Ermənistanda etiraz dalğası...

Ekspertlər hadisələrdən böyük dönüş gözləmirlər



Ermənistanın paytaxtı İrəvanda yenidən ara qarışıb. Dövlət başçısı Serj Sarkisyanın "Gömrük İttifaqına” üzvlüyü əleyhinə baş qaldıran etiraz dalğası, ölkənin bütün şəhərlərinə nüfuz edib. Xaosa bürünən düşmən ölkədə Avropaya inteqrasiyanı dəstəkləyən müxalif liderlər və ətraflarındakı gənclər Sarkisyanı Putinin qoltuqaltına çevrilməkdə ittiham edirlər.

Etirazçılar bildirirlər ki, rəsmi İrəvanın Moskvaya meyl etməsi və Kreml üçün bir siyasi dəyənək rolunu oynaması ölkələrinin beynəlxalq imicinə ciddi zərbədir. Üstəgəl, bu hal Ermənistanı Rusiyanın vassalına çevirib. İndiki rejimin diplomatiyasını yarıtmaz siyasət adlandıran nümayişçilər Sarkisyanın hakimiyyətdən könüllü istefasını tələb edirlər. Aksiya iştirakçıları hətta Putinə qarşı da müəyyən şüarlar səsləndiriblər. Bir qrup ictimai fəal "Putin, əl çək Ermənistandan!” yazılmış plakatlarla və Ermənistanın Avrasiya İqtisadi Birliyinə qatılması əleyhinə şüarlarla, "Azad müstəqil Ermənistan!” səsləyərək prezident iqamətgahına doğru yürüş keçiriblər. Yürüşçülər onu da qeyd ediblər ki, Sarkisyan istefa verməyincə, dövlət binası qarşısından çəkilməyəcəklər və aksiyaların meydanı genişlənəcək. Bir sözlə, separatçı rejimin Avropa ilə assosiativ sazişdən imtina edərək, Putinin imperiya qoxan layihələrini dəstəkləməsi ölkədəki xaotik vəziyyəti daha da mürəkkəbləşdirib. Vəziyyətin ölkəni daxili savaş meydanına çevirəcəyi aydınca müşahidə olunur. Görəsən, belə bir durum Ermənistana nə vəd edir? Ölkədə qarışıqlıq yarana bilərmi? Daxili qarşıdurma Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar prosesinə nə kimi təsir göstərər?
İrəvan aksiyalarını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında söyləyib ki, Ermənistanda Rusiyaya qarşı yaşanan etirazların bu ölkənin gələcək siyasətinə heç bir təsiri olmayacaq: "İşğalçı ölkədə Rusiyanın təsir dairəsinə qarşı çıxan qüvvələrin həyata keçirdikləri aksiyalar özünün zəif olması ilə seçilir. Burada Moskva əleyhinə baş qaldıran nümayişlər Ukraynada olduğu kimi təsirli və irimiqyaslı olması ilə seçilə bilmir. Ermənistandakı bu tədbirlər Avropaya nümayiş etdirmək üçün təşkil olunub. Ona görə də bunun hansısa dönüşə səbəb olacağı barədə illüziyaya qatılmaq niyyətində deyiləm. Burada həmin aksiyalar fonunda hər hansı bir qarşıdurmadan da söhbət gedə bilməz. Çünki Rusiyaya qarşı olan qüvvələr bunu bacarmaq gücündə deyil. Qarşıdurmanın Ermənistan üçün ciddi problemlər yaradacağı qənaətində deyiləm. Zənnimcə, belə etirazlar tədricən sönərək aradan qalxacaq”.
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev düşünmür ki, Rusiyanın təsirinə qarşı çıxan qüvvələr Ermənistanda hər hansı bir müəyyən ajiotaj yarada bilsinlər: "Ermənistanın Rusiyanın təsiri altına düşməsinə etiraz edən qüvvələr o gücdə deyillər ki, ölkədə qarışıqlıq yarada bilsinlər. Həmin qüvvələrin belə bir imkanları yoxdur. Ermənistan Rusiyanın forpostu olaraq onun nəzarəti altındadır və başa düşür ki, başqa addımlar atmaqla tamamilə fərqli nəticələrlə üz-üzə qala bilər. Burada müəyyən siyasi qüvvələr Rusiyanın təsirinə qarşı iddialarla çıxış etsələr də, onların qarışıqlıq yaratmaq imkanları yoxdur”.
Hadisələrin Dağlıq Qarabağ münaqişəsinə təsirinə gəlincə, ekspert vurğulayıb ki, Ermənistanın arxalandığı xarici güc elə Rusiyadır: "Ermənistan məsələlərə Qərbin də dəstəklədiyi ona təklif olunan proqram üzrə yanaşsaydı, gərək Rusiyanın təsirindən çıxardı. Amma Ermənistan bundan yayınır və illər öncə tutduğu mövqedə qalmaqda davam edir”.
Ayyət Əhməd