Yağış yağanda Hacıbala yada düşür

İllərdir bu mənzərə dəyişmir, gözəl şəhər bərbad günə düşür


Paytaxt yenə yağış sularına təslim oldu. Tıxaclar, yollar boyunca axan sellər, gölməçələr, keçilməz hala gələn səkilər... Bakı sakinləri yağış proqnozu verilən kimi hansı mənzərə ilə qarşılaşacağını onsuz da bilir. İllərdir bu mənzərə dəyişmir. Sanki hansısa cadugər Bakını ovsunlayıb. Şəhərin yağış problemi heç cür həllini tapmır.

Şəhərdə bu qədər təmir işləri aparılır, yollar çəkilir, körpülər salınır, Hacıbala müəllim səkilərin kənarına mərmər döşətdirir, işıq dirəklərindən dibçəklər asdırır, faydası yoxdu ki, yoxdur. Yağış yağan kimi gözəl şəhər palçığa batmış çirkin qıza çevrilir. Tıxacların bir ucu "Şamaxinka”da, bir ucu Xırdalanda dayanır. Maşınların siqnalından qulaq tutulur. Heç səkilərin üstü ilə addımlamaq olmur. Çünki gərək əvvəlcə səkiyə adlaya biləsən axı... Qayığımız ki yoxdur, üzə-üzə keçək. Məsələn, Babək prospektindəki körpünün altında daim yağış və digər çirkab sular göllənib qalır. Avtobuslar həmin ərazidə sərnişinləri nə aşağı endirə bilir, nə də mindirə bilir. Çünki avtobusa minmək üçün gərək ən azından yüngül atletika üzrə usta olasan ki, gölməçənin üzərindən atlanıb avtobusa minəsən.

Şəhərimiz niyə bu günə düşür?

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında belə bir biabırçı vəziyyətin yaranmasının səbəbini şəhər təsərrüfatına rəhbərlik edənlərin səriştəsizliyi ilə əlaqələndirdi:

- Şəhər təsərrüfatının idarə olunması bu işi bacaranlara həvalə edilməlidir. Şəhər təsərrüfatına rəhbərlik edənlərin səriştəsizliyinin nəticəsidir ki, hər dəfə yağış, qar yağanda paytaxt sakinlərinin "əzablı yolları” başlayır. Yol çəkilişi standartlara uyğun aparılmır, körpülərin, keçidlərin tikintisində tələb nəzərə alınmır, harda körpüyə ehtiyac var, orada körpü yoxdur, amma harada ki, körpüyə heç bir ehtiyac yoxdur, körpüsüz də çox gözəl keçinmək olar, orada körpü-keçid salınıb. Yolların salınmasında, körpü və keçidlərin tikintisində avtomobil sıxlığı, hansı yollardan avtomobillərin daha çox hərəkət etdiyi nəzərə alınmayıb. Şəhərdə iri tonnajlı maşınlar, daş, qum daşıyan maşınlar, beton qarışdıranlar günün günorta çağı hərəkətdədir və bu da tıxacların sayını artırır. Yol çəkilişi zamanı kanalizasiya xətləri düzgün çəkilmir, suyun axar yerləri qoyulmur. Əvvəlkilər də artıq köhnəlib, yağış sularını axıda bilmir. Bilirsiz, şəhər böyüyürsə, burada hər şey inkişafa uyğun olmalıdır. Ola bilməz ki, siz 16 mərtəbəli bina tikəsiniz, amma onun nə səkisi, nə həyəti, nə də bağçası, nə də qarajı olsun. Su da ancaq 10 mərtəbəyə çatsın. İnkişaf, böyümə hərtərəfli aparılmalıdır. Bizdə isə əksinədir. Şəhər uzununa böyüyür, hündürmərtəbəli binalar tikilir, yollar salınır, amma bir kimsə düşünmür ki, bəs yağış yağanda bu su hara axacaq? Bakının kanalizasiya sistemi köhnədir. Ötən əsrdə Bakıda indiki qədər insan yaşamırdı, şəhər əhalisinin sayı artıb, mənzillərin sayı artıb, kanalizasiya sistemi isə sovet vaxtında olduğu kimi qalır. Əvvəl gərək kanalizasiya sistemi yenilənəydi, təkmilləşdiriləydi, sonra binaların tikintisinə başlayaydılar. Bundan əlavə, şəhər təsərrüfatı ilə məşğul olan qurumlar bir-birilə əlaqəli şəkildə işləmir. Biri yol çəkir, asfalt salır, ertəsi gün başqa təşkilat gəlib asfaltı qazır, su borusu, qaz xətti çəkməyə və ya xətləri yeniləməyə başlayır. Yol kənarındakı su kollektorları, kanalizasiya xətləri mütəmadi təmizlənməlidir, "gözləri” açılmalıdır ki, suyu çəkib apara bilsin. Bəzən yol çəkirlər, su kollektoru qoymağı unudurlar. Ya da yəqin, buna lüzum görmürlər. Nəticədə belə biabırçı vəziyyət yaranır. Yağış yağanda Bakı bərbad günə düşür. Bunu siz də bilirsiz, hamı da bilir. Bu, bizim ümumi problemimizdi. Amma problemi həll edən yoxdur.

Məlahət Rzayeva