Dərslər başladı, yollar iflic oldu

Birincilərin valideynləri isə lap ağ elədilər



Dünən sentyabr ayının 15-i "Bilik günü”, yeni dərs ilinin başladığı gün idi. Bütün tələbələrin və müəllimlərin üzlərində təbəssüm, gözlərində sevinc göz yaşları görünürdü. Bu hisslər xüsusilə də, birinci sinfə yeni ayaq basan şagirdlər, ali məktəbə yeni daxil olmuş 1-ci kurs tələbələri və onların valideynləri, yaxınlarının üzlərində açıq-aydın görünürdü.

Məktəbin, universitetin həyətində görüşən şagirdlər hamısı biri-birini təbrik edir və səbirsizliklə dərs otaqlarına keçəcəkləri anı gözləyirdilər. Axı bu onların çoxdan bəri istədikləri an idi. Gəlib çatmışdı! İndi məktəbin yuxarı sinif şagirdləri çoxdan bəri eşitmədikləri zəng səsini eşidəcəklər. Birinci siniflər isə bəlkə də həyatlarında eşitmədikləri, onlar üçün tamamilə yad olan bir səsi eşidəcəklər. Bu, ilk zəngdir. Hamı bu duyğuları dadıb və hər kəs çox yaxşı bilir ki, İlk zəngin səsi heç vaxt qulaqlarımızdan getmir. Həyatımızda çox şeyləri görüb, çox şeyləri eşitsək də, İlk zəngin səsi yaddaşlarımızdan silinmir. Çünki Son zəng kimi ilk zəngin də özünəməxsus gözəlliyi və şirin xatirələri var. Bəs görəsən, ildən-ilə çiçəklənən, günü-gündən gözəlləşən Bakımız builki "Bilik günü”nü necə qarşıladı?
Hər kəs yaxşı bilir ki, 15 sentyabrı şagirdlər və tələbələr kimi bütün şəhər sakinləri bayram kimi qarşılamır. Məktəblərdə bayram ab-havası duyulsa da, şəhər küçələrində həyat tamamilə başqa cür axır. Bu sevinci hamı tələbələrlə birlikdə yaşamır. Buna səbəb isə yeni dərs ilinin ilk gününün gələr-gəlməz paytaxtın küçələrini iflic etməsidir. Həmişə olduğu kimi, bu il də yeni dərs ili tıxaclarla yaddaşlara öz möhürünü vurdu. Onsuz da ki, belə olacağı əvvəlcədən hər kəsə məlum idi. Şəhərin mərkəzi küçələrində gedən təmir işləri ilə əlaqədar dərslər başlayandan sonra şəhərdə yaranacaq vəziyyət hər kəsə bəlli idi. Adam və avtomobil əlindən hərəkət etmək çox çətinləşmişdi. Maraqlısı da odur ki, bütün bu tıxaclara səbəb elə insanların özləridir. Çünki elə ailələr var ki, bir uşağın arxasınca məktəbə altı nəfər gedir. Bu da metroda və ya avtobusda altı tələbənin yeri deməkdir. Axı bütün bunlara nə ehtiyac var? Nə var, nə var ki, uşağım birinci sinfə gedir. Bu cür ailələrdə yaxınlar bəs deyilmiş kimi, özləri ilə bir nəfər şəkilçəkən, bir nəfər də videoçəkən aparır. Axı bizim bu cür adət-ənənələrimiz yoxdur. Həm də ki, bunun onsuz da dar və sıx olan paytaxtımızda qarışıqlıq yaratmaqdan başqa bir əhəmiyyəti də yoxdur.

139 min uşaq ilk dəfə məktəbə gedib

Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, "Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda keçirilib. Nazirlikdən verilən məlumata görə, sentyabrın 15-dən başlayan 2014-2015-ci dərs ili bir çox yeniliklərlə yadda qalacaq. Çünki bu il ilk dəfə ali təhsil müəssisələrində SABAH qrupları fəaliyyətə başlayacaq. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək. Bundan sonra yeni dərs ilində gənc müəllimlər ilk dəfə "müəllim andı” içəcəklər. Qeyd edək ki, Təhsil Nazirliyinin məlumatına görə, bu gün Azərbaycanda 139 mindən çox uşaq birinci sinfə gedib.
Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.

