Milli Məclis Avropa Parlamentinə kəskin etiraz etdi

“Əgər onlar bizimlə əməkdaşlıq etmək istəyirlərsə, ikili standartlara son qoymalıdırlar”




Ötən gün Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirilib. İclasın gündəliyinə 37 məsələ daxil edilib.
Müzakirələrdən əvvəl isə Milli Məclis rəhbərliyi və deputatlar Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı mövqeyinə, ölkəmiz əleyhinə qəbul olunan sənədlərə kəskin etiraz bildiriblər. Milli Məclisin sədr müavini, Milli Məclis-Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin həmsədri Valeh Ələsgərov qeyd edib ki, bir çox xarici dairələr, o cümlədən AP Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir.

Vitse-spiker vurğulayıb ki, AP dövlətimizə qarşı həmişə ikili standartlarla yox, hətta üçlü-dördlü standartlarla yanaşıb. V.Ələsgərov AP-nin vaxtilə Azərbaycana etdiyi təklifi xatırladıb: "Bir dəfə onlar bizə təklif etdilər ki, "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş əraziləri” sözlərinin qeyd olunduğu sənədə səs verək. Yəni Dağlıq Qarabağın bizim ərazimiz olması fikrindən imtina edirdilər. Şərt qoydular ki, ya bu sənədə imza ataq, ya da Azərbaycanda hansısa iki bloqqer ilə bağlı AP qətnamə qəbul edəcək. Bunun adı, şantaj deyil, bəs nədir?! Bu qurum dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Hesab edirəm ki, parlament AP ilə bağlı öz mövqeyini ortaya qoymalıdır”.

"Bunların əsaslandırmasına fikir verin. Belə də bəhanə olar?”

Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclis AP-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq sərt bəyanat verəcək. Sözügedən təşkilatın sentyabrın 18-də qəbul etdiyi qətnaməyə etiraz edən O.Əsədov deyib ki, artıq bu qurumda Azərbaycana qarşı qətnamələrin qəbulu adət halını alıb: "AP eyni məzmunlu sayca 4 qətnamə qəbul edib. Təbii ki, bu qətnamələrdən Azərbaycana qarşı qüvvələrin səyi ilə təzyiq metodu kimi istifadə edirlər. Amma unudurlar ki, belə təzyiq metodları ilə Azərbaycana təsir etmək mümkün deyil, mümkün olmayacaq da. Azərbaycanın AP qarşısında heç bir öhdəliyi yoxdur. Buna baxmayaraq, biz Avropa strukturları ilə əməkdaşlıq etmək istəsək də, bu təşkilatların ikili standartları bu əməkdaşlığın inkişafına ciddi maneçilik yaradır. Odur ki, biz bu məsələyə öz mövqeyimizi bildirməliyik. Hesab edirəm ki, biz Milli Məclis adından AP-nin qəbul etdiyi qətnaməyə etiraz olaraq bəyanat qəbul etməliyik. Bunun üçün komissiya yaradılıb. Əgər onlar bizimlə əməkdaşlıq etmək istəyirlərsə, ikili standartlara son qoymalıdırlar. Biz Avropa ilə əlaqələri inkişaf etdirmək üçün AVRONEST yaratdıq və təəssüflər olsun ki, AP Azərbaycanla əlaqələri inkişaf etdirmək əvəzinə, əks addımlar atır. Bəyanatda biz bildirməliyik ki, Avropanın bu təşkilatları ilə gələcəkdə işləməyin mənası var, ya yox”.

"Bəyəm həmin QHT rəhbərləri girovdur ki, qeyd-şərtsiz azad olunmalıdırlar?”

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da spikerin sözləri ilə razılaşaraq, AP-yə qarşı parlamentin sərt mövqe nümayiş etdirməli olduğunu söyləyib: "”Freedom House” adlı anonim bir beynəlxalq təşkilat var. Bu təşkilat hər fürsətdə Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirir. İndi də bu qurum Azərbaycanda həbs olunan QHT rəhbərlərinin qeyd-şərtsiz azad olunması tələbini irəli sürür. Mən başa düşə bilmirəm, bəyəm həmin QHT rəhbərləri girovdur ki, qeyd-şərtsiz azad olunmalıdırlar? Bu adamlar haqqında hələlik istintaq davam edir. Məsələ də hüquqi qaydada həllini tapacaq. AP-yə kim ixtiyar verib ki, Azərbaycanın daxili işlərinə müdaxilə etsin? Bu, həmin təşkilatların ölkəmizə qarşı qərəzli mövqeyinin bariz göstəricisidir. Biz Avropa Şurası Parlament Assambleyasının nümayəndələrindən soruşduq ki, niyə Rusiyanı səsvermə hüququndan məhrum edirsiniz, amma Ermənistanı yox? Onlar bizə dedilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə 1992-ci il idi, Azərbaycan isə 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bunların əsaslandırmasına fikir verin. Belə də bəhanə olar?”

