Jirinovski Bakıya səfərə hazırlaşır

Ekspertlər qalmaqallı siyasətçidən yenə təəccüblü açıqlamalar gözləyirlər



Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Azərbaycana səfərə hazırlaşır. Jirinovski paytaxtda və ölkənin regionlarında bir sıra görüşlər keçirməyi, respublikadakı inkişaf prosesləri ilə yaxından tanış olmağı planlaşdırır. Səfərin sentyabrın sonunda baş tutacağı gözlənilir.

Qeyd edək ki, Jirinovski qədər Azərbaycana qərəzi, bəlkə də nifrəti olan ikinci bir siyasətçi tapmaq çətin olar. Bu adamın ölkəmizə qarşı münasibəti hər zaman birmənalı olaraq şər- böhtandan, aqressiv açıqlamalardan ibarət olub. Bütün çıxışları düşmən dəyirmanına su töküb. O, bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqedə olan Rusiya siyasətçisidir.
Bəs onun Azərbaycana səfər planı nəyə hesablanıb? Azərbaycan haqqında fikirləri dumanlı olan bu siyasətçi ölkəmizdə kim tərəfindən qarşılanacaq?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər namizədi Elman Nəsirli də deyib ki, Jirinovskinin Azərbaycanla bağlı mövqeyi bəllidir. O öz bəyanatlarında dəfələrlə antitürk mövqedən çıxış edib, Azərbaycan əleyhinə açıqlamalar verib: "Bu heç kəsə sirr deyil. Artıq onun adı çəkiləndə belə Azərbaycan ictimaiyyəti kimdən söhbət getdiyini həmin an anlayır. LDP sədrinin son zamanlar Azərbaycanın inkişafı və ölkəmizin regionda sabit, tolerant bir ölkə olması ilə bağlı səsləndirdiyi fikirlər və Azərbaycanda 400-dən artıq rus məktəbinin olmasını vurğulaması kimi çıxışları istər- istəməz Azərbaycan ictimaiyyətində təəssüf doğurur. Bir şeyin fərqinə varmalıyıq ki, Jirinovskinin mövqeyindəki bu qəfil dönüş heç də təsadüfi deyil. Böyük siyasətdə təsadüfi, qəfil heç nə baş vermir. Əgər Jirinovski kimi anti-Azərbaycan yönümlü bir siyasətçi ölkəmizin lehinə bəyanatlar verib, arxasınca da Bakıya səfər planlaşdırırsa, deməli, bunun arxasında konkret motivlər var”.
Politoloqun sözlərinə görə, həmişəki kimi bu dəfə də Jirinovskinin addımlarının arxasında dayanan konkret qüvvələr mövcuddur. Həmin qüvvələr Jirinovskinin psixoloji durumundan, emosional davranışlarından, populist bəyanatlar səsləndirməyə olduqca meyilli olmasından və ya digər xarakterlərindən yeri gəldikcə ondan bir alət kimi istifadə edirlər. İndiki situasiyada da onun Azərbaycanla bağlı səsləndirdiyi və ilk baxışdan pozitiv görünən mövqeyinin arxasında həmin qüvvələrin dayandığını zənn edirəm: "LDP sədri Azərbaycana loyal mövqedən çıxış edirsə, deməli, ona istiqamət verən qüvvələr bunu ondan tələb edib. Yəni Jirinovskinin ölkəmizlə bağlı səsləndirdiyi xoş bəyanatlar və planda olan səfər mənə qamçı və qoğal siyasətini xatırlatdı. Onun loyal açıqlamalarını Rusiyanın Azərbaycanla bağlı qamçı və qoğal siyasətinin mühüm tərkib elementi kimi dəyərləndirmək olar”.
Türk düşməni hesab olunan Duma üzvünün ölkəmizdə hansı səviyyədə qarşılanacağına gəldikdə isə E.Nəsirli deyib ki, istənilən halda Jirinovski rəsmi səviyyədə qarşılanmalıdır: "Jirinovski hər nə qədər anti-Azərbaycan mövqeli olsa da, o, Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının lideridir və vaxtı ilə spikerin müavini vəzifəsində çalışan biri olub. Onun konkret olaraq, hansı səviyyədə qarşılanacağını deyə bilmərəm, amma onun rəsmi şəxs olduğunu və son zamanlar Azərbaycanla bağlı loyal yanaşmalarını nəzərə alaraq rəsmi səviyyədə qarşılanacağını düşünürəm. Onun ölkəmizlə bağlı səsləndirdiyi son fikirlər kifayət qədər təəccüblüdür. Bu mənada düşünürəm ki, daha çox ermənipərəst siyasətçi kimi tanınan bu adamın son zamanlar Azərbaycanın lehinə bəyanatlar səsləndirməsinin motivlərini onun öz dilindən eşitmək və onun Bakıda verəcəyi açıqlamalar fonunda Jirinovski fəlsəfəsini dərk eləmək çox maraqlı olardı”.
Şəymən