İki qardaşı xalqı üz-üzə qoydular

Qərb bunu istədi, Putin buna getməli deyildi



Rusiya prezidenti Vladimir Putin Qərbin anlaşılmaz sanksiyalarından danışıb. Kreml rəhbəri bildirib ki, Qərb Rusiya-Ukrayna münasibətlərinin yaxınlaşmasını əngəlləyir. "Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh prosesi başlamışdı. Münaqişənin siyasi yolla həll prosesinin başladığı bir zamanda Qərbin sanksiyalar tətbiq etməsi qəribədir”.

Məlumat üçün bildirək ki, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar siyahısına "Rosneft”, "Transneft” və "Qazprom neft” daxil edilib. Bundan başqa, Rusiyanın ən böyük hərbi müəssisələri "Uralvaqonzavod”, "Oboronprom” və "Birləşmiş Aviainşaatçı Korporasiya”nın borclarının maliyyələşdirilməsi qadağan olunub.
Putinin açıqlamasını şərh edən politoloq Elçin Mirzəbəyli "Şərq”ə bildirib ki, hadisələr qərbin Ukraynanın daxili siyasətinə qarışması səbəbindən baş verib: "Uzun müddətdir ki, bu proses aparılırdı. Hazırda yaşananlar həmin işlərin məntiqi sonluğudur”.
Ekspertin sözlərinə görə, Qərb Ukraynanın ərazi bütövlüyünün təmin olunmasında maraqlı deyil: "Onun üçün maraq kəsb edən məsələ NATO ilə Rusiya arasında bufer zonası yaratmaqdır. Ukraynadan da bufer kimi istifadə edirlər. İndiki şəraitdə Ukraynanın ərazi bütövlüyü istiqamətində heç bir addım atılmır”. E.Mirzəbəylinin qənaətincə, Kiyevdə bu proseslərin yaşanması gözlənilən idi: "Separatçıların ortaya çıxacağı öncədən məlum idi. Viktor Yuşşenkonun zamanında da həmin bölgələrdə etirazlar qeydə alınmışdı. Buna baxmayaraq, Ukrayna daxilindəki siyasi proseslər bu ölkəni Rusiya ilə üz-üzə qoydu. Vaxtilə bu ölkənin ərazi bütövlüyünə zəmanət verən ABŞ və Böyük Britaniya faktiki olaraq, bu yöndə fundamental addımlar atmadılar. Ərazi bütövlüyünə təminat sanksiya deyil, hərbi müdaxilə ilə verilir. Ukraynanın ərazisi ilhaq olunanda, rəsmi Vaşinqton və Böyük Britaniya Kiyevə hərbi dəstək verməli idi. Amma bu baş vermədi”.
Müsahibimizin fikrincə, Rusiya da Qərbin provakasiyasına uyub: "Əslində Qərb Ukrayna hadisələrindən Rusiyaya sanksiya üçün zəmin kimi istifadə edir. Putin buna getməli deyildi. Amma o da getdi. Nəticədə iki qardaş xalq üz-üzə qaldı”.

Ayyət Əhməd