Putin Xəzər həmləsinə başlayıb

Rusiyanın təklifi, dənizin milli sektorlara bölünməsindən imtinaya səbəb olacaq



Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti bir neçə məqamla yadda qaldı. Əslində sammitdə müzakirəyə çıxarılan əsas məsələ Xəzər dənizinin statusu və təhlükəsizliyi ilə bağlı idi. Amma Putinin Xəzəryanı ölkələrin rəhbərləri ilə ikitərəfli görüşlər keçirməsi və öz niyyətini əvvəlcədən bəyan etməsi sübut edirdi ki, Kreml Xəzərlə bağlı öz siyasətini və təklifini tərəflərə qəbul etdirməyə çalışacaq.

Məlumdur ki, hüquqi status məsələsində Xəzəryanı dövlətlər uzun zamandır ortaq məxrəcə gələ bilmirlər. Düzdür, Rusiya, Qazaxıstan və Azərbaycan bu məsələni öz aralarında həll ediblər və dənizin dibinin sərhədlərini müəyyənləşdiriblər. Ancaq hələlik İran və Türkmənistanla dil tapmaq mümkün olmayıb. Çünki bu iki ölkədən fərqli olaraq rəsmi Moskva Xəzərin sektorlara bölünməsinin əleyhinədir. Hazırda Xəzəryanı ölkələrin dənizin su ehtiyatları və dibinin bölünməsi sahəsində hüquqi statusları 1921 və 1940-cı illər müqavilələri ilə tənzimlənir. Təbii ki, bu statusla razı olmayanlar var. Məsələn, İran Xəzərin ətrafında yerləşən ölkələrin sayına görə beş bərabər hissələrə bölünməsini təklif edir. Əgər Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin modifikasiya edilən orta xətdən başlayaraq milli sektorlara bölünməsini qəbul edirlərsə, İran hər ölkəyə 20 faiz olmaqla Xəzərin bərabər hissələrə bölünməsini təklif edir. Ortaq məxrəcə gəlmək mümkün olmadığına görə hüquqi status məsələsinin həlli yubanır.

Sammitdə diqqət çəkən, hətta etiraza səbəb olan əsas məsələlərdən biri Rusiyanın Xəzər dənizinə xarici ölkə gəmilərinin girişinə qadağa qoyulması ilə bağlı irəli sürdüyü təklif olub. Artıq bir neçə dəfə Rusiya oxşar təşəbbüslə çıxış edib. Rusiyanın çıxışındakı məntiqə görə, kənar qüvvələrin, konkret olaraq, Qərbin Xəzərə girişi yasaqlanır. Xəzərin statusu ətrafında müzakirələrdə diqqətçəkən digər məqam isə Ermənistana çıxış imkanlarını tanımaq üçün Rusiya və İranın canfəşanlığı olub. Bu təklif birbaşa olmasa da, dolayısı yolla Bakının blokadaya saldığı Ermənistana öz mallarını İran gəmiləri vasitəsi ilə Ənzəliyə çıxarmaq imkanı verir. Bəllidir ki, Rusiya və İran Ermənistanla iqtisadi əlaqələri yaxınlaşdırmaq üçün dəfələrlə cəhdlər edib. Tərəflər əvvəllər də bir sıra böyük layihələrin həyata keçirilməsi barədə niyyətlərini gizlətməyiblər. Rusiya və İranın bu gedişi onu göstərir ki, İrəvan üçün gələcəkdə Xəzər dəhlizi yaradıla bilər. Əgər Xəzərin statusu Rusiyanın dediyi prinsiplərlə həll olunsa, o zaman ümumi dəhliz yaradılacaq və erməni malları İrana, oradan da Rusiya və digər Xəzəryanı ölkələrə çıxarılacaq.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Putinin Həştərxan görüşündə Xəzərin statusu ilə bağlı səsləndirdiyi təklifi şərh edərkən bildirib ki, belə bir təklif yalnız Moskva və Tehran üçün faydalı ola bilər: "Putin yeni bir həmləyə başlayıb. Bu da Xəzər həmləsidir. O, rusların maraqlarını təmin etmək üçün müxtəlif manevrlərə gedir. Putinin irəli sürdüyü təklif Xəzərin milli sektorlara bölünməsindən imtinaya gətirib çıxarda bilər ki, bu da həm Azərbaycan, həm də digər Xəzəryanı ölkələr üçün sərfəli deyil. Onun təklifi yalnız İran üçün xeyirlidir. Bu məsələdə Ruhani ilə Putinin fikirləri üst-üstə düşür”. Q.Hüseynli deyib ki, Rusiya bir güllə ilə bir çox hədəf vurmaq istəyir: "Rusiya Qərb qüvvələrinin Xəzərə girişini yasaqlayaraq, dənizdəki ağalığını möhkəmləndirmək məqsədi güdür. Digər tərəfdən də, uzun zamandır problemə çevrilən Ermənistanla marşrut problemini gündəmə gətirərək, düşmən ölkəni düşdüyü blokadadan çıxarmağa çalışır. Əgər bu layihə reallaşarsa, iqtisadi cəhətdən güclənən İrəvan Qarabağ üzərindəki işğalını davam etdirə bilər”.

