Yazıçıların mənzil davası...

Məhkəmə kimin haqlı olduğunu üzə çıxaracaq



Azərbaycan Yazıçılar Birliyinin sədr müşaviri, Mənzil Komitəsinin sədri Rauf Aslanov qurumun üzvü Ramiq Muxtarı iki iddia əsasında məhkəməyə verib.

Məsələ ilə bağlı R.Aslanovla əlaqə saxladıq. O bildirdi ki, Ramiq Muxtarı onun şərəf və ləyaqətini alçatdığı üçün məhkəməyə verib: "Həmçinin məni bir milyon manat məbləğində pul mənimsəməkdə ittiham etdiyi üçün iki ayrı iş qaldırmışam. Sabah təzminat tələbimlə bağlı qərar veriləcək. Digər tələbim üzrə məhkəmə prosesi davam edir. Necə ola bilər ki, mənzillərin ümumi dəyəri 800 min manat olduğu halda, mən bir milyon pul götürüm. Belə çıxır ki, bütün mənzil satanlar satışdan götürdükləri pulun üstünə də əlavə pul qoyub mənə veriblər? Bu, çox gülünc fikirdir. Həmçinin, mənə evləri satmaqla da şər atır. Satış prosesini mərhələli şəkildə mətbuatda işıqlandırmışıq. Evlərin sahibləri öz razılıqları əsasında mənzillərini tapdıqları müştərilərə satıblar. Mənim burada heç bir iştirakım olmayıb. Hətta R.Muxtar Prokurorluğa, başqa instansiyalara bu məsələ ilə bağlı şikayət məktubu yazıb. Prokurorluq orqanları da Mənzil Komissiyasının və Yazıçılar Birliyinin işini 2 dəfə araşdırıb. Onlar cinayət xarakterli heç nə tapmadıqları üçün bu işə xitam veriblər”.
Qurum rəsmisinin R.Muxtarı ikinci iddia üzrə məhkəməyə verməsinə səbəb "Mizrab” adlı jurnalda haqqında yazılan fikirlər olub: "Həmin jurnalın birinci sayında mən və Anar müəllim haqqında xoşagəlməz fikirlər qeyd olunub. Biz bu günə qədər səbr edib, onun hərəkətlərinə göz yummuşuq. Fikirləşirdik ki, sonradan səhvini anlayacaq. Ancaq jurnalı görəndən sonra məcbur olub, məhkəməyə müraciət etdim. Bununla yanaşı, Mətbuat Şurasına etirazımı bildirdim. Şuranın iclasında R.Muxtara xəbərdarlıq etdilər. MŞ-nin qəbul etdiyi qaydalara görə, birinci dəfə xəbərdarlıq edilməlidir. Bir daha bu hal təkrarlansa, o zaman jurnal qara siyahıya salınacaq”.
O, R.Muxtarın da onu məhkəməyə verdiyini açıqlayıb: "İndi də İcra Hakimiyyətinin mənzil növbəsini pozduğumuz iddiası ilə İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmədən xahiş edir ki, onun guya pozulmuş mənzil haqqını bərpa etsin. Axı biz bütün mənzil alanların da, onların neçənci ildən qurumun üzvlüyünə və mənzil növbəsinə yazılması barəsində məlumatları sizin vasitənizlə mətbuatda yaymışıq. Ramiq Muxtar məhkəməyə müraciət etməkdənsə, bizdən məsləhət alardı. Biz də bütün sənədlərlə onu tanış edərdik. Ramiq Muxtar bir müddət öncə söyləyirdi ki, ancaq yazıçılara ev vermək lazımdır. Bu isə mümkün deyil. Çünki mənzil növbəsində sürücünün də, mühasibatda işləyən adamların da adı var. Bunlar evlərini haradan almalıdırlar? Yazıçılar Birliyində işləyirlərsə, bu qurum da onlara ev verməlidir. Onun Yazıçılar Birliyi ilə problemi nədədir, başa düşə bilmirəm. R.Muxtar deyir ki, hərəyə bir mənzil versinlər. Bu da mümkün deyildi. Çünki bizə ayrılmış doqquz mənzil var idi. Bu da növbəyə duranlar arasında bölüşdürüldü. Hətta tutaq ki, hərəyə bir mənzil verməli olsa idik belə, Ramiq Muxtar mənzil almayacaqdı. Çünki Ramiq Muxtar ev növbəsində 12-ci gözləyən şəxsdir. Hərəyə bir mənzil veriləndə də, növbədə olan cəmi ilk 9 nəfər ev almış olur. Bu da düzgün deyil”.
Vüqar Şahinoğlu