“Bu, ya qudurğanlıq, ya da cahillikdir”

Sabir Rüstəmxanlı: “Hətta məzarlara xidmət göstərməsi üçün xüsusi qulluqçular da tutulur”



Azərbaycan daxilində və regionda ictimaiyyət tərəfindən müzakirə obyektinə çevrilən ciddi və maraqlı məsələlər var. Ölkə daxilində gündəmin mövzusuna çevrilən ən əsas məsələ yas və toy mərasimlərindəki israfçılıqla bağlıdır. Neçə gündür ki, ictimai xadimlər bununla bağlı fikirlərini bölüşür, mülahizələrini irəli sürür, problemdən çıxış yolu axtarırlar. Bu istiqamətdə inzibati qaydaların tətbiq edilməsini dəstəkləyənlərlə yanaşı, hər hansı qanuna ehtiyac duymayan və sistemli maarifləndirmə variantını seçənlər də var. Hər iki tərəfin isə məqsədi eynidir: - Cəmiyyəti son illər formalaşmış və sanki bir ənənəyə çevrilmiş yas və toy biabırçılığından qurtarmaq...

Bütün bu məsələlərin fonunda "Şərq”in suallarını cavablandıran millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı özünəməxsus dəyərləndirməsi ilə mövzulara yanaşaraq, maraqlı açıqlamalar verib.
- Sizcə, cəmiyyətimiz yüzillər boyunca formalaşmış və artıq milli adət-ənənəyə çevrilmiş zəngin ehsan süfrələrindən imtina edə biləcəkmi?
- Azərbaycanda heç vaxt, xüsusilə də yüzilliklər boyu zəngin ehsan süfrələri açmaq adəti olmayıb. Son dövrlərə qədər hər kəs öz imkanı çərçivəsində normal məclis quraraq, ata-anasının, rəhmətə getmiş yaxınının yasını sadə üsulla yola verib. Amma indiki yas süfrələrini ehsan adlandırmaq düzgün deyil. Hazırkı yas süfrələri insanların öz maddi gücünü nümayiş etdirməsidir. Bu da ehsan yox, qudurğanlıqdır. Qudurğanlıqla adət-ənəni eyniləşdirmək olmaz.
- Bəzi adamlar deyir ki, yasla toy bir-birindən fərqlənir. Şadlıq məclislərindən fərqli olaraq yas mərasimlərinə qanuni müdaxilə, inzibati qaydaların tətbiq olunması yolverilməzdir. Buna münasibətiniz necədir?
- Bilirsiz, yas və toy eyni anlamda bir millətin sifətini göstərir. Əgər hüzr sahibi hansısa vəzifədədirsə, qurduğu 200 metr uzunluğundakı yas çadırı başdan-ayağa dolacaq, çox adama yer qalmayacaq. Amma sabah həmin adam tutduğu yüksək postdan düşəndə qurduğu 30 metrlik yas çadırı bom-boş olacaq. Bu yanaşma millətin əxlaqını göstərən amildir. Təəssüflər olsun ki, bu xəstəlik artıq camaatımızın qanına işləyib. Yas və toylardakı yemək-içmək süfrəsi də eynilə bu təfəkkürün məhsuludur. Bunun milli-mənəvi dəyərlərlə, islamla, mənəviyyatla, yaxud da mərhuma qoyulan hörmətlə heç bir əlaqəsi yoxdur. Elə imkanlı adamlar var ki, illərlə rayonda yaşayan ata-anasına baş çəkməyib, onlarla hal-əhval tutmayıb, dərdləri ilə maraqlanmayıb. Amma valideynləri öləndən sonra insanların gözü önündə elə dəbdəbəli yas mərasimi qurub ki, guya o, ömrü boyu ata-anası üçün yanıb-tutuşub, əziyyət çəkib, indi də "sevgisinə” uyğun olaraq yas verir. Bu təfəkkürdə olan adamlar var, sağ ikən köhnə daxmada yaşatdığı valideyninə öldükdən sonra bahalı ağ və ya qara mərmər daşlarla məzarüstü abidələr düzəltdirir. Bəzən bu qəbirüstü abidələrin, təmtəraqlı heykəllərin ümumi dəyəri 80-100 min manatla ölçülür. Hətta məzarlara xidmət göstərməsi üçün xüsusi qulluqçular da tutulur. Qulluqçunu ata-ananın sağlığında tutmaq lazımdır, öldükdən sonra xidmət onların nəyinə lazımdır? Xidmət ölü üçün yox, canlı adam üçün lazımdır ki, sağ ikən daha rahat yaşasın. Normal əxlaq və məntiq bunu tələb edir. Yoxsa, ölünü "hörmətli” etməyin heç kimə xeyri yoxdur. İslam bunu qəbul etmir. Bu, haramdır.
