Ümid ağsaqqallara, ağbirçəklərə qalıb?

Nə qədər toy karvanları al-qan içində boğulub


Rəsmi qurumlar toy karvanlarına əncam çəkməyə hazırlaşmağında, sərsəm sürücülərsə camaatın toyunu yasa çevirməkdədi. Göyçayda baş vermiş dəhşətli yol qəzasından artıq bütün ölkə əhalisi xəbərdardır. Göyçayın Şahsoltanlı kəndindəki toy mərasiminə gedən qonaqlar dəhşətli avtomobil qəzasına düşüblər. Toy karvanındakı avtomobilin qarşıdan gələn avtomobillə toqquşması nəticəsində 9 nəfər dünyasını dəyişib, yaralılar da var.

Baş vermiş bu faciə yüksək sürət, toy karvanına qoşulan avtomobil sürücülərinin məsuliyyətsizliyi, başıpozuqluğunu bir daha gündəmə gətirir. Bu qədər deyilir, xəbərdarlıq edilir, bu qədər insan həyatı məhv olur, toylar yasa çevrilir, ailə qurmağa hazırlaşanların evliliyi ilk gündən qana bulanır, adamlara ar olmur ki, olmur. Təkəbbür, yekəxanalıq, mənəm-mənəmlik, şoulara aludəçilik və sonu faciə gətirən yüngüllük millətin evini yıxıb.

Xatırlayırsınızsa, bir müddət əvvəl sosial şəbəkələrdə avtomobili arxaya - "zadni” sürən bir sürücünün videosu yayılmışdı. Həmin avtomobil də məhz toy karvanında idi. Təhlükəli hərəkətlər edən sürücü toy əhlinə "məharətini” göstərirdi. Sürücünün yüksək "peşəkarlığını” əks etdirən həmin videoçarx bir neçə gün sosial şəbəkələrdə izlənmə rekordu qırdı. Videonu izləyənlərin reaksiyası isə demək olar ki, eyni idi. Əvvəlcə videonu maraqla izləyənlər, az sonra "belə də iş olar?! Demir, "avariya” eləyərəm, xalqın toyu yasa dönər...” deyə narahatlıqlarını ifadə edirdilər.

Xəta-bəladan kimsə sığortalanmayıb. Faciənin də kimin başına gələcəyi bəlli deyil. Maşınını "zadni” sürənə heç nə olmamışdı, amma nə qədər toy karvanları al-qan içində boğulub və boğulur da. Elə sonuncu Göyçay faciəsində olduğu kimi.

Avtomobillərin çoxluğu ilə xoşbəxtlik çoxalmır

Qeyd edək ki, Dövlət Yol Polisi İdarəsi toy karvanları ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Toy karvanlarına qoşulmuş avtomobillərin yol-hərəkət qaydalarını pozduqlarına görə ciddi məsuliyyətə cəlb olunacaqlarını bildirib. Hətta DYPİ-nin şöbə rəisi Vaqif Əsədov təmsil etdiyi idarənin adından toy sahiblərinə "karvandakı” avtomobillərin sayının azaldılmasını da tövsiyə edib: "Axı avtomobillərin sayının çox olması yeni evlənənlərin nə sevgisini artıracaq, nə də onları xoşbəxt edəcək”.

V.Əsədov Trend-ə müsahibəsində toy karvanlarının dəhşətli statistikasını da açıqlamışdı:

- Təkcə 2013-cü ildə Bakıda "toy karvanları”ndakı avtomobillərin iştirakı ilə 47 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 9 nəfər ölüb, 32 nəfər xəsarət alıb. Xüsusilə axşam saatlarında "toy karvanları”nda iştirak edən avtomobillər tərəfindən yolboyu səs siqnallarından lüzumsuz istifadə edilməsi, yolun hərəkət zolaqlarının tutulması, işıqforun qırmızı işığında dayanmadan hərəkət etməsi, yolayrıclarını keçmə qaydalarını pozması, ehtiyac olmadan asta sürətlə hərəkət etməsi, yola bitişik şadlıq saraylarının qarşısında dayanmış avtomobillərin hesabına yolların daralması, həmin yol üzrə gediş-gəlişin çətinləşməsi və süni tıxacların yaranması daha çox müşahidə edilir. Belə neqativ hallar əhalinin narahatlığı və narazılığına səbəb olur. Ona görə də "toy karvanları”nda iştirak edən avtomobil sürücülərini bir daha ciddi nizam-intizama dəvət edir və xəbərdarlıq edirik ki, paytaxt ərazisində "toy karvanları”nda iştirak edən hər bir avtomobil hərəkət marşrutu boyu izləniləcək və kimliyindən asılı olmayaraq, qayda pozucuları qanunverciliyin tələblərinə uyğun şəkildə cəzalanacaqlar. Xahiş edirik, bəy-gəlinin xoşbəxtliyinə qanqaraçılıq qatmasınlar və başqalarının bədbəxtliyinə gətirib çıxaran hadisələrə rəvac verməsinlər.

"Həmin ailə ömrü boyu o məşum günü xatırlayacaq”

Amma görünür, inzibati cəzalarla başıpozuq sürücüləri yola gətirmək çətindir. Burada mütləq ictimai qınaq da olmalıdır.

"Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı da belə hesab edir ki, ictimai qınaq bu problemin həllində əhəmiyyətli rol oynaya bilər.

