“Toya dəvət olunanları qapıda özümüz qarşılayacağıq”

Ramin Hacılı: “İstəyən oturacaq, digərləri də ayaq üstə əylənəcək”



Azərbaycan cəmiyyəti tərəfindən innavator kimi tanınan iki gənc - siyasətçi Ramin Hacılı və yazar Aysel Əlizadə 9 oktyabr 2014 tarixində toy edəcək. Cəmiyyətdə yenilikçi kimi tanınan cütlük toy mərasimlərini yeni üslubda keçirmək niyyətindədirlər. Bəy və gəlin qonaqların arasında əyləşəcək. Geyimə gəlincə, cütlük milli geyim tərzinə üstünlük verib. Bakı Əyləncə Mərkəzində baş tutacaq toyda xüsusi dizayn işləri görülməkdədir ki, bu da rəngarəngliyi artırmağa hesablanıb. Toyun təfərrüatlarına keçid almazdan əvvəl Ramin Hacılının ölkədəki ictimai-siyasi durum barəsində də fikirlərinidə aldıq.

Ölkədə ictimai-siyasi proseslərin stabil olduğunu vurğulayan Ramin Hacılının sözlərinə görə, bunun da bir çox səbəbləri var. O, başlıca olaraq bildirib ki, regionda baş verən proseslər fonunda Azərbaycanda sabitliyin qorunması kifayət qədər vacibdir:

- Həm dünya birliyi, həm də ölkə rəhbərliyi bu istiqamətdə eyni qənaətdədir ki, Ukraynada baş verən hadisələr və İŞİD-in törətdiyi əməllərlə bağlı Suriya, İraq və Türkiyə müşahidə olunan aktivlik fonunda Avropanın enerji təhlükəsizliyini təmin edəcək Azərbaycanda stabilliyin qorunması şərtdir. Qarşıdan qış gəlir və dünya birliyi enerji təhlükəsizliyini təmin etməlidir. Misirdə, Liviya və Livanda sabitlik yoxdur. Fələstində də vəziyyət ürəkaçan deyil. Avropanın sərhədlərinə yaxın şərq ölkələrində baş verən münaqişələrin fonunda Azərbaycanda sabitliyin qorunub saxlanılmasında təbii olaraq, qərb ölkələri çox maraqlıdır. Azərbaycan hakimiyyəti də bundan istifadə edərək sabitliyi pozmaq ehtimalına iddia edən qüvvələri neytrallaşdırmağa çalışır.

- Bütün bunların fonunda Dağlıq Qarabağ ətrafında baş verən prosesləri necə dəyərləndirirsiniz? Əgər Azərbaycan qərb üçün bu qədər gərəklidirsə, Azərbaycan bundan yararlanıb, Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa avantaja nail ola bilərmi?

- Təbii ki. Dediyim kimi, qərb Azərbaycanda sabitliyin tərəfdarıdır. Rusiya isə tam əksinə, addımbaşı Azərbaycanı Dağlıq Qarabağ müharibəsini yenidən alovlandıracağı ilə təhdid edir. Biz sonuncu dəfə bunun avqustun əvvəllərində baş verən "3 günlük müharibə” zamanı bir daha şahidi olduq. Rusiya hesab edir ki, sabitlik olduğu müddətdə Azərbaycan öz qazını Avropaya nəql edəcək. Qərbin embarqolarına qarşı yalnızca qaz, enerji "kozr”undan istifadə edən Rusiyaya bu sərf eləmir. Amma Azərbaycan Rusiyaya təslim olmadı. Xarici siyasətdə müstəqil olduğunu bəyan edərək öz enerjisini daha sərfəli qiymətə qərb bazarına satmaqda maraqlı olduğunu göstərdi. Qarabağ müharibəsini əlində rıçaq olaraq tutan Rusiya bu səfər də qarşısında Türkiyəni gördü. O Türkiyə ki, NATO-nun üzvüdür və qərbin bir parçasına çevrilib. Qərbə gedən bütün enerji xətləri Türkiyə ərazisindən keçəcək. Bu mənada Türkiyə də Azərbaycanın qərbə interasiyasında çox maraqlıdır. Azərbaycan öz ordusunu döyüş vəziyyətinə gətirərək Rusiyaya qarşı öz gücünü bəyan elədi və bununla da Rusiyanın savaş təhdidlərindən çəkinmədiyi mesajını vermiş oldu. Ermənistana da bir ultimatum göndərmiş olduq ki, Rusiyanın oyuncağı olduğunuz təqdirdə biz sizi məhv etməkdən çəkinməyəcəyik. Türkiyə-Azərbaycan ordusunun birgə təlimləri keçirməsi, NATO standartlarının Azərbaycan ordusunda tətbiq olunması, ilk dəfə olaraq Azərbaycanda silah sərgisinin keçirilməsi fonunda deyə bilərəm ki, Azərbaycan dövləti özündə

