"Şimali Kiprin Türkiyənin daxilində muxtariyyət statusu alması müzakirə ediləcək məsələ halına gəlib"
Şimali Kipr Türk Cümhuriyyətnin nəqliyyat və inkişaf naziri Erhan Arıklı maraqlı təklif səsləndirib. Onun sözlərinə görə, əgər Şimali Kipr müstəqil dövlət kimi tanınmasa, o zaman Türkiyənin tərkibində muxtar respublika statusuna keçilməsinə baxıla bilər. Nazir əsas məqsədin Kiprin şimalında türk varlığının qorunması olduğunu bildirib. E.Arıklı alternativlər üzərində düşündüklərini deyib: “Özümüzü müstəqil dövlət kimi tanıda bilməsək də, ərazidə türklərin mövcudluğunu qorumalıyıq. Məsələn, Azərbaycanın tərkibində olan Naxçıvan Muxtar Respublikasına bənzər bir model qurula bilər. Yəni Şimali Kiprin Türkiyənin tərkibində muxtar respublika statusuna keçməsi istisna edilmir. O halda xarici əlaqələrdə Ankaraya bağlı olsaq da, daxildə müstəqil qalacağıq. Bu məsələni gündəmə gətirəcəyik”. E.Arıklı əlavə edib ki, Şərqi Aralıq dənizi sahilləri neft və qazla zəngindir: "ABŞ və Avropa İttifaqı (Aİ) bölgənin sərvətini rahatlıqla istismar etmək üçün burada türklərin mövcudluğunun əleyhinədir. Kipr Respublikası onsuz da Aİ üzvüdür. Yəni onlara əsas maneə Şimali Kiprin varlığıdır, buranı idarə edə bilmədikləri bölgə kimi görürlər. Əgər Türkiyə və türk milləti buradan əlini çəksə, neft və qaz tamamilə ABŞ-la Aİ-nin nəzarətinə keçəcək. Nəticədə Şimali Kipr Türk Respublikası əsla tanınmayacaq".
Sosial Tədqiqatlar Mərkəzinin sektoru müdiri, siyasi şərhçi Tural İsmayılov "Sherg.az"a açıqlamasında deyib ki, Kiprin türk əhalisinə qarşı rum tərəfinin həyata keçirdiyi təzyiq siyasətinə dünya birliyi heç zaman obyektiv mövqe nümayiş etdirməyib. Ekspertin sözlərinə görə, uzun illər Kipr arasında türk milli kimliyi və türk varlığı rumlar tərəfindən hər cür təzyiqə məruz qalıb:
"Bu faktları görməzdən gələn qüvvələr Şimali Kiprdəki türk mövcudluğunu həzm etməyiblər. Əlbəttə, Kipr adasının bundan sonra vahid birliyindən söhbət gedə bilməz. Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınmaması ilə bağlı beynəlxalq təşkilatların, xüsusən Yunanıstan və adanın rum tərəfinin təzyiqləri fonunda bir mövqe formalaşıb. Hesab edirəm ki, Türkiyə Cümhuriyyətnin nəqliyyat və inkişaf naziri Erhan Arıklının Naxçıvan modelini misal çəkməsi həm də maraqlı tendensiyadır. Beynəlxalq birliyin atacağı təxribat addımlarına qarşı mövcudluğu və müstəqilliyi həzm edilməyən Şimali Kiprin Türkiyənin daxilində muxtariyyət statusu alması müzakirə ediləcək məsələ halına gəlib. Bu məsələnin daha da ciddiləşəcəyini düşünürəm".