Qadın sürücülər....

3 protokoldan 1-i qadın sürücülərlə bağlıdır. Qadın sürücülərin ən çox pozduğu qaydalar sükan arxasında mobil telefonla danışmalarıdır



Sükan arxasında qadın daha heç kimi təəccübləndirmir. "Qadın və sükan” tandeminə mental ziddiyyət prizmasından da baxılmır artıq. Azərbaycan cəmiyyəti, özünün bəzi dəyişməz ehkamlarına, daşlaşmış stereotiplərinə rəğmən "qadın və sükan” vəhdətini birmənalı qəbul edib. Görünür, həm cəmiyyətin müsbət reaksiyası, həmçinin kişilərin də qadın sürücüləri öz sıralarından dışlamaq kimi bir həvəs və istəyinin olmamasındandır ki, avtomobil idarə edən xanımların sayı gündən-günə artır.

Bu günlərdə Azərbaycanda qadın sürücülərin sayı açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, 2014-cü ilin sentyabr ayına qədər ölkə ərazisində 2 milyon nəfər sürücülük vəsiqəsi alıb ki, bunlardan da 40 mini qadın sürücüdür. Sürücülük vəsiqəsi alan qadınların 35 min nəfəri nəqliyyat vasitəsi idarə edir, 5 min nəfər isə hələlik yalnız sürücülük vəsiqəsinə malikdir. Sürücülük vəsiqəsi alan qadınların 80 faizi Bakıda, 8.5 faizi Sumqayıtda, 1 faizi- Gəncədə, qalanları isə digər rayonlarda qeydiyyatdadır.
Bəs qadın sürücülər kişi sürücülərlə (və ya əksinə də deyə bilərik) "yola gedirlərmi?”
Bayaq kişi sürücülərin qadın sürücüləri sıralarından dışlamadağını dedik. Bu, doğru. Çünki mümkünsüzdür. Qadınların avtomobil idarə etməsini həyatın özü diktə edir. Bu axına qarşı getmək absurddur. Bu mənada kişi sürücülərin sükanı qadınlara könüllü verməsini düşünmək olmaz. Necə deyərlər, maşın əldən getdi! Ortada qalan sadəcə, rəqabət davasıdır. Kim daha yaxşı maşın idarə edir, kişilər, yoxsa qadınlar. Tərəfləri sorğuya çəkəndə, hər kəs özünü tərifləyir. Kişi sürücülər qadınların əlindən az qala "zəncir çeynəyir”lər.
Qarşılarında yavaş hərəkət edən bir maşın varsa, "100 faiz sürücüsü arvaddır!” deyə əsəbiləşir, qarşıdakı maşını ötüb yana boylananda da, "dedim də, belə sürən ancaq arvad olar” deyə ikrahla dillənirlər. "Arvaddan da maşın sürən olar?!”, "Arvadlar qorxaqdı” kimi sözləri az eşitməmişik. Bəs "arvad” yox, qadınlar nə deyir? Qadınlar da təbii ki, yol yoldaşlarının sürücülük məharətini bəyənmir. Həmən dəqiqə də yol-nəqliyyat qəzalarının statistikasını nümunə gətirirlər; "Kişi sürücülərin törətdiyi qəzaların sayı qadın sürücülərin törətdiyi qəzalardan qat-qat çoxdur. Biz avtomobili daha səliqəli idarə edirik”.
Həqiqətən də, qəzaların böyük faizi kişi sürücülərin "boynunda”dırmı?
DİN-in Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev KİV-ə müsahibəsində demək olar, qadınların fikrini təsdiqləyib:
- Sürücünün qadın və yaxud kişi olmasının heç bir fərqi yoxdur. Qaydanı pozanda istər qadın, istərsə də kişi olsun, cəza ehtimalı var. Amma qəza törədən sürücü kişilərin sayı daha çoxdur. Çünki Azərbaycanda milyon yarımdan çox kişi sürücü var. Qadınların sayı isə 40-45 min arasında dəyişir. Amma sürücüləri bölməyin əleyhinəyəm. Çünki qanun qarşısında hamı eyni məsuliyyəti daşıyır. Ancaq kişilər qadınlara nisbətən daha cəld və qıvraq olduqlarına görə qeyd edim ki, qadınlar avtomobili kişilər kimi yüksək sürətlə idarə etmirlər. Son bir neçə ildə sürücü qadınlar tərəfindən ağır yol-nəqliyyat hadisələri qeydə alınmayıb.