Politoloq Sədrəddin Soltan isə hesab edir ki, Fars körfəzi Ermənistan üçün sərfəli deyil: "Ermənistan bu körfəzlə Orta Şərqə və Çinə gedə bilər. Amma İrəvanın əsas əməkdaşlığı Rusiya ilədir. Deməli, hər şey İrəvanın Moskvaya maneəsiz çıxışını təmin etməklə bağlıdır. İran Azərbaycanla münasibətlərdə Ermənistan faktorunu kənara qoymaq, Ermənistandan dəstək əlini çəkmək istəmir. Bunun da bir çox səbəbləri var. Əsas səbəb İranın Avrasiya İttifaqına daxil olmaq niyyətində olması və tərəfdaş olduğu Rusiyanın Ermənistan siyasətini dəstəkləməsidir”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Rusiya tərəfinin anonsundan belə nəticəyə gəlmək olar ki, status məsələsi yenə də həllini tapmayacaq: "Hazırda Xəzərdə nefti və qazı olan bir nömrəli ölkə, 50 il qabaqkı kimi, Azərbaycandır. İran yeganə Xəzəryanı ölkədir ki, dənizdə nə neft çıxarır, nə də qaz hasil edir. Elə İranın iki ayağını bir başmağa dirəyib, 20 faiz istəməsi də bu səbəbdən doğur. Sırf siyasi məqsəd güdür. Rəsmi Tehran bilir ki, Xəzərin dibinin bölünməsi ilə bağlı mifik tələb irəli sürməsə, heç nə qazana bilməyəcək. İran əslində bunu siyasi alver predmeti kimi Qərbin qarşısında qaldırır”.

Siyasi ekspert Sülhəddin Əkbər qeyd edib ki, Rusiyanın məqsədi NATO ölkələrinin Xəzərdə hərbi iştirakına imkan verməmək və buna təminat almaqdır: "Rusiya və İran uzun müddətdir ki, Xəzəri öz maraq dairəsi elan edib. Yaxın və Orta Şərqdəki vəziyyəti nəzərə alsaq, bu cür siyasətin yürüdülməsi başadüşüləndir. Burda əsas məqsəd Qərb dövlətlərinin, eyni zamanda Türkiyə və İsrailin Xəzərdə əl-qolunu bağlamaqdır. Əlbəttə, bu cür vəziyyət İran və Rusiya istisna olmaqla digər ölkələrin maraqlarına uyğun deyil. Ancaq məsələ burasındadır ki, nə Qazaxıstanın, nə Türkmənistanın, nə də Azərbaycanın Xəzərdə Rusiya və İranla rəqabət aparmaq üçün güclü hərbi potensialı var. Bu rəqabətdə hələlik Rusiya qazanır. Xüsusilə də 2008-ci ildən sonra Rusiyanın Cənubi Qafqazda, Xəzərdə mövqeləri xeyli möhkəmlənib”.

İsmayıl