İŞİD-in Azərbaycana gəlməsi mümkünsüzdür

Ancaq ehtiyatı, ayıq-sayıqlığı əldən verməməliyik



Son bir il ərzində Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin baş qaldırması cəmiyyəti və dövləti ciddi şəkildə narahat etməyə başladı. Azərbaycanda radikal yönlü sələfi-vəhhabi qruplaşmasının meydana çıxması, onların Sumqayıtda ciddi bazaya, silah-sursata sahib olduqlarının aşkarlanması, ölkəmiz üçün ənənəvi olmayan təriqətin öz sıralarına qısa vaxtda 10 mindən çox azərbaycanlını qoşması əslində islamdan kənar siyasi oyunların baş verdiyini ortaya qoydu. Prosesin mahiyyəti isə Suriya olaylarında üzə çıxdı.

Aydın oldu ki, Azərbaycanda kimlərinsə təşkilatçılığı ilə yüzdən çox vətəndaş Yaxın Şərqdə savaşır və potensial terrorist kimi yetişdirilir. Daha sonra isə məlum oldu ki, Suriya və İraqa üz tutan "müsəlmanların” böyük əksəriyyəti dövrün yeni bəlasına çevrilən "İraq Şam İslam Dövləti”nin sıralarına qatılırlar. Suriya və İraqda baş kəsməklə məşğul olan bu insanların Azərbaycan üçün nə qədər təhlükə vəd etdiklərini anlamaq o qədər də çətin deyil. Ekspertlər də hesab edirlər ki, indiki məqamda, yəni ABŞ və Avropa ölkələri tərəfindən yaradılmış koalisiyanın basqıları nəticəsində aqressivləşən İŞİD qruplaşması "düşmənlərinə” cavab vermək

üçün əhatə dairəsini daha da genişləndirəcək. Bir sıra politoloqlara görə, İŞİD İraq və Suriyadakı basqıların nəticəsi olaraq yerdəyişmə edə bilər. Qruplaşmanın yerləşə biləcəyi ən uyğun məkanlardan biri Qafqaz bölgəsi hesab olunur ki, bu da Azərbaycan üçün birbaşa təhlükə deməkdir. Çünki hazırda İŞİD-in tərkibində çoxlu sayda azərbaycanlı var. Bundan başqa, Azərbaycanın özündə də müəyyən İŞİD tərəfdarı və bu qruplaşmanı dəstəkləyən insanlar var. Hətta bunu internet və sosial şəbəkələrdən açıq şəkildə müşahidə etmək mümkündür.

İŞİD-çilərə qarşı qanunların sərtləşdirilməsi və keçirilən əməliyyatlar

Azərbaycanda vəhhabilərin gücü ortaya çıxan kimi hüquq-mühafizə orqanları dərhal hərəkətə keçdilər. Sumqayıtda, Bakıda və digər şəhərlərdə xüsusi əhəmiyyətli əməliyyatlar keçirildi və müəyyən nailiyyətlər əldə edildi. Əməliyyatlardan sonra radikal qruplara qarşı qanunların tətbiq olunmasına ehtiyac olduğu ictimaiyyət tərəfindən dəstəkləndi. Buna görə də bir sıra qanunlarda, o cümlədən "terrorçuluğa qarşı” qanunda dəyişiklik edildi. Bununla da döyüşmək üçün digər ölkələrə gedən vətəndaşlar terrorçu kimi qəbul olundu. Qərara əsasən həmin şəxslər Azərbaycana qayıdan kimi həbs olunmalı idilər. Məhz bu qərardan sonra ölkəni tərk edənlərin sayı nisbətən azalmağa başladı. Digər tərəfdən cəmiyyət və mətbuat da bu qüvvələri qınaq obyektinə çevirdilər. Nəticədə xeyli insan bu topluluğun nə qədər təhlükəli olduğunu anladı. Azərbaycanın milli təhlükəsizlik orqanları da mütəmadi əməliyyatlar keçirərək terrorçuların ölkəmizdə sərbəst fəaliyyət göstərməsinin qarşısını almağa çalışır. Ötən günlərdə Milli Təhlükəsizlik Nazirliyi Suriyada, İraqda və Pakistanda fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində qeyri-qanuni fəaliyyət göstərən 26 nəfər Azərbaycan vətəndaşı ilə bağlı əməliyyat keçirib. Həmin şəxsləri İŞİD və digər birləşmələrin tərkibində döyüşdüklərinə görə, 20 il və ya ömürlük həbs cəzası gözləyir.