Deputat həmçinin bildirib ki, Azərbaycandakı QHT-lər beynəlxalq təşkilatlardan alınan qrantların hesabatını verməlidirlər: "Çünki həmin qrantlar siyasi partiyalara ötürülür. O QHT sədrləri müxalif partiyaların rəhbər strukturlarında təmsil olunurlar. Buna görə də xaricdən alınan qrantlar hansısa aksiyaların keçirilməsinə sərf olunur. Bu isə düzgün deyil. Hesab edirəm ki, siyasi təşkilatlarla bağlı qanuna yenidən baxmaq lazımdır”.

"Avropasız da inkişaf etmək mümkündür”

Millət vəkili Əli Hüseynli ABŞ prezidenti Barak Obamanın fikirlərinə və AP-nin qətnaməsinə münasibət bildirərək deyib ki, bunlar ədalətsiz mövqedir: "Onlar o QHT-lərə dəstək verirlər ki, Qarabağ məsələsini unutdururlar və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. İnanmıram ki, Azərbaycanda elə QHT olsun ki, Qarabağ probleminin məhz onların istədiyi kimi həllinə tərəfdar çıxsın. Azərbaycanı istəyən milli QHT-lər heç vaxt bu addıma getməzlər. Ancaq bununla belə, hesab edirəm ki, QHT-lərin fəaliyyətinin şəffaflaşdırılması üçün ciddi iş görməliyik.

Deputat Zahid Oruc da AP-nin qətnaməsinə kəskin etiraz edərək söyləyib ki, bu qurumların Azərbaycana qarşı qərəzli mövqeyi hər zaman olub: "Biz bilirik, dəfələrlə şahidi olmuşuq ki, bəzi beynəlxalq dairələr, xüsusən də erməni lobbisinin təsiri altında olan qüvvələr ölkəmizə qarşı həqiqətə uyğun olmayan mövqe sərgiləyirlər. Bu isə o deməkdir ki, həmin dairələr Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmirlər”.

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı da AP-nin Azərbaycana qarşı qərəzli mövqe tutduğunu bildirərək, bu təşkilatdan imtina edilməli olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycanın AVRONEST-dəki fəaliyyətinə son qoyulmalıdır: "İndi bəziləri deyirlər ki, Avropa qurumlarında olmasaq, inkişafdan geri qalacağıq. Məgər Sinqapur, Yaponiya, Malayziya və yaxud da Cənubi Koreya Avropa təşkilatlarının üzvləridirlər? Onlar inkişafın lap yuxarı pilləsindədirlər. Demək ki, Avropasız da inkişaf etmək mümkündür. Necə ki, AP kimi Avropa qurumları dünyada hegemonluq iddialarından əl çəkməyəcəklər, onların üzvlüyündən imtina etmək lazımdır”.

Vitse-spiker deputatın fikri ilə razılaşmadı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, Avropa təşkilatlarının qərəzli mövqeyi hər zaman görünüb: "Hesab edirəm ki, bundan sonra da avroparlamentarlar yeni kampaniyaya başlayıb, kimlərəsə mükafatlar verib deyəcəklər ki, filan mükafatın laureatı həbsdədir. Ona görə də mən də düşünürəm ki, artıq beynəlxalq təşkilatlara ciddi etiraz olunmalıdır. Ləyaqət məsələsi olan ərazi məsələsində ədalətli mövqe tutmayan beynəlxalq təşkilatlar insan haqları məsələsində ədalətli mövqe tutur. Bu da bunların ədaləti”. Q.Həsənquliyev onu da vurğulayıb ki, beynəlxalq təşkilatlarla qarşıdurmaya getmək də sərfəli deyil: "Beş-altı nəfərə görə bu qurumlarla açıq müstəvidə qarşıdurmaya getməyə dəyməz. Fikrimcə, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları da düşünməlidirlər.
Vitse-spiker Bahar Muradova isə Q.Həsənquliyevin fikri ilə razılaşmayıb: "Söhbət heç də 5-6 nəfərin həbsindən getmir. Beynəlxalq dairələr sadəcə olaraq Azərbaycanın müstəqil siyasətini bəyənmirlər. Məsələnin kökü buradan qaynaqlanır. Ona görə də Azərbaycana qarşı qərəzli qətnamələrə sərt şəkildə etiraz edilməlidir”.

