“Parlamentdə tikanlı sözlər olmaz”

Vitse spikerlə deputat arasında qalmaqal yaşandı




Parlamentin payız sessiyasının dünən keçirilən ilk toplantısında bir sıra bəyannamə və sazişlər təsdiq olunub. Layihələrin müzakirəsi zamanı vitse-spiker Ziyafət Əsgərovla deputat Zahid Oruc arasında qalmaqal yaşanıb. Gündəliyə salınan məsələlərin müzakirəsinə qatılan Z.Oruc bildirib ki, Milli Məclisin qısa müddət ərzində 36 qanun layihəsi qəbul etməsi dünya üzrə rekorddur. Z.Əsgərov isə deputata müraciətlə belə tikanlı sözlərin lazım olmadığını söyləyib:

"Layihənin mahiyyəti üzrə danışmaq lazımdır. Niyə deyirsiniz ki, rekord vururuq? Sabah da hansısa mətbuat orqanı lağla yazacaq ki, parlament qısa müddətə 36 qanun qəbul etdi. Heç olmasa, parlamentə gəlməzdən öncə evdə müzakirə olunacaq məsələlərə baxın və hansı məsələ haqqında nə deyəcəyinizi düşünün. Yoxsa burada gəlib müzakirə zamanı fikir bildirirsiniz. Axı belə olmaz. Hələ cənab spiker bildirdi ki, müzakirəyə çıxarılan məsələlərin əksəriyyəti redaktə və digər qanunlara uyğunlaşdırma xarakteri daşıyır. Burada ciddi elə bir məsələ müzakirə olunmur ki, fikir bildirəsiniz”.

Z.Oruc vitse-spikerin bu iradını cavabsız qoymayıb: "Mən az şəxslərdən biriyəm ki, qanunlarla tanış oluram. Sözlərimdə isə tikanlı elementlər yoxdur”.

Z.Əsgərov növbəti dəfə millət vəkilinin sözünü kəsərək təkidlə tələb edib ki, mahiyyəti üzrə danışmaq lazımdır: "Əks təqdirdə, Zahid müəllim, sizə söz verilməyəcək”. Sözünü davam etdirən Z.Oruc bildirdi ki, kiminsə burada öz elmi və hüquqi biliklərini nümayiş etdirməyə ehtiyac yoxdur.

"Axı zarafatın öz yeri var...”

İclasda spiker Oqtay Əsədovla deputatlar arasında maraqlı olay baş verib. Azərbaycanın bir neçə ölkə ilə bağladığı sazişlərin təsdiqi məsələlərini elan edən deputat Azər Kərimliyə spiker bir neçə dəfə irad tutub.

O.Əsədovun iradı onsuz da mətni əvvəldən məlum olan sazişlər barədə deputatın uzun-uzadı danışmasına olub. Spikerin bir neçə dəfə xəbərdarlığına baxmayaraq, deputat hər sazişin təqdimatında yenə geniş çıxış edib. Növbəti dəfə O.Əsədovun ciddi etirazından sonra millət vəkili növbəti saziş barədə cəmi bir cümlə təqdimat edib. Bunu görən spiker deputata istehza ilə cavab verib: "Ay sağ ol. Axır ki, haqqın yoluna gəldin”.

Bu zaman deputat Elmira Axundova yerdən spikerə deputatları tələsdirməkdə irad tutub. Ona cavab olaraq O.Əsədov mətnin əvvəldən məlum olduğunu, kim istəmirsə, səs vermədiyini xatırladıb. E.Axundovanın gülərək "yaxşı, zarafat edirdim” - deyə cavab verməsi spikerin daha da təəccübünə səbəb olub: "Axı zarafatın öz yeri var...”.

"Nəyə görə 20 minə yaxın gəncin həyatını məhv etməliyik?”