Rusiyanın qarşısında dayanmaq gücünü tapıb. Bütün bunlar Rusiyaya "Qarabağ müharibəsinin alovlanmasından qorxmuram” mesajı kimi dəyərləndirilməlidir. Çünki Azərbaycan Silahlı Qüvvələri fiziki və mənəvi gücünü nümayiş etdirdi. Ordumuzda döyüş əhval-ruhiyyəsinin yüksək olduğunun da şahidi olduq. Güman edirəm ki, Rusiya artıq öz payını aldı və Putinin "Qarabağ” kartı əlindəcə yandı. Ermənistan isə açıq şəkildə Kremlə Azərbaycanla müharibəyə girə bilməyəcəyini etiraf elədi. Bütün bunlar isə Azərbaycanın qalib kimi dəyərləndirilməsinə əsas verir. Azərbaycan hökuməti bu qələbədən sonra xalqın sosial rifahı, ölkənin demokratikləşməsi üçün ciddi addımlar atmalıdır. Çünki çətin anlarda vətəndaşlar da, demokratik qüvvələr, ictimai birliklər də, siyasi partiyalar da birmənalı olaraq dövlətin mənafelərini qorudular.

- Bir neçə aydan sonra Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Amma ölkədə seçki ab-havası duyulmur. Bu sahədə bir süstlük var, sizcə niyə?

- Bu problemin kökləri çox dərindir. Çünki Azərbaycanda bələdiyyələrlə bağlı vətəndaşlarda heç bir maraq yoxdur. Bələdiyyələrin səlahiyyətləri çox azdır. Ancaq bələdiyyə sədrlərinin, o da çox kiçik sayda, səlahiyyətləri var. Bələdiyyə sədri olmaq üçün də partiyaların çox yer tutması şərtdir. Bu da digər partiyalar üçün çətin prosesdir. Çünki rayon icra hakimiyyətləri bələdiyyələrin işinə kifayət qədər müdaxilə edir və bütün kənd bələdiyyələrinin onların seçdiyi adam olmasında maraqlıdırlar. Bunu da bütün vətəndaşlar yaxşı bilir. İlk bələdiyyə seçkilərindən üzü bu yana keçirilən bələdiyyə seçkiləri özünü doğrultmayıb. Builki seçkilərdə də nəyinsə dəyişəcəyini düşünmək üçün qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi vacib idi. Mühit əvvəlki mühit, qanunvericilik də eyni, xalq hansı səbəbdən bələdiyyə seçkilərindən müsbət nəsə gözləsin? Bələdiyyə seçkiləri ilə bağlı hökumətin hər hansı müsbət mesajı belə yoxdu, əksinə, getdikcə bələdiyyələrin səlahiyyətləri azalır. Xalq da ümid etmək üçün səbəb görmür. Haqlı olaraq, bələdiyyə seçkilərini artıq vaxt və enerji itkisi kimi dəyərləndirir. Amma mənə elə gəlir ki, siyasi partiyaların bələdiyyə seçkilərinə münasibəti bir az fərqli olmalıdır. Necə ki, bu məsələdə bizim partiyanın (Ümid Partiyasının) mövqeyi fərqlidir. Hesab edirəm ki, nəticələrdən asılı olmayaraq seçki prosedurunu qoruyub saxlamaq çox vacib məsələdir.

