Dövlət dəfn xərclərini boynuna götürə bilməz

Ancaq qəbir yerləri ödənişsiz olarsa, bu çox yaxşı hal olar



Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev dünyasını dəyişən insanların dəfni ilə bağlı bütün xərclərin dövlət və bələdiyyələr tərəfindən ödənilməsi təklifi ilə çıxış edib. Deputat bildirib ki, mövcud qanunvericiliyə əsasən, qəbir yerləri icra hakimiyyəti orqanları, yaxud bələdiyyələr tərəfindən vətəndaşlara verilir.

Ancaq qəbirin hazırlanması, qəbir daşının sifarişi, qoyulması, ümumiyyətlə, dəfn prosesinin təşkili xərclərini vətəndaşlar ödəyirlər. Ona görə hesab edirəm ki, dəfn müavinətinin verilməsi ilə yanaşı, dəfn prosesinin özünün də dövlət və bələdiyyə tərəfindən həyata keçirilməsi daha yaxşı olardı. Bu, xüsusilə aztəminatlı və orta təbəqəyə aid olan insanlar üçün dövlət və bələdiyyə tərəfindən göstərilmiş böyük dəstək olar: "Vətəndaşların əziyyət çəkməməsi üçün yaxşı olardı ki, biz dəfn işinin də bütün xərclərinin dövlətin və bələdiyyələrin üzərinə qoyaq. Bununla bağlı xüsusi xidmət yaradıla bilər və dəfn işi xərclərini - məsciddən başlamış dəfnə qədər olan xərcləri dövlət, bələdiyyə öz üzərinə götürə bilər”.
Deputat onu da deyib ki, ölkədə həm dövlət, həm bələdiyyə, həm də özəl qəbiristanlıqlar yaradılmalıdır: "Dövlət və bələdiyyə qəbiristanlıqlarında vahid standartlar tətbiq edilməli, islam qaydalarına uyğun olaraq, vahid başdaşı formaları qoyulmalıdır. Ancaq özəl qəbiristanlıqlarda bu standartlar tətbiq olunmaya da bilər. Yaxınlarını öz xərcləri ilə dəfn etmək, başdaşılarını xüsusi formada hazırlatmaq, ailə qəbiristanlığı salmaq istəyənlər özəl qəbiristanlıqları seçə bilərlər”.
Deputatın təşəbbüsünü müsbət dəyərləndirən tarix elmi üzrə fəlsəfə doktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasınin rəhbəri Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında qeyd edib ki, dövlətin bunu üzərinə götürəcəyi inandırıcı deyil: "Çünki Azərbaycan adətində 3, 7, cümə axşamı və qırx məclisləri olur. Dövlət bir dəfə verə bilər. Dövlət bütün məclisləri üzərinə götürməz”.
Həmsöhbətimizin sözlərinə görə, qəbir yerləri ödənişsiz olarsa, bu çox yaxşı hal olar: "Bununla mərhumun ailə üzvlərinə də ciddi köməklik göstərmiş olarlar. Çünki hansısa ailə üzvünü itirən adam öncə onun qəbir yeri üçün lazım olan pulu düşünür. Bu pul olmadıqda bankların toruna düşüb, soyulur. Bu problemin həlli daha arzuolunandır”.
Ayyət Əhməd