Kamran Əliyev sürücülük hüququ olmayan qadınlara rast gəlindiyini də deyib və bildirib ki, sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə kifayət qədər qadın məsuliyyətə cəlb edilib.
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova sükan arxasında əyləşən tanınmış xanımlardandır. Mehriban xanım da qadın sürücüləri daha səliqəli və məsuliyyətli hesab edir:
- Düzdür, qadın sürücülər arasında da hoqqabazlıq edənlər, avtomobili özünü nümayiş etdirmək, başqalarından üstünlüyünü göstərmək üçün istifadə edənlər, maşını dəlisov idarə edənlər də var. Amma ümumən, qadınlar səliqəli, yol qaydalarına riayət edən yaxşı sürücülərdir. Əksər qadınlar üçün avtomobil sadəcə, hərəkət vasitəsidir. Hamımız bilirik ki, şəhərdə necə tıxaclar olur, ictimai nəqliyyatda qadınlara qarşı bəzən nalayiq hərəkətlər edilir. Avtobuslardakı basabaslarda qadınlara hörmət qoyulmur. Buna görə, qadının şəxsi avtomobilinin olması daha uyğundur və daha təhlükəsizdir.
M.Zeynalova kişi sürücülərin rəftarından narazıdır:
- Kişi sürücülər etik normalara əhəmiyyət vermir. Qadın sürücülərə qarşı davranışları çox pisdir. Əllərini yelləyirlər, qışqırırlar, artıq-əskik sözlər deyirlər, qadın sürücüləri aşağılamağa çalışırlar. Mən bunları qadınlara psixoloji təzyiq vasitəsi hesab edirəm. Hayıf ki, bu cür əməllərə görə cəza yoxdur. Çox istərdim ki, belə kişi sürücülərə cəza tətbiq edilsin. Heç kəsin ixtiyarı yoxdur ki, aşağı sürətlə hərəkət etdiyinə görə, sürücünü təhqir etsin. Kişi sürücülərsə az qalırlar, qadınları ayaqlayıb keçsinlər. Yaxşı olardı ki, bu cür hərəkətlərlə bağlı cəza forması müəyyənləşsin.
Avtomobilinin "Toyota RAF 4” olduğunu deyən M.Zeynalova bu maşını bölgələrə tez-tez səfər etdiyi üçün seçdiyini dedi:
- Kiçik həcmli minik avtomobili bəzən bizə yetmir. Birlik üzvləri ilə tez-tez bölgələrə seminarlara, treninqlərə gedirik. Ona görə "Toyota”nı seçmişəm. Rahat maşındı. Özü də kreditlə almışam. 6 ay yanımda adamla gəzdim. Avtomobili tam mənimsəməyənədək sərbəst yola çıxmadım. Çalışıram asta sürüm. Artıq sürət kiminsə həyatı ilə oynamaqdı. Sürət aşmasına görə heç vaxt cərimə olunmamışam. Amma maşınımı aparıblar, parklamanı düzgün etmədiyimə görə.
Teleaparıcı, jurnalist İlhamiyyə Rzayeva da qadın sürücüləri daha səliqəli idarə edən sayır. Şəxsi avtomobili olmasa da, İlhamiyyə xanım qadın sürücülərin psixologiyası ilə tanışdır:
- Rəfiqələrimin əksəriyyətinin şəxsi avtomobili var. Elə rəfiqəm var, onun maşınına minməkdən ehtiyatlanıram. Eləsi də var, çox yaxşı sürür. Bilirsiz, qadınlar kişilərə nisbətən daha tolerantdır. Qadın sürücüləri qəbul etməyən kişi sürücülərdir. Ümumiyyətlə, kişilər, hansı sahədə olursa-olsun, qadınların onların sferasına müdaxilə etmələrini sevmirlər, bununla barışmaq istəmirlər. Amma mən məsələn, həmişə düşünürəm ki, niyə gül mağazalarında hər zaman kişilər işləyir? Gül mağazalarında niyə də qadınlar işləməməlidir? Necə olur, kişilər gül satmağı özlərinə rəva bilirlər, amma qadınların maşın sürməyini qəbul etmirlər? Ötən əsrlə müqayisədə qadınların avtomobil idarə etməsinə münasibət köklü surətdə dəyişib. Ötən əsrdə deyək ki, 5-10 cəsarətli qadın avtomobil sürürdüsə, indi görürsünüz ki, DYP 45 min qadın sürücünün olduğunu deyir. Deməli, münasibət dəyişib, bu da tamamilə normaldır. Belə də olmalı idi. Sadəcə, kişi sürücülər qadın sürücüləri sevmir, onlara qısqanclıqla yanaşırlar. Sanki qadın sürücü kişinin maşın sürmək sənətini əlindən alacaq. Halbuki qadınların əksəriyyəti avtomobili ehtiyaclarını ödəmək üçün mənimsəyir. Məsələn, mənim avtomobilim yoxdur. Buna görə də övladımı istədiyim məktəbə apara bilmirəm, dərnəyə yazdıra bilmirəm, məcburən evimizə yaxın ərazidə nə varsa, onunla kifayətlənirəm. Amma maşınım olsa, uşağı istədiyim yerə apararam, müxtəlif dərnəklərə yazdıraram. Şəhərin hazırkı tıxacları ilə istədiyin kimi hərəkət etmək çox çətindir. Şəxsi avtomobili olmaq bu mənada böyük üstünlükdür. Həm də qadın sürücülər qaydaları daha az pozur. Ehtiyatlı davranırlar. Düz də edirlər, çünki bizim yollarımızda maşın sürmək böyük riskdir. Gərək cəld reaksiya vermək bacarığın olsun.