- Bir neçə gün bundan əvvəl baş tutan Müsavat Partiyasının qurultayını necə dəyərləndirirsiniz?

- Əslində qurultayın keçirilməsi özlüyündə çox böyük və müsbət bir hadisədir. Bu mənada Müsavatın keçirdiyi qurultayı da müsbət qiymətləndirirəm. Ən azından ona görə ki, qurultayda qayda-qanunlara düzgün riayət olunub. Uzun müddətdir Müsavat başqanı postuna sahib olan İsa Qəmbər istefaya gedib, yerinə yeni bir başqanın seçilməsi yaxşı haldır. Əks halda, "Müsavat”ın özünü hər hansı bir demokratik dəyişikliyə can atan qüvvə kimi təqdim eləməsi absurd məsələdir. Müsavatın qurultayı geçikmiş hadisə olsa da, hər halda özünü doğrulda bildi. Qurultayın baş verməyi və seçkilər məsələsində legitimliyin pozulması və saxtakarlıqla bağlı hər hansı bir fakta rast gəlmədim. Bu prosesdə bəyənmədiyim yeganə hal qurultay öncəsi İsa Qəmbərin yenidən başqan olacağı və 2018-ci il prezident seçkilərində namizəd olacağı ilə bağlı yayılan söz-söhbətlər oldu. Müsavatçıların istəyi ilə İsa Qəmbərin yenidən başqan olaraq qalması mümkün ola bilərdi. Amma seçkidən öncə bunu bəyan edib, sonradan seçkilərə getmək birmənalı olaraq seçki nəticələrinin əhəmiyyətini azaldan bir yanaşma idi.

- Müsavatın qurultayı ilə bağlı əsas müzakirə predmetlərindən biri də qurultaya digər siyasi partiya nümayəndələrinin dəvət olunmaması idi. Sizcə, müsavatçılar niyə qurultayı öz aralarında keçirdilər?

- Görünür, Müsavat Partiyası qurultaya dəvət olunan və olunmayan partiyalarla bağlı problem yaşamaq istəməyib. Yer balaca idi, şərait yox idi. Müsavat qurultaya ya hamını dəvət etməli idi, ya da heç kimi. İstənilən halda, dar bir çevrənin dəvət alması digərlərinin incikliyinə səbəb olacaqdı. Bu baxımdan verilən qərarı tamamilə düzgün hesab edirəm.

- Bu gün cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də dəbdəbəli yas və toy mərasimlərinin ləğv olunmasıdır. İctimaiyyət üzvlərinin bəziləri bunun qanunla, digərləri isə maarifləndirici tədbirlərlə həyata keçirilməsinin tərəfdarıdır. Maraqlıdır, yas və toy mərasimlərində israfçılığın ortadan qaldırılması ilə bağlı siz nə qənaətdəsiniz?

- Birmənalı olaraq, yas və toy mərasimləri ilə bağlı hansısa qanunların qəbulunu absurd hesab edirəm. İstənilən halda bu qanun insanların dövlətdən narazı düşməsinə yol aça bilər. Hər sahənin dövlət tərəfindən tənzimlənməsini görən vətəndaşlar hər şeyi dövlətdən istəyəcək. Bu baxımdan bu cür məsələlər maarifçilik yolu ilə həyata keçirilməlidir. Nazir oğlu öz toyuna xarici müğənniləri dəvət edirsə, digərləri də onu nümunə götürəcək. Çünki bütün cəmiyyətlərdə elitanın atdığı addımlar kütləyə təsir edir. Elitanın maarifləndirici addımlar atması yaxşı olardı. Toy-yas mərasimləri həm ev sahibləri, həm də qonaqlar üçün külli miqdarda vəsait itkisinə səbəb olur. Bizim cəmiyyət dəbdəbəyə meyilli olduğu üçün sahibkarlar bərbəzəkli salonlarla insanların diqqətini çəkir. Bütün bunlar tənzimlənməlidir. Amma qanun seçilmiş olan radikal yoldur. Elita ilə hökumətdaxili qüvvələr əl-ələ verib professional addımlar atmalıdır.