"Məhəbbət ikitərəfli olur. Birtərəfli məhəbbətin fəsadları ortaya çıxır”

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə AP-yə qarşı sərt fikirlər söyləməyi düzgün hesab etməyib: "Beynəlxalq təşkilatların Azərbaycanın əleyhinə olması, Qarabağ münaqişəsində Azərbaycana qarşı qərəzli mövqe tutmaları ilə bağlı tənqidlərlə razıyam. Amma məsələnin bir tərəfi də ondan ibarətdir ki, biz ölkə daxilində elə siyasət aparmalıyıq ki, ondan bu və ya digər şəkildə istifadə edib, bizə təzyiq göstərmək imkanı əldə etməsinlər. Azərbaycanla bəzi təşkilatlar arasında olan narazılıqları aradan qaldırmaq üçün konkret addımlar atılmalıdır. Bizim müstəqilliyimizi qorumaq üçün daxili barışa çox böyük ehtiyacımız var. Bu məsələdə Avropa əleyhinə bəyanat vermək yox, əlaqələri daha da inkişaf etdirmək lazımdır. Avropanın, oradakı qurumların üzərinə top-tüfənglə getmək olmaz”.

Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, hakimiyyət Avropanın üstünə getmir: "Əksinə, Avropa Azərbaycanın üstünə gəlir. Əgər insan haqlarından danışılırsa, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimiz var ki, onlar da insandır. Onların da hüquqları pozulub və bunu müdafiə etmək lazımdır. Qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində əməli addımlar atsınlar, sonra hansısa QHT-nin rəhbərləri ilə məşğul olarlar. Bu il bələdiyyə seçkiləri keçiriləcək. İnsanın seçmək və seçilmək hüququ var. Bir milyon qaçqınımız bu hüququnu faktiki olaraq itirib. Azərbaycan neçə ildir balanslı siyasət aparır və heç kimin qoltuğunun altına girmir. Biz hər bir ölkə ilə eyni səviyyədə müzakirələr aparırıq. Əməkdaşlıq bərabər şəkildə olmalıdır. Bilirsiniz, məhəbbət ikitərəfli olur. Birtərəfli məhəbbətin fəsadları da ortaya çıxır. Yəni əgər yalnız bir tərəfdə məhəbbət olub, qarşı tərəfdə bu məhəbbət olmasa, buna münasibət demirlər”.

Milli Məclis bəyanat qəbul etdi

Bundan sonra Milli Məclis AP-nin sentyabrın 18-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə cavab olaraq bəyanat qəbul edib.
Sənədi millət vəkili Məlahət İbrahimqızı oxuyub.
Bəyanatda bildirilir ki, bu qətnamə qərəzli xarakter daşıyır və qeyri-obyektivdir: "Həbsdə və ya istintaq altında olan şəxslərin məhkəmə olmadan azad edilməsi şərtləri hörmət prinsipi ilə bir araya sığmır. Azərbaycanda söz azadlığının pozulmasından söhbət belə gedə bilməz. Ölkədə heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan internet şəbəkəsi mövcuddur. QHT-lərin fəaliyyətinə hər cür şərait yaradılıb və son illərdə ölkədə onların sayı 4 minə çatıb. Milli Məclis üzvləri təəssüflə qeyd edirlər ki, qətnamədəki faktlar dəqiqləşdirilmədən yayılıb. Əlbəttə, Azərbaycanda hər şey tam qaydasında deyil, insan haqlarının pozulması faktları var. Lakin bunlar sistemli xarakter almayıb”.

Bildirilib ki, Azərbaycan parlamenti bu qətnaməni Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa zidd olan, hüquq qaydasını şübhə altına alan, dövlətin beynəlxalq imicinə zərər vuran əməl kimi qiymətləndirir: "Əgər bu cür münasibət davam edəcəksə, Azərbaycan Avropa Parlamenti və Avronest ilə əməkdaşlığın zərurilik məsələsini bir daha müzakirə etmək məcburiyyətində qalacaq”.

Bəyanat səsə qoyularaq qəbul edilib.

Anar Bayramoğlu