Bəs nə əcəb jurnalist xanım şəxsi avtomobil sahibi deyil?
İlhamiyyə xanım bunun başlıca səbəbinin maliyyə ilə bağlı olduğunu dedi:
- Bunun üçün maddi imkan olmalıdır. Lap kreditə də avtomobil alsan, gərək onun faizini ödəyəsən. Düzünü deyim ki, məndə bir az qorxaqlıq da var. Avtomobil idarə etməyə ürək eləmirəm.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov "Şərq”ə açıqlamasında sürücüləri kateqoriyaya bölməyin əleyhinə olduğunu bildirdi:
- Qanun hamı üçündür. Yol hərəkəti qaydalarını pozan istər kişi sürücü olsun, istərsə də qadın sürücü, hər ikisi də qanunun tələbləri ilə məsuliyyətə cəlb edilir. Amma görünür, bu da bizim mental xüsusiyyətimizdən irəli gəlir ki, sürücüləri kateqoriyaya bölürük. Mən yol polisləri tərəfindən tərtib edilmiş protokollara əsasən danışıram. İnzibati xəta törədənlər arasında qadınlar da var, kişilər də. 3 protokoldan 1-i qadın sürücülərlə bağlıdır. Qadın sürücülərin ən çox pozduğu qaydalar sükan arxasında mobil telefonla danışmalarıdır. Amma məsələn, təhlükəsizlik kəmərlərindən qadın sürücülərin əksəriyyəti istifadə edir. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələri arasında da qadın sürücülərin adı keçir. İçkili vəziyyətdə avtomobili idarə etmədə də. Bizim üçün xanımın içkili vəziyyətdə maşın idarə etməsi heyrətlidir. Əvvəllər, qadın nəydi, içki nəydi?! İndi bəzi məsələlərdə o qədər irəli getmişik ki, baxırsan, qadındı, bir də görürsən, bayy... "maşallah”, spirtin qoxusu adamı vurur. Çox vaxt da qadın sürücülər xanımlıqlarından sui-istifadə edirlər. Qanunun tələblərinə əməl etməkdən yayınırlar. Avtomobili saxlayırsan, görürsən ki, içkilidi, deyirsən, ay xanım, zəhmət olmasa, şərait yaradın, tibbi müayinədən keçirək. Başlayır, qışqır-bağıra. İndi bu xanıma qarşı nə edəsən? Sambo hərəkəti göstərəsən?!. Fəaliyyətimizdə belə çətinliklərlə üzləşirik.
Qadın sürücülərin kişi sürücülərdən daha yaxşı avtomobil idarə etmələri iddialarına gəlincə, V.Əsədov bunun yanlış olduğunu dedi:
- Mən 40 ilin sürücüsüyəm, 25 ildir yol polisində çalışıram, heç mən özümə peşəkar sürücü deyə bilmərəm. Avtomobili idarə etmək peşədir, sürücülük özü bir sənətdir. Bu, sizin üçün dırnağa pedikür vurmaq deyil. Qaldı çevikliyə, cəldliyə, bu, fərdi xüsusiyyətdir, kişi də ola bilər, qadın da.

Məlahət Rzayeva