- Bildiyimiz qədər, artıq Aysel xanımla toy hazırlıqlarına başlamısınız. Hər ikiniz cəmiyyətin kifayət qədər tanınmış simalarındansınız. Evlilik təklifiniz də fərqli olmuşdu. Bəs toyda necə, hən hansı bir fərqlilik olacaq, yoxsa nikahınız sadə bir törənlə baş tutacaq?

- Əslində biz bütün bunları fərqlilik olsun deyə yox, bu cür istədiyimiz üçün edirik. Amma bir şeyi də unutmayaq ki, cəmiyyətin gözü bu toyda olacaq, çünki iki tanınmış insan ailə həyatı qurur. Mən toyla bağlı minimalizmə üstünlük verməyin tərəfdarıyam. Aysel xanım da bu qənaətdədir. İstəyirik ki, toyumuz özünəməxsusluğu ilə yadda qalsın. Biz toyda daha çox insanların şəbəkələşməsi ilə nəticələnən bir mərasim düşündüyümüz üçün toy iki formada baş tutacaq. İstəyən oturacaq, digərləri də ayaq üstə əylənəcək. Toy xüsusi ssenari ilə keçiriləcək. Hörmət əlaməti olaraq, dəvətliləri qapıda özümüz qarşılayacağıq. Bunun ardında isə qonaqları oturacaqları yerə qədər orkestr müşayiət edəcək. Adətən bizim toylarda qonaqlardan 3 saat sonra bəy-gəlin toya daxil olur və təcili işi olan insanlar bəylə gəlini təbrik etmək imkanından məhrum qalır.

Hesab edirəm ki, toya gələn qonaqlara eyni səviyyədə hörmət qoyulmalı və onlarla xatirə şəkilləri çəkilməlidir. Biz düşünürük ki, toyda qonaqlara bəy və gəlinin xatirə hədiyyələrini də təqdim edək. Həmçinin bizim edəcəyimiz dəyişikliklər israfçılığın da qarşısını alacaq. Bizim üçün önəmli olan insanların istədikləri qədər əylənməsi və toyumuzun göz yaddaşlarında yox, ürəklərdə qalmasıdır.

- Azərbaycan reallığında belə bir məsəl var: "Çağrılan yerə ar, çağrılmayan yeri də dar eləmə”. Aysel xanım isə öz "facebook” səhifəsində "kim istəyir toya gələ bilər, o qədər dost var ki, adam bilmir necə etsin ki, heç kim inciməsin. Heç kim diqqətdən kənar qalmasın” kimi ifadələr paylaşıb. İstərdim bu statusun mahiyyətini bir az açasınız. Qonaqlar dəvətnamələrlə dəvət olunmayacaq ki?

- Biz öz qonaqlarımızı toya artıq dəvət eləmişik. Amma Aysel xanımın öz oxucu kütləsi var. O cümlədən də mənim. Bakıda olub-olmadığını müəyyənləşdirə bilmədiyim insanlar ki, onlara dəvətnamələr göndərilməyib. Bizim dəvətnamə verdiklərimizdən əlavə kim toyumuzda iştirak etmək istəyirsə, bizə xəbər etsin demişik. Və bu niyyətlə bizə müraciət edənlərin sayı kifayət qədərdir. Böyük məmnuniyyətlə biz də onlara dəvətnamələr göndəririk. Vaxt çox azdır, iş isə çox. Ona görə də yaddan çıxan dost-tanışlar olur. Sonradan inciklik olmasın deyə, biz belə bir addım atmışıq. Ssenarimiz tam fərqli olduğu üçün vaxtımızı alır.

Şəymən