Bakıda satılır: 13 min manat beh ver, vertolyot al

Görəsən, imkanlı adamlar Mİ-8-i almaq həvəsinə düşəcəklərmi?




Əmlak Məsələləri Dövlət Komitəsi Mİ-8 MTV1 vertolyotlarını hərraca çıxarıb. Hərraclar oktyabrın 28-də Auksion Mərkəzində keçiriləcək. Hava gəmisindən ikisi 1993-cü ildə, biri isə 1991-ci ildə istehsal edilib.

Komitədən bildirilib ki, vertolyotları almaq istəyənlər ilk öncə 13 min manat beh verməlidirlər. Əslində Komitə tərəfindən hansısa daşınan əmlakın hərraca çıxarılmasında elə də qeyri-adi bir şey yoxdur.

Ancaq Azərbaycanda helikopterlərin açıq satışa, yəni hərraca çıxarılması ilk təşəbbüs olduğundan ölkə ictimaiyyəti bu elana xüsusi maraq göstərir. Kimsə onu alıb, həyətlərinə də qoya bilər.Təbii ki, cəmiyyət üzvlərini daha çox düşündürən, bəlkə də narahat edən başqa məsələlər var. Çünki helikopterin hərraca çıxarılması o deməkdir ki, pulu çox olan istənilən şəxs bu vertolyotları alıb şəxsi nəqliyyat vasitələrinin sırasına qata bilər. Ya da biznesmen atası tərəfindən ad gününə vertolyot hədiyyə edilən "papanın gül balası” öz həyətlərində helikopterlə "selfie” çəkdirib "feysbuk”a qoyar, özünü nəyi var reklam edərək kasıbların gözünü çıxardar. Hətta, Allah göstərməsin, sabah vertolyot sahibləri pilotluq həvəsinə düşərək paytaxt Bakının üzərində bir neçə dövrə vurmaq sevdasına da düşərlər. Axı varlığa nə darlıq! Bəzi harınlamış zənginlərin nəqliyyat vasitələrini nə cür istifadə etdiklərini nəzərə alsaq, başımız üzərində necə bir təhlükə yaranacağını güman etmək çətin olmaz. Əlbəttə, cəmiyyətin əksər nümayəndəsi məsələnin bu yerə çıxmasına qarşıdır. Onsuz da məmur və sahibkar övladlarının yerdəki özbaşınalığından, "avtoşluğundan” yetərincə cana doymuşuq. Bu azmış kimi üstəlik, başımızın üstündə də "helikopter oynatmalarına” dözə bilmərik. Bu səbəbdən də vertolyotların hərraca çıxarılmasına münasibət bildirən ekspertlər hesab edirlər ki, belə vasitələrin satışı fərdi qaydada fiziki şəxslərə yox, hüquqi qaydada hansısa qurumlara, konkret faydalı işlərin görülməsi üçün satılmalıdır. Ekspertlərin fikirlərinə keçməzdən qabaq adını çəkdiyimiz Mİ-8 MTV1 helikopterlərinin texniki parametrlərinə və haralarda istifadə olunduğuna qısaca nəzər salmaq yerinə düşər.

Bu vertolyotlardan yanğınsöndürmə hadisəsində istifadə olunur

Mi-8 adlı hava aparatı ilk prototip uçuşunu 1961-ci ilin iyun ayında Sovet məkanında həyata keçirib. Həmin vaxt SSRİ ilə bərabər 40 ölkə standart orta mənzilli bu nəqliyyat vasitəsindən istifadə etməyə başlayıb. Daha sonra təkmilləşdirilmiş halda Mi-14 və Mi-17 tipli modelləri istehsal olunub. Əsasən ordu üçün nəzərdə tutulan vertolyotlar bununla yanaşı, mülki işlərdə də geniş istifadə olunmaqdadır. Türkiyədə bu tipli uçuş aparatlarından yanğın söndürmə proseslərində istifadə edilir. Vertolyotun kabinet də daxil olmaqla yük tutumu 4 tondur. İnsan daşınması üçün istifadə olunan Mİ-8-lər 22 sərnişin üçün nəzərdə tutulub. Vertolyotun istismar müddəti 30 ildən çoxdur.