Azərbaycan İŞİD-ə qarşı koalisiyaya qoşulmalıdırmı?

ABŞ prezidenti Barak Obamanın 11 sentyabrda İŞİD-ə qarşı koalisiya açıqlamasından sonra Azərbaycanın da bu birlikdə yer alması gündəmə gəldi. Amerika nəşri "The Hill” Ağ Evə çağırış edərək bildirdi ki, Vaşinqton Azərbaycan və Gürcüstanı bu koalisiyaya qoşmalıdır. Nəşrin yazdığına görə, NATO-ya inteqrasiya edən Gürcüstan koalisiyaya hərbi, Azərbaycan isə maliyyə yardımı, eləcə də hava məkanı və digər formada dəstək verə bilər. Azərbaycan ərazisinin 20 faizini itirsə də, beynəlxalq enerji təhlükəsizliyində mühüm rola malikdir. Buna görə də ABŞ regional təhlükəsizlik infrastrukturunun inkişafı və İŞİD-ə qarşı əməliyyatlarda Azərbaycanın yardımına nail olmalıdır. Əslində İŞİD-ə qarşı koalisiya öz fərqli elementləri ilə seçilsə də, bu, İraq, Əfqanıstan və Kosovadakı sülhməramlılar prosesinə bənzəyir. Hansı ki, Azərbaycan 1999-cu ildən etibarən bu üç məkanda beynəlxalq sülhməramlıların tərkibində antiterror əməliyyatlarına dəstək verib. Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc isə bu məsələdə hələlik ehtiyatlı olmağın tərəfdarıdır: "Azərbaycanın özünü ilk hədəf kimi təqdim etməsi doğru deyil. İŞİD-çilər 2003-cü ildən bu yana "Əl-Qaidə”nin qolu kimi şişirdiləndə, onlara silah veriləndə, Qərb anlamalıydı ki, Bin Laden kimi bir gün İŞİD də silahları onlara qarşı çevirəcək. Axı kim zəmanət verə bilər ki, İŞİD məhv ediləndən sonra daha üst qurumda mövcud olan ekstremist dini təşkilatlar onlara qarşı koalisiyaya qoşulmuş ölkələri özlərinə hədəf seçməyəcəklər? Vaxtilə İraqdan Qərb qoşunlarının çıxarılması üçün müxtəlif qoşunların hərbçilərini ekran önündə edam edərək ultimatum göndərirdilər. Sabah bir Azərbaycan vətəndaşını, yaxud əsgərini dövlətin atdığı addıma görə edam edə bilərlər. Bu təcrübə yaşanıb. Bu gün İŞİD-in Qafqazda xilafət yaratmaq arzusunda olduğu bildirilir. Hesab edirəm ki, bunlar kimlərinsə təşkilata qoşulmasını aktivləşdirmək üçün yayılan xəbərlərdir”.

"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Azərbaycan bu koalisiyada iştirak etməklə, antiterror əməliyyatına öz töhfəsini verə bilər: "Hərbçilərimizin Amerika hərbçiləri kimi terror əməliyyatlarında aktiv iştirak etməsi elə də vacib deyil.
Azərbaycan İraq və Əfqanıstanda olduğu kimi müəyyən məsələlərin həllində sülhməramlı qüvvələr çərçivəsində iştirak edə bilər”.

İŞİD-in İraqdakı mövqeyi Qafqazdakı mövqeyi ilə tamamilə fərqlənir

Millət vəkili Fazil Mustafa İŞİD-in Azərbaycanla bağlı xüsusi planlarının olması ətrafında yayılan informasiyalara münasibət bildirərkən deyib ki, müəyyən radikal islamçı qüvvələr tərəfindən cəmiyyətdə bir xof aurası yaratmaq məqsədi güdülür. Bu baxımdan Azərbaycanda İŞİD təhlükəsi ola bilər. Amma bütövlükdə bu qruplaşmanın Qafqazı, Azərbaycanı nəzarətə götürməsi iddiası real görünmür. Çünki İŞİD-çilər İraqda müəyyən dərəcədə əhali dəstəyinə və insan potensialına sahibdir. Onlar dağıdılmış İraqda idarəetmədən kənarda duran, Səddam Hüseyn rejimindən sonra repressiyalara məruz qalan sünni kəsimin marağına təsir etməyi əsas faktora çevirib. Amma İŞİD beynəlxalq aləmdə terror və vəhşilik təmsilçisi kimi qəbul olunduğuna görə, dünya birliyi həmin təşkilata qarşı daha sərt addımlar atır. Belə məqamda İŞİD-in bütövlükdə Qafqazı nəzarətə götürməsi iddiası real görünmür. Yəni onlar müxtəlif qanunlar qəbul edə bilərlər. Lakin bu o demək deyil ki, terrorçular rahatlıqla bu işləri həyata keçirməyə nail olacaqlar”.

