İş dəftərləri: Onun satışından milyonlarla pul qazanırlar

Məktəblilərin bu dərs vəsaitindən istifadə etməsi, hələ də müzakirə mövzusudur



Azərbaycanın orta məktəblərində istifadə olunan iş dəftərləri dərslik komplektindən çıxarılıb. Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev açıqlamasında deyib ki, iş dəftərləri dövlət tərəfindən maliyyələşdirilmir. O qeyd edib ki, bu dəftərlər nəşriyyatlar tərəfindən çap olunur və açıq satış yolu ilə yayılır.

Ə.Quliyevin sözlərinə görə, cəmiyyətdə belə bir tendensiya yaranıb ki, bu dərslikləri almağa müəyyən valideynlərin gücü çatmır: "Əslində, həmin iş dəftərləri sadə qələmlə, karandaşla yazılmalı, sonradan silinib yenidən istifadə olunmalıdır. Əgər hər hansı hal cəmiyyətdə narazılıq yaradırsa, onların arzu və istəyi nəzərə alınmalıdır. Ona görə də nazirlik qərara gəldi ki, iş dəftəri dərslik komplektindən çıxarılsın. Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait və iş dəftəri daxil idi. Artıq həmin komplektdən iş dəftəri çıxarılıb və dərslik komplektinə yalnız dərslik və müəllim üçün metodik vəsait daxildir. Kim istəyirsə, onu alıb istifadə edə bilər. Amma iş dəftərlərinin istifadəsində məcburiyyət yoxdur. Bu, məktəb üçün problemli məsələ deyil”.
İş dəftəri ilə bağlı təhsil ekspertlərinin münasibəti birmənalı deyil. Əlavə tapşırıq üçün iş dəftərinin önəmli olduğunu düşünənlərlə yanaşı, bu dəftərlərin birdəfəlik ləğv edilməsini tələb edənlər də var. Məsələn, Əməkdar müəllimə Almaz Həsrət iş dəftərlərinin şagirdlər üçün lazımlı vasitə olduğunu hesab edir: "Şəxsi mövqeyim belədir ki, orta məktəblərdə şagirdlərin iş dəftəri ilə işləməsinə ehtiyac var. Amma iş dəftərləri uşaqlara pulsuz verilsəydi, yaxşı olardı. Əvvəllər biz dəftər tutdurur, test kitabçaları aldırırdıq. İş dəftəri olanda isə əlavə dəftər tutmağa ehtiyac qalmırdı. Bu baxımdan uşaqların hansısa bir fənni düzgün mənimsəməsi üçün iş dəftərləri lazımdır. İş dəftərləri dərsin gedişatını yüngülləşdirir və daha maraqlı edir. Ancaq iş dəftərlərini almaq məcburi deyil. Təhsil Nazirliyinin də vurğuladığı kimi burada könüllülük prinsipi var. Valideyn istəyirsə ki, övladı əlavə tapşırıqlar həll etsin, dərsə əlavə hazırlaşsın, iş dəftərlərini alıb istifadə edə bilər. Onu da qeyd edim ki, iş dəftərləri sinifdə işləmək üçündür. Amma bizim bəzi müəllimlər sinifdə tədris proqramını tamamlaya bilmədiyindən iş dəftərindən tapşırıqları evdə həll etməyi tapşırır və şagird də məcbur olub bu dəftərləri çantasında gəzdirir”.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün fikrincə, şagirdlərin iş dəftərindən istifadə etməsi valideynlərin öz seçimi ilə bağlıdır: "İş dəftərləri fənlər üzrə olur və həmin ləvazimatda müxtəlif növ çalışmalar yer alır. Əgər valideyn istəyirsə ki, övladı daha çox çalışmalar etsin, onda həmin iş dəftərini ala bilər. Heç bir müəllim əlavə tapşırıq mahiyyəti daşıyan iş dəftərinin alınması ilə bağlı valideynləri məcbur edə bilməz”. Ekspertin sözlərinə görə, müasir metodika tələb edir ki, müəllimlər ev tapşırığı olmadan şagirdlərə bilik öyrətsinlər: "Təlim zamanı müəllim tərəfindən elə metod seçilməlidir ki, ev tapşırığına ehtiyac qalmasın. Bəzi müəllimlər bu gün şagirdlərə ev tapşırığını iş dəftərlərində verir. Məncə, buna ehtiyac yoxdur. Özümdən deyə bilərəm ki, şagirdlərimə iş dəftəri aldırmıram. Çünki bu vəsaitə ehtiyac yoxdur. İş dəftəri olmadan da şagird dərs proqramını mənimsəyə bilir. Sadəcə, müəllim həmin proqramı izah etmək tərzinə sahib olmalıdır”.
Təhsil eksperti Nadir İsrafilov isə iş dəftərlərinə ehtiyac olmadığını düşünür. Onun sözlərinə görə, iş dəftərləri kommersiyaya xidmət edən məsələlərdəndir: "Həmin dəftərlərdəki tapşırıqlarda o qədər nöqsanlar olur ki, saymaqla bitməz. Təhsil Nazirliyi iş dəftərlərinin ləğvi barədə dəfələrlə ictimaiyyəti məlumatlandırıb. Ancaq görünür, hansısa nəşriyyatlar, marağı olan qurumlar bizneslərini davam etdirmək məqsədindən vaz keçmək istəmirlər. Ümumiyyətlə, tədris dönəmində dərsliklər etalon kimi qəbul olunmalıdır. Son illər lazımlı-lazımsız çoxlu tədris vəsaitləri çap olunub. Bütün bunlar əsas dərsliyi gözdən salır. Tədris üçün kitablar, dövlət proqramı, müəyyən olunmuş standartlar var. İş dəftəri lazımsız bir vəsaitdir. Onların satışından milyonlarla pul qazanılır. İstər müəllimlik təcrübəm, istərsə də müxtəlif qurumlardakı iş təcrübəm iş dəftərlərinin kommersiya məqsədi daşımaqdan başqa bir işə yaramadığını deməyə imkan verir”.

İsmayıl