İşin içində olan insanlar daha yaxşı bilir

Psixoloji yardım haqqında qanunun hazırlