardan birincisi, dövlət büdcəsindən maliyyələşən və gəliri olmayan vətəndaşlardır. Məsələn, tələbələr, tək yaşayan adamlar və ağır xəstələr heç bir gəlirləri olmadıqları üçün ciddi sosial müdafiəyə ehtiyacı duyurlar. İkinci qrup şəxslər isə dövlətin əmək birjasında qeydiyyatda olan işsizlərdir. Onlar əmək birjasının vəsaitləri hesabına maliyyələşirlər. Üçüncü qrup insanlar dövlət və özəl qurumlarda, bələdiyyə sistemində çalışan vətəndaşlardır. Onlar da dövlət büdcəsindən maliyyələşirlər. Dördüncü qrup adamlar isə xüsusi qaydada maliyyələşən məmurlar və gəlirli biznesmenlərdir. Bunlar icbari tibb sığortanın əsas bazası, kontingenti hesab olunurlar. İcbari tibbi sığortanın maliyyə mənbələri isə bazadan asılı olaraq dəyişir”.
İqtisadçı-alim Vüqar Bayramov qeyd edib ki, Səhiyyə Nazirliyinin pulsuz tibbi xidmət qərarı icbari tibbi sığorta haqqındakı qanunvericiliyə uyğunlaşdırılmalıdır: "Sığorta ödənişlərinin işəgötürən ilə işçi arasında bölüşdürülməsi mexanizmləri aydın formalaşdırmaq lazımdır. Sığortanın yalnız işçinin üzərinə düşməsi işçi üçün sosial ağırlıq yarada bilər. Sahibkarın icbari tibbi sığortanın ödənilməsinə məsul edilməsi isə işçilərlə müqavilə bağlanması məsələsini xeyli yubadacaq və işəgötürənlər işçilərlə müqavilə bağlamaqda maraqlı olmayacaqlar. Buna görə də bir sıra Avropa ölkələrində olduğu kimi, icbari tibbi sığortanın işəgötürən və işçi arasında bölüşdürülməsi məqsədəuyğun hesab olunur”. V.Bayramov bildirib ki, icbari tibbi sığortanın tətbiqi zamanı digər əhəmiyyətli məqamlardan biri də xəstəxanaların bu prosesə hazır olmasıdır: "Təəssüf ki, bu gün xüsusilə dövlət xəstəxanaları sığorta şirkətləri ilə işləmək təcrübəsinə malik deyillər. Hətta vətəndaşın sığortası olduqda belə, bəzi xəstəxanalarda vətəndaşdan əlavə ödənişlər tələb olunur. Xəstəxanaların bu prosesə hazırlanması, onların sığorta şirkətləri ilə işləmə ənənəsi formalaşmalıdır. Tədqiqatlar göstərir ki, "Tibbi sığorta haqqında” qanun indiki tələbləri tam olaraq ödəmir. Bu baxımdan həmin qanunda bir sıra boşluqlar var ki, onlar icbari tibbi sığortanın tətbiqinə imkan vermir. Qanunvericilikdə icbari tibbi sığortanın tətbiqi mexanizmləri göstərilməlidir”. İqtisadçı deyib ki, işləməyən və eləcə də ünvanlı sosial yardım alan vətəndaşlar üçün ödənişlərin dövlət tərəfindən və eləcə də hansı icraedici qurum tərəfindən necə ödənilməsi qanunvericilikdə aydın şəkildə öz əksini tapmalıdır: "Əmlakın icbari sığortasının tətbiqi praktikası göstərir ki, bu sahədə aydın və şəffaf mexanizmlərin tətbiqinə ciddi ehtiyac var. Tibbi sığorta sisteminin inkişafı üçün əhalinin gəlirlərinin strukturunun dəyişdirilməsi olduqca vacibdir. Əhalinin tibbi sığortaya yönəldəcəyi vəsaitlər çox azdır. Hazırda Azərbaycanda əhalinin gəlirlərinin 70 faizə qədəri istehlak mallarının alınmasına, 10 faizi vergi və rüsumların ödənilməsinə sərf edilir. Yerdə qalan vəsait az olduğundan əhalinin sığortalanmasında çətinlik var. Avropa və Amerikada sığortalanmanın yüksək olması əhalinin gəlirləri ilə bağlıdır. Bu səbəbdən əhali gəlirlərinin üçdə birini sığorta və digər bu kimi məsələlərə sərf edə bilir”.
V.Bayramov vurğulayıb ki, ABŞ-da hazırda ÜDM-nin 8 faizini, Avropada 11 faizini sığorta ödənişləri təşkil etsə də, Azərbaycanda bu rəqəm hələlik 1 faiz intervalındadı: "Səhiyyənin maliyyələşdirmə mexanizminin dəyişdirilməsinə ehtiyac var. Azərbaycanda hər min nəfərə 7 xəstəxana çarpayısı düşür. Bu göstərici Almaniyada 3, Türkiyədə isə 2-dir. Ölkəmizdə çarpayıların sayının çox olmasına baxmayaraq, ondan istifadə göstəricisi başqa dövlətlərlə müqayisədə xeyli aşağıdır”.

İsmayıl