"Kəlbəcər işğal ediləndə Mİ-8 vertolyotu ilə 7 minə yaxın adam daşımışıq”

"AZAL”ın sabiq prezidenti Ədalət Əliyev də "Şərq”ə açıqlamasında bu vertolyotların texniki parametrlərinə görə kifayət qədər güclü olduğunu deyib: "Əfqanıstan müharibəsi, eləcə də regionda baş vermiş sonrakı savaşlar Mİ-8-in çox effektli və dözümlü olduğunu sübut etdi. Xüsusən, müharibə şəraitində bu helikopterlərdən bir çox məqsədlər üçün istifadə edilir. Fikrimcə, belə vertolyotlara dövlətin özünün böyük ehtiyacı var. Biz müharibə şəraitində olan ölkəyik. Milli ordumuz üçün həmin vertolyotlardan yararlanmaq daha yaxşı olar. Həmin helikopterlər desant qüvvələrin daşınmasında, döyüş bölgəsinə silah-sursat nəql edilməsində, yaralıların təcili hospitala çatdırılmasında müstəsna üstünlüyə malikdir. Sizə bir şeyi də xatırladım, biz o vaxt Kəlbəcər işğal ediləndə Mİ-8 vertolyotu ilə 7 minə yaxın adam daşımışıq”.

Ə.Əliyevin sözlərinə görə, helikopterlərin istismar müddəti konkret zamanla ölçülmür. Bu müddət onların uçuş saatından və nə qədər vaxt yerə enib, qalxmasından asılıdır: "Eyni zamanda vertolyotun istifadə dövrü onun fiziki durumu ilə bağlıdır. Elə ola bilər ki, yeni istehsal olunmuş bir vertolyot qəza keçirsin və səmərəli istifadə oluna bilməsin. Bu vəziyyət artıq onun istismar müddətinin başa çatması deməkdir. Yəni istehsal tarixi o qədər də mühüm rol oynamır. Dünya praktikasında da köhnəlmiş vasitələrin qeydiyyatdan silinməsi anlayışı yoxdur. Qərb praktikasına görə, hansısa helikopterin ehtiyat hissəsi sıradan çıxıbsa, onu yenisi ilə əvəzləyib təzədən istifadəyə verirlər”.

Bu, maşın deyil, fiziki şəxslər helikopter almağa o qədər də həvəsli olmayacaq

Mİ-8-lərin hərraca çıxarılması məsələsinə münasibət bildirən müsahibimiz fiziki şəxslərin helikopter almağa o qədər də həvəsli olacağını düşünmür: "Birincisi, can şirin şeydir. Hava nəqliyyat vasitələri hər zaman insanlar üçün təhlükəli, qorxuducu görünür. İkinci tərəfdən isə vertolyotun saxlanma problemi var. Bu vasitəyə daimi qulluq edilməli və baxılmalıdır. Helikopter hər zaman istismar vəziyyətində saxlanılmalıdır. Bu, maşın deyil”. Ə.Əliyev hazırda 4 qurumda, "AZAL”da, Müdafiə və Fövqəladə Hallar Nazirliyində və Sərhəd Qoşunlarında Mİ-8 vertolyotlarından istifadə edildiyini deyib: "Yəqin ki, bu qurumlardan biri həmin helikopterləri Əmlak Komitəsinə hərraca çıxarmaq üçün verib. Əgər satmaq istəkləri də rus istehsalı olan bu uçuş aparatlarının istismar müddətinin bitməsi ilə bağlıdırsa, onda qurum özü onları silib, "metallom” kimi sata bilərdi”.

Köhnə helikopterlərin satışı dövlət büdcəsinə əlavə gəlir gətirəcək

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Dövlət Əmlak Komitəsi daşınan əmlakın satışını həyata keçirmək hüququna malikdir. Hətta helikopterlərin satılmasını da müsbət addım kimi dəyərləndirmək olar. Ancaq ekspertin sözlərinə görə, həmin vertolyotlar fiziki şəxslərə deyil, hüquqi şəxslərə satılmalıdır: "Hüquqi şəxslər tərəfindən həmin vertolyotların alınması və fərdi məqsədlər üçün deyil, biznes və sahibkarlıq məqsədi ilə faydalı işlər üçün istifadə edilməsi müsbət hal olardı. Məsələn, hansısa yük və ya sərnişin daşımada, yanğın söndürmə və can qurtarma əməliyyatlarında istifadə edilə bilər. Bu baxımdan hərracda həmin vertolyotların alınma səlahiyyəti yalnız hüquqi şəxslərə verilə bilər. Söhbət ondan gedir ki, helikopterlərin alınması və istifadəsi hava nəqliyyatı baxımından güclü tənzimlənmə tələb edir. Çünki fərdi şəxslərin pulları hesabına aldıqları vertolyotlardan hansı məqsədlər üçün istifadə etmələri qaranlıqdır. Burda nəzarətdən çıxma halları ola bilər”. İqtisadçının fikrincə, burda müsbət tərəf ondan ibarətdir ki, köhnə helikopterlərin satışı dövlət büdcəsinə əlavə gəlir gətirəcək.

İsmayıl