Bu isə bilavasitə toy sahiblərindən asılıdır;

- Toy karvanları ilə bağlı mövcud olan problemin nəticəsi idi ki, özünü belə ağır, faciəli şəkildə göstərdi. Gənclər içir, bəlkə də hətta narkotik vasitələrdən də istifadə edib sükan arxasına keçirlər. Hətta bəlkə də o avtomobilləri sürənlərin heç sürücülük vəsiqəsi də olmur, atasının, əmisinin, dayısının, dostunun maşınını sürür, hoqqabazlıq edir, nəticə də faciə ilə bitir. Bunu bir tərəfə qoyaq. Bəs, toy karvanında bir ağbirçək, ağsaqqal yoxdur ki, sürücülərin qarşısını alsın? Desin, ay bala, mənim toyumu vaya çevirməyin?! Toy karvanında hətta bir avtomobil yüngülvari əziləndə də qanqaraçılıq olur. Bədbəxt əlamət kimi qarşılanır. Əvvəla, toy sahibi sürücülərə xəbərdarlıq etməlidir. Onların maşını yüksək sürətlə idarə etməsinə icazə verməməlidir, sərt müdaxilə etməlidir. Lap yeri gəlsə, sözə baxmayan sürücünü karvandan kənarlaşdırmalıdır. Şəxsən mən öz toyumda bir qohumumu avtomobili sürətlə idarə etdiyinə görə karvandan uzaqlaşdırmışam ki, görən, bilən mənə irad tutar. Belə məsələlərdə ilk növbədə böyüklər, ağsaqqallar, toy sahibləri həmin şəxsə irad bildirməlidir. Valideynlər övladlarının qanun pozuntusuna sərt yanaşmalıdırlar. Yol polisi üzərinə düşən işi görür. Xətanın növündən asılı olaraq, ya protokol tərtib edilib cərimə kəsilir, ya da protokol tərtib edilərək məhkəməyə göndərilir. Amma faciə baş veribsə, insanlar tələf olubsa, daha nə protokol onları geri qaytaracaq, nə cərimə. Lap azadlıqdan məhrumetmə də toyun yasa çevrilməsini hafizələrdən silməyəcək. Həmin ailə ömrü boyu o məşum günü xatırlayacaqlar, ürəklərində bir yara olacaq.

Bunu insanlar niyə başa düşmür, görəsən? Deyək ki, cavanlar çılğındır, qanıb-qandırmırlar. Bəs yaşlılar, ağsaqqallar hardadır?!

Bu avtomobili normal sürətlə sürmək də olar. Elə gərək qaydaları pozub özlərini nümayiş etdirsinlər? Mən bunun günahını böyüklərdə, valideynlərdə görürəm. Gərək böyüklər bu cür avtoxuliqanlıqların qarşısını alsınlar. Almayacaqlarsa, bax belə faciələr yaşanacaq. İndi yaxşıdımı, nə qədər ailənin bədbəxtliyinə səbəb oldular. O ailələr həyatları boyu toyu olan cütlüyü ittiham edəcəklər. Daha burada hansı xoşbəxtlikdən söhbət gedə bilər?!

Avtoxuliqanlar ictimailəşdirilməlidir

E.Muradlı qeyd etdi ki, toy karvanındakı faciə ilə bağlı şübhəsiz DYP lazımi faktları toplayacaq, avtomobillərin hansı sürətlə hərəkət etdiyi müəyyənləşəcək, günahkarlar tapılacaq.

- Yollarda baş vermiş hər hansı hadisə müşahidə kameraları tərəfindən qeydə alınır. Ona görə də heç kim məsuliyyətdən qaça bilməz. Amma baş vermiş bu faciəli hadisələr toy karvanları ilə bağlı xüsusilə sərt qaydaların tətbiqini zəruri edir. Məncə, DİN və DYP daxili əmrlə bu məsələni tənzimləməlidir. Xüsusi qaydalar tətbiq edilməlidir ki, məsələn, toy karvanı 6 maşından artıq olmamalıdır və maşınların hamısı eyni zolaq üzrə hərəkət etməlidir, işıqforun göstərişlərinə də sözsüz əməl olunmalıdır. Yoxsa ki, bəy-gəlin maşını işıqforda dayanmır, keçir, sonra gələnlər də onların ardınca şütüyür. Toy karvanları ilə bağlı məxsusi olaraq sərtliyə ehtiyac var. Burada söhbət bir neçə nəfərin taleyindən gedir. Axşam saat 6-7 radələrində yolları zəbt edirlər, tıxaclar yaranır, ictimai nəqliyyatın hərəkətinə mane olurlar. Bunun qarşısı mütləq alınmalıdır.

E.Muradlının fikrincə, belə faktlar barədə ictimaiyyətə geniş məlumat verilməli və bu məlumatların yayılması təmin edilməlidir:

- "Avtoş” sürücülər, qaydalara məhəl qoymayanlar aşkar surətdə cəzalandırılmalıdır və cəmiyyət də bunu görməlidir. Belə olan halda ictimaiyyətdə qanun pozucularının məsuliyyətə cəlb olunmasına dair əminlik yaranır. Görürük ki, bəzən hansısa cinayətdə şübhəli bilinən şəxslər istintaqa cəlb olunanda telekanalların çəkiliş aparmasına etiraz edirlər, bəzisi üzünü gizlədir. Deməli, utanırlar, kimlərinsə onları görməsini istəmirlər. İctimai qınaqdan çəkinirlər. Bu "avtoşları”da belə utandırmaq lazımdır. Avtoxuliqanların adı rəsmən açıqlanmalıdır və ictimaiyyətə nümayiş olunmalıdırlar. Bəlkə utanar, həmin hərəkətləri təkrar etməzlər.

Məlahət Rzayeva