Bu adamlar özbaşına ora getməyiblər

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, bu gün İŞİD-in tərkibində həm Azərbaycandan, həm də Şimali Qafqazdan olan xeyli sayda döyüşçülər var: "Yalnız Azərbaycandan olan İŞİD üzvlərinin sayı haqda elə bir rəqəmlər deyilir ki, adam hətta dilinə belə gətirmək istəmir.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu adamlar özbaşına ora getməyiblər. Kimsə onları burada seçib, bir-bir hazırlayıb aparıb. Azərbaycanda belə bir şəbəkə mövcuddur. Həmin şəbəkənin bir gün İŞİD-in bu bölgəyə gəlməsində maraqlı olmadığını heç kim deyə bilməz. Çünki terrorçular İraq və Suriyanı uğursuz seçilmiş ölkələr hesab edə bilərlər. Məlumdur ki, bu bölgədə Qərbin nəzarəti güclüdür. Bu amilləri nəzərə alan İŞİD yerləşmək üçün Qafqazı da seçə bilər.
Düşünürəm ki, məsələyə çox ciddi şəkildə hazır olmaq lazımdır. Təhlükə xeyli dərəcədə realdır. Ona görə də heç kəs arxayın oturmamalıdır ki, onlar hansısa bölgəyə gəlməyəcək”.

Hüquq-mühafizə orqanları ayıq-sayıq olmalıdır

İŞİD təhlükəsi ilə bağlı danışan MTN-in sabiq əməkdaşı İlham İsmayılın fikrincə, Azərbaycanda bu qruplaşmaya rəğbət bəsləyənlər var. Lakin onlar hansısa addım atmağa cəsarət edə bilməzlər: "26 nəfərin şübhəli şəxs qismində həbs edilməsi böyük bir siqnaldır. Doğrudur, İŞİD üzvləri fanatikdirlər. Lakin ona qarşı hansısa tədbirlər görmək üçün öncə bu terror təşkilatının Azərbaycana qarşı hansısa addım atmasını gözləmək düzgün deyil. İŞİD-in coğrafi baxımdan da Azərbaycana gəlib çıxması mümkünsüzdür. Lakin bu, o demək deyil ki, arxayın olmaq lazımdır. Bu baxımdan hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı zəruridir. Lakin bir daha qeyd edirəm ki, İŞİD-in Azərbaycanda hansısa addımlar atması inandırıcı deyil”.

İŞİD-lə mübarizədə Türkiyə ilə işbirliyinə ehtiyac var

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bəyan edib ki, indiyə kimi bir neçə terror təşkilatı Azərbaycan üçün təhlükəyə çevrilib: "İŞİD-in bizim üçün ən böyük təhlükəsi odur ki, vətəndaşlarımız həmin qruplaşmanın tərkibində vuruşur. Düzdü, xüsusi xidmət orqanları terror təşkilatlarının ölkəmizdəki fəaliyyətini nəzarətdə saxlamağa çalışır. Amma bunun nə

dərəcədə effektli olacağına gəlincə isə, hesab edirəm ki, burada ən düzgün yol Azərbaycanın öz tərəfdaşları ilə birgə hərəkət etməsidir. Bura həm informasiya mübadiləsi, həm də digər addımların atılması daxildir. Yoxsa istər Azərbaycan dövlətinin, istərsə də xüsusi xidmət orqanlarının təkbaşına İŞİD kimi terror təşkilatı ilə mübarizəsi yetərsiz qalacaq. Ona görə, Azərbaycanın beynəlxalq əməkdaşlığına, xüsusilə Türkiyə ilə sıx işbirliyinə böyük ehtiyac var”.

İsmayıl