- Ehsan süfrələrindən başlayan bu təbliğat kampaniyası dəbdəbəli məzar daşlarına qədər gedib çıxacaqmı?
- Fikrimcə, çıxmalıdır. Bilirsiz, bizim cəmiyyətdə qəribə xüsusiyyət var. Evlərimizi 4-5 metr hündürlüyündə daş hasarlarla əhatəyə alırıq. Axı niyə? O hasarların içində nə baş verir? Camaatdan nəyi gizlədirik? Dünyanın hər yerinə getmişik. Bütün evlər alçaq çəpərlərlə, gül-çiçəklə hasarlanır. Deyək ki, evlərin hasarlanmasını birtəhər başa düşdük və yola verdik. Ola bilsin, Abşeronun tozundan qorunmaq üçün hündür hasarlar zəruridir. Bəs, məzarüstü sərdabələrə nə ehtiyac var? İslam qanunlarında belə şərt yoxdur axı. Xristian və yəhudi qəbiristanlıqlarında da belə mənzərəyə rast gəlmirsən. Ümumiyyətlə, sivil dünyanın heç bir ölkəsində bizim məzar abidələrinə bənzər tikililər görmək mümkün deyil. Ancaq bizdə qəbirlərin arasından belə yol tapıb keçmək olmur. Çünki məzar ətrafı o qədər genişləndirilir ki, ara yollar itib-batır. Kimin nə qədər imkanı çatırsa, o qədər məzarətrafı ərazini alır və daş hörgü ilə çəpərləyir. Bir halda ki, meyiti basdırmağa iki metr yer kifayət edir, ölü üçün əlavə torpaq nəyə lazımdır. Apar basdır, üstünə də bir sadə daş qoy, adını, soyadını, ölüm tarixini yaz, vəssalam. Amma bu mümkün deyil, çünki hasar və mərmər ehtirası millətin xəstəliyinə çevrilib. Ondan qurtula bilmir. Əlbəttə, sərdabələr nə ölülərimizə, nə də dirilərimizə hörmət, başucalığı gətirir. Bu, ya qudurğanlıq, ya da cahillikdir.
- Göz önündə olan tanınmış adamların yas və toy mərasimlərində ilkin olaraq nümunəvi addım atması cəmiyyətin maariflənməsi baxımından müsbət nəticə verəcəkmi?
- Düşünürəm ki, verə bilər. Hətta artıq verməyə başlayıb. Bir çox yerlərdə ehsan süfrələri normallaşıb. Naxçıvanda neçə illərdir, bu proses gedir. Orada yas mərasimlərində 3 və 7 birləşdirilib, cümə axşamları isə ləğv olunub. Uzaqdan-yaxından gələnlər üçün bir gün ehsan süfrəsi, yəni yüngülvari yemək-içmək verilə bilər. Amma bu zaman israfçılığa yol verilməməlidir. Yavaş-yavaş Azərbaycanın hər yerində maarifləndirici təbliğat işləri və tanınmışların örnək nümunələri öz müsbət təsirini göstərir. Demək olar ki, yaslar xeyli sadələşdirilib. İnanmıram ki, insanlar bundan belə prosesi pozmağa həvəs göstərsinlər. Çünki minimum ehsan süfrəsi maddi baxımdan hər kəs üçün əlverişlidir. Zənn edirəm, az müddətdə toylara da bunun təsiri olacaq.