Yollar bağlandı

Əvvəlcədən də məlum olduğu kimi ilk dərs gününün başlaması ilə əlaqədar bəzi yollar bağlanıb. Paytaxt istiqamətində bir sıra yollarda hərəkət dayanıb. Hərəkətin daha sıx olduğu yollarda Dövlət Yol Polisi əməkdaşlarının hərəkəti tənzimləməyə çalışmasına baxmayaraq Yasamal rayonu, "20 Yanvar” metrostansiyasının yaxınlığı, Bakı-Sumqayıt şossesi, Babək prospektində avtomobillərin hərəkəti tamamilə iflic olub. "Bilik günü” ilə əlaqədar olaraq metro stansiyalarında da xeyli sıxlıq yaranıb. Ali və orta məktəblərin yaxınlığında olan metro stansiyalarında sərnişinlərin sıxlığı daha çox müşahidə olunub. Sıxlıq xüsusi ilə "Gənclik”, "Elmlər Akademiyası” və "20 Yanvar” metrolarında yaranıb.

Bir uşağı məktəbə bir neçə maşınla gətirir

Bakı Şəhər Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Vaqif Əsədovun "Şərq”ə açıqlamasına görə, ilk dərs günü ilə əlaqədar yollardakı tıxacların aradan qaldırılması üçün Bakı Dövlət Yol Polisinin bütün heyəti hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin olunması üçün cəlb olunublar.
O bildirib ki, dərs ilinin ilk günü olduğundan yollarda tıxaclar yaranıb:
"Yol zolaqları üzrə maşın cərgələnməsinin çox olması ehtimallarının olduğunu bildirmişdik. Ehtimallar doğru çıxdı. Həqiqətən də bu gün 8:00-dan paytaxtın mərkəzinə doğru yol zolaqları üzrə avtomobillərin sıx cərgələnməsinin şahidi olduq. Buna baxmayaraq hər bir polis əməkdaşı təhlükəsizliyin təmin olunması və yol hərəkətində təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində tədbirləri davam etdirir”.
20 Yanvar prospektindən, Babək prospektindən şəhərə doğru, Tbilisi prospektindən və digər küçələrdən şəhərə doğru avtomobillərin hərəkətində sıxlıq yarandığını təsdiqləyən DYP rəsmisi ən çox sıxlıq yaşanan ərazilərin adlarını da açıqlayıb:
"Mikayıl Müşviq kəsişməsindən Hüseyn Cavidlə Bakıxanov küçəsi istiqamətində daha çox sıxlıq yaşanıb. Daha çox təhsil müəssisələri və onlara bitişik küçə və yollarda ən çox avtomobil sıxlığı müşahidə olunub. Hesab edirəm ki, şagirdlərin məktəblərə çatdırılması ilə bağlıdır. Məktəblərin ətrafında maşınların dayanmasına icazə verilmir və nəzarət gücləndirilib. Lakin bu faktı da qeyd etmək lazımdır ki, biz qabaqcadan xəbərdarlıq etmişdik və müraciət etmişdik ki, şagirdlərin məktəblərə gətirilməsində diqqətli olsunlar. Maşını olanlar maşınsız valideynləri də nəzərə alsınlar”.
Təhsil naziri Mikayıl Cabbarov "Bilik günü” münasibətilə müəllim, şagird, tələbə heyətini təbrik edib. Bu gün hamının həyatında xatırlaya biləcəyi, arzu, həyəcan və xəyalları ilə gələcəyə baxdığı "Bilik günü” olduğunu vurğulayan nazir bildirib ki, məktəb elə bir məkandır ki, buradakı psixoloji ab-hava övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə, əqidə və vətəndaşlıq hissinə bilavasitə təsir edir. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq.

"Sağlam təhsil sinfi” narazılıq doğurub

Dərs ilinin ilk günündə bəzi şagirdlərin valideynləri narazı qalıblar.
Valideynlər uşaqlarının dərs vaxtı ayaq üstə qalmasından gileyləniblər.
83 saylı tam orta məktəbin rus bölməsində uşaqların yarısının ayaq üstə dərsdə iştirak etdiyini deyən valideynlər bunun şagirdlərin yorulmasına səbəb olduğunu deyiblər. Onlar bildiriblər ki, bu vəziyyət dərs prosesinə də mənfi təsir edir.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, 83 saylı tam orta məktəb "Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində pilot məktəbdir: "Bu məktəbdə 2 "Sağlam təhsil sinfi” fəaliyyət göstərir. Burada bir əyləşmək üçün, bir də ayaqüstə dayanmaq üçün partalar var”. Nazirlik rəsmisi bu layihənin Azərbaycan təhsilində yenilik olduğunu bildirib.

İlk dərs günü məktəbdə faciə yaşanıb

Ceyranbatan 1 saylı orta məktəbində ölümlə nəticələnən hadisə baş verib. Məktəbin damını təmir edən fəhlə 3-cü mərtəbədən yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib. İlkin məlumatlara görə, hadisə təhlükəsizlik qaydalarına əməl edilmədiyi üçün baş verib.
Şəymən