"Valideynlərin əməkhaqqısı az olduğundan ildə 20 minə yaxın tələbə təhsili yarımçıq qoymaq məcburiyyətində qalır”. Bu fikri isə millət vəkili Əli Məsimli dilə gətirib. Onun sözlərinə görə, bu gün özəl sektorda çalışanların orta aylıq əməkhaqqı 450 manat, dövlət strukturunda çalışanların əməkhaqqı 200-400 manat təşkil etdiyindən onlar təhsil haqqını verə bilmir və nəticədə gənclər təhsildən uzaqlaşmalı olur: "Təkcə 2013-cü ildə təhsil kreditini verə bilməyən tələbə ali təhsil ocağından xaric olunub, 10 mindən artıq tələbə isə məcburiyyət qarşısında akademik məzuniyyət götürüb. Hökumət bu xoşagəlməz hadisənin qarşısını almaq üçün ya təhsil krediti haqqında qanun qəbul etməlidir, ya da ki, təhsili pulsuz etməlidir. Hansı ki, bu gün bəzi Avropa ölkələri bu istiqamətdə addımlar atmaqdadırlar. Nəyə görə 20 minə yaxın gəncin həyatını məhv etməliyik? Bunu düşünüb ciddi addımlar atmalıyıq”. Bu məsələdə bəzi maraqlı qüvvələrin olduğunu deyən deputat onu da əlavə edib ki, məsələ komitədə müzakirə olunub və kimin bu məsələdə maraqlı olduğu ortaya çıxıb. Rəqabət Məcəlləsinin qəbulunun vacibliyini qeyd edən millət vəkili bildirib ki, bu, süni qiymət artımının qarşısını alacaq. O, eyni zamanda reklam haqqında yeni qanunun qəbulunun vacibliyini qeyd edib.

"Siyasi partiyalar bir şəxsin maliyyəsindən asılı olanda, həmin partiya o şəxsin lobbiçisinə çevrilir”

İclasda "Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklik də müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, qanunun 12-1.1.2-ci maddəsinə edilən dəyişikliyə əsasən "hər il maliyyə hesabatını müvafiq icra hakimiyyəti orqanına” sözləri "bu qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş maliyyə hesabatını və 21.4-1 maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına” sözləri ilə əvəz edilir. Bundan başqa, qanuna yeni 18-1. maddəsi də əlavə olunur. Yeni maddəyə görə, üzvlük haqqı siyasi partiya üzvləri tərəfindən pul formasında mütəmadi ödənilən vəsaitdir. Üzvlük haqqının məbləği siyasi partiyanın Nizamnaməsi ilə müəyyən edilir və bu məbləğdən artıq ödənişlər ianə hesab edilir. Daha bir əlavə edilən 19.7-ci maddədə isə deyilir ki, şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi 10 min manatdan yuxarı ola bilməz.

Layihənin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, bir şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddinin 10 min manatdan yuxarı olmaması ilə razıdır: "Mən əvvəl demişdim ki, siyasi partiyalar bir şəxsin maliyyəsindən asılı olanda, həmin partiya o şəxsin lobbiçisinə çevrilir. Bizim qanuna görə, 3 faiz səs toplayıb parlamentə düşə bilməyən partiyalara maliyyə ayrılması nəzərdə tutulub. Ancaq belə partiyalar yoxdur, maliyyə isə büdcədə qalır. Fikrimcə, bu maliyyə də siyasi partiyalara ödənməlidir. Amma bir təklifim var ki, siyasi partiyaların maliyyə hesabatı Ədliyyə Nazirliyinə verilməlidir, layihədə göstərildiyi kimi Mərkəzi Seçki Komissiyasına yox”.

"Bu ideyanı kim ortaya atıbsa, yenidən fikirləşsin. Qanuna hörmət eləmək lazımdır”

Millət vəkili Siyavuş Novruzov isə deyib ki, başqa partiyalardan fərqli olaraq, yalnız təmsil etdiyi hakim partiya ildə bir dəfə ictimaiyyətə maliyyə hesabatını açıqlayır. O, partiyaların şəffaf fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Həmçinin təklif edib ki, ianələr siyasi partiyalara banklar vasitəsilə köçürülsün: "Siyasi partiyaya ianə köçürən şəxsin yaşı 18 yaşdan aşağı olmamalıdır”.

Deputatlar İqbal Ağazadə və İlyas İsmayılov da maliyyə hesabatının MSK-ya verilməsinin əleyhinə çıxıblar. Onlar bildirib ki, bu, ya Ədliyyə Nazirliyinə, ya da Maliyyə Nazirliyinə təqdim olunmalıdır. İ. İsmayılov isə deyib ki, MSK-nın ümumiyyətlə, qanunvericilik baxımından buna səlahiyyəti də çatmır: "Bu ideyanı kim ortaya atıbsa, yenidən fikirləşsin. Qanuna hörmət eləmək lazımdır”. Deputatlara cavab verən parlament sədri Oqtay Əsədov deyib ki, hesabatın MSK-ya verilməsi o deməkdir ki, siyasi partiyaların maliyyə məsələlərinə dövlət qurumları müdaxilə etməsin. Layihə səsə qoyularaq qəbul olunub.

Anar Bayramoğlu