İnsanlar rahat nəfəs alacaq

Yas mərasimləri səhmana salınır, əyalətlərdən müsbət xəbərlər gəlir



Yas mərasimləri xalqın mentalitetində dərin kök salmış ənənələrdən biridir. Amma təəssüf ki, son illər xalqın sadə, səmimi, qəm-qüssə yeri olan hüzr mərasimləri təmtəraq mərasimlərinə çevrilmişdi. Mərasimlərə böyük xidmət personalı dəvət olunur, çadırlar gətizdirilir, bahalı xidmət növləri tətbiq edilir, zəngin menyu verilirdi.

" (-) rəhmətə gedəndə bilmirdim yas mərasimini yola vermək üçün çadır kirayə verənlərlə danışıb razılaşım, molla gətizdirim, qonaqları yola verim, yoxsa (-) yoxluğuna ağlayım. İnanın ki, yas məclisini yola verməyi düşünməkdən (-) yoxluğunu unutmuşdum. Çox çətin idi. Yasın düşəndə əlində heç olmasa ilkin olaraq 2-3 min manatın olmalıdır ki, yasın ilk günlərini yola verəsən”- bu sözlər yaxını rəhmətə gedən hər kəsin əzbərinə çevrilmişdi. Əhalinin bu narahatlığını nəzərə alaraq, hökumət uzun illər Azərbaycanda ictimai bəlaya çevrilən israfçı mərasimlərdən qurtulmaq üçün məcburi qaydalar tətbiq etməyə başlayıb. Artıq ölkə üzrə yerli icra orqanlarına yas məclislərinin sadə şəkildə, yemək süfrələri olmadan təşkil olunması ilə bağlı göstəriş verilib. Bununla bağlı ərazilər üzrə din xadimləri, yerli icra qurumlarına tapşırıqlar verilib.
Tapşırıq verilən andan etibarən də hüzr mərasimlərində ehsanın israfçılıqdan uzaq olması barədə verilən tövsiyə və təkliflər istiqamətində ölkənin əksər bölgələrində əhali arasında təbliğat işləri aparılır. Hətta artıq paytaxtda və yerlərdə hüzr mərasimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələrinə uyğun keçirilməyə başlayıb.
Son vaxtlar bu iş daha mütəşəkkil şəkildə görülür və real addımlar atılır.
Təmtəraqlı yas mərasimlərinin fəsadları müvafiq icra nümayəndələrinin tövsiyə xarakterli xəbərdarlıqları, parlaq zəkalı ziyalılarımız, televiziya, qəzet, eyni zamanda həmin el məclislərində dəyərli ziyalıların köməyi ilə xalqa aşılanır. Sevindirici haldır ki, bütün bu tövsiyələr sadə vətəndaşlar tərəfindən çox müsbət qarşılanır.
Əhali icra hakimiyyətlərinin bu sahədəki təşəbbüsünü bəyənir, dəstəkləyir, tövsiyələri başa düşür. İnsanlar anlayır ki, hüzr sahibi doğmasını itirib, bununla bərabər ona maddi ziyan da dəysə, onda hüzr sahibi illərlə özünə gələ bilməz. Hər kəs təklifləri təbii, şüurlu şəkildə qəbul edir, hüzr məclislərində sadə çay süfrəsi açılır, kütləvi ehsan isə tamamilə yığışdırılıb. Uzaq yol gələnlərə bəzi hallarda yemək təklif edilir. Qalan hallarda yas mərasimləri sadəcə çay süfrəsi ilə yekunlaşdırılır. Ölkənin bəzi bölgələrində hüzr məclisləri uzağı üç gün keçirilir. Ölü yiyəsi, camaat daha işdən-gücdən olmur, qonaq-qara qəbul edib yola salmaqdan yorulmur.
Qeyd edək ki, artıq hüzr mərasimlərinə salınan pulun da miqdarında xeyli azalma müşahidə olunur. Qərb bölgəsində kişilər "2”, qadınlar isə "1” manat salır.
Müşahidələrdən də göründüyü kimi artıq Azərbaycan xalqının təmtəraqlı yas mərasimlərindən canı qurtardı. Toy mərasimlərinin də sadələşdirilməsi ətrafında müəyyən addımlar atılır. Bütün bunlar sevindirici və təqdirəlayiqdir. Tövsiyələrin effekt verməsi və bu istiqamətdə real addımların atılması artıq problemin həllinə işarədir. Amma belə olan halda bir məsələ açıq qalır. Xeyir-şər evlərini, "palatka” çadırlarını kirayə verən sahibkarların taleyi...
Aydındır ki, Azərbaycanda yas mərasimləri kənd yerlərində əsasən yas yiyəsinin evində təşkil olunur. Amma şəhər məkanında bu mümkün olmadığından yas mərasimləri üçün həm çadırlardan, həm də mərasim evlərindən istifadə olunur. Bu biznes sahələri isə ayrı-ayrı şəxslərə məxsusdur. Mərasim evlərinə nəzarəti əsasən QMİ həyata keçirir. Yas çadırlarının təşkili isə kiçik sahibkarlara məxsusdur. Bu sahə ilə məşğul olan sahibkarlar isə istəmir ki, hüzr yerlərindəki ifratçılıq birdəfəlik yığışdırılsın. Çünki bu qərar onların "xeyir - şər evi” , "çadır bazar”ı biznesinə son qoyur. Əslində onların narahatlığı da başadüşüləndir, çünki sahibkarlar bu işdən böyük gəlirlər əldə edirdilər.
İqtisadçı-ekspert Azər Mehdiyev isə hesab edir ki, sadə vətəndaşların artıq xərclərinin azaldılması hesabına əlavə qazanclarını itirən sahibkarların durumu cəmiyyəti narahat etməməlidir: "Xeyir-şər mərasimləri tamamilə ləğv olunmayıb. Sözügedən tövsiyələrin əsas mahiyyəti insanların xeyir-şər, xüsusən də yas mərasimlərində cürbəcür yeməklərdən, təmtəraqlı süfrələrdən imtina etməsidir. Heç kəsə yas zamanı çadır qurmaq, çay süfrəsi açmaq, halva vermək qadağan olunmayıb. Bu mənada hökumətin hüzr mərasimlərində ehsanın israfçılıqdan uzaq olması barədə verilən tövsiyə və təklifləri "çadır bazar”ı biznesi ilə məşğul olan sahibkalar üçün elə bir problem yaratmır. Yemək verməmək şərti ilə yas yiyələri yenə də "palatka” qura bilər. Əslində, yas mərasimlərinin məcburi və ya təbliğat vasitəsilə ləğv olunması məsələsi qaldırılarkən vacib deyil ki, kimlərinsə itkiləri nəzərə alınsın. Cəmiyyətin mənafeyinə uyğun gələn qərarların qəbulu zamanı kimlərinsə ziyana düşməsi mümkündür və bu belə də qəbul olunmalıdır. İndiki halda tövsiyələrin məcburi qaydada yerinə yetirilməsi ilə bağlı hər hansı bir etiraz olsa da, bu addımın təbliğat vasitəsilə müəyyən olunması müsbət haldır. Sözügedən tövsiyələr insanları artıq xərclərdən, israfçılıqdan azad edəcək. Bu qərarla itirən isə yas yiyələrinin artıq xərcləri hesabına qazananlar olacaq. Bu zaman isə belə bir sual ortaya çıxır. Sadə vətəndaşların artıq xərcləri hesabına qazananların itirməsindən biz narahat olmalıyıqmı? Məncə, yox...”
Şəymən