- Təmtəraqlı toy məclisləri də tənqidlərə səbəb olur. Toy süfrələrindəki israfçılıqda şadlıq saraylarının nə dərəcədə rolu var?
- Toyxanalar qudurğanlıqdır. Elə şadlıq sarayı var ki, bir adamın, yəni bir masanın qiyməti sadə vətəndaşın aylıq əməkhaqqından yüksəkdir. Təsəvvür edin ki, ay ərzində 5-6 toy olur. Buna kim dözər? Hesab edirəm ki, yas və toy mərasimləri mütləq nizama salınmalıdır. İctimaiyyət bu barədə hələ təzə-təzə danışmağa başlayıb. Amma mən 15 ildən çoxdur ki, bu məsələni gündəmə gətirirəm. Hətta bir dəfə təklif etdim ki, Bakıdakı şadlıq evlərini məhdudlaşdırıb, köhnə Bakı toylarına, yəni "palatka” toylarına qayıtmaq lazımdır. Əslində çadır məsələsini bir az ironiya ilə dilə gətirmişdim, ancaq indiki bərbad vəziyyəti nəzərə alanda, elə ən yaxşı variant elə çadır toylarıdır. Keçmişdə adamlar toya gedəndə qurulan birinci çadırda oturub, bir kasa bozbaşını yeyir, sonra digər çadıra keçib oynayır, təbrikini edir, pulunu salır, çıxıb gedirdi. Bu iş üçün də ona bir saat, uzağı saat yarım vaxt lazım olurdu. İndi isə axşam saat 6-dan gecə saat 12-yə kimi toyda oturmalısan. Stolun da üstündə dünyada nə qədər naz-nemət varsa, hamısından olmalıdır. Əlbəttə, bu qədər yemək-içməyi tükətmək olmaz. Ona görə də növbəti toyda yenidən stolun üstünə düzülür. Yəni toyxanalar köhnə yemək-içməyi biri-birinə ötürürlər. Hazırda vəziyyət elədir ki, toy mafiyası məclislərin sadələşməsinə imkan vermir. Təbii ki, gördüklərimiz adət-ənənə deyil, millətə sayğısızlıqdır. Bir qrup adamın camaatı soymasıdır. Bilirsiz, kimsə illər uzunu toylara gedir, pul yazdırır. Sonra da öz övladına toy edir ki, borc olaraq verdiyi pullar geri qayıtsın. O da bu vəsaitlə övladına ev, maşın, mebel və s. ehtiyac duyulan əşyaları alsın. Amma indi toy yiyələri şadlıq evlərinə borclu qalıb, saraydan çıxırlar. Belə də biabırçılıq olar? Əgər belə bir adət formalaşıbsa, bu ənənə çürüməlidir. Hansı adət millətin rahat həyatına əngəl törədirsə, ondan mütləq vaz keçilməlidir. Adətlər insanlara problem gətirmək üçün yox, əksinə, camaatın yaşayışını yüngülləşdirmək üçündür. Bakı dünyanın ən varlı şəhərlərindən biridir deyə, yasımızı, toyumuzu da bahalı səviyyəyə qaldırmalı deyilik ki? Axı millətin böyük əksəriyyəti gündəlik həyatını birtəhər başa vurur.
- Şadlıq saraylarına və insanlara təklif olunan bahalı toy menyularına inzibati qaydalar tətbiq olunmalıdırmı?
- Toyxanaların başında duran adamlar hamıya bəllidir. Əgər onlara ciddi eyham vurulsa ki, bu məsələləri yığışdırın, inanın, sabahı günü problem tamamilə ortadan qalxmış olacaq. Bunun üçün xüsusi qanuna ehtiyac yoxdur. Yox, əgər inzibatçılığa lüzum olarsa, müvafiq qanun qəbul edilə bilər. Yəni hər hansı sərəncam verilə, Nazirlər Kabineti tərəfindən sənəd imzalana bilər.

İsmayıl