Hadı Rəcəblidən yas qadağasına ETİRAZ: Hüzr yerlərini qanunla tənzimləmək olmaz

"Sən necə deyə bilərsən ki, süfrəyə nə ver?"




Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli toy və yas məclislərinin qanunla tənzimlənməsi fikrinə münasibət bildirib.
Komitə sədri "Yeni Müsavat”-a müsahibəsində bildirib ki, məclislərdəki ifratçılığa pis baxır: "Gərək örnək məsələlər, iradlar, qınaqlar ola. Mən də təntənəli məclislərin olmasını qınayıram, buna pis baxıram”.

H. Rəcəbli bildirib ki, məsələnin qanunla tənzimlənməsinin tərəfdarı deyil: "Məsələn, ola bilər qəbiristanlıqlar qanunla tənzimlənsin, amma yeməyi, süfrəni necə tənzimləyərsən? Qəbiristanlıqlar haqqında Məclisə layihə gəlsə, onu müdafiə edəcəyəm. Amma hüzr yerlərini qanunla tənzimləmək olmaz. Şəriətdə demirlər ki, sən bananları bir-biri ilə öpüşdür, qoy yas məclisinə. Bu məsələlər şəriət qaydaları ilə tənzimlənir”.

Millət vəkili qoyulan qadağanı tənqid edib: "Qadağa qoyan düz eləmir, qanunları pozur, belə olmaz! Sən necə deyə bilərsən ki, süfrəyə nə ver? Biri yağı çox, digəri az verər, biri həyət toyuğu alar, digəri fabrik toyuğu, bunları tənzimləmək olmaz. Başqa ölkələrin belə qanunları var, amma bizə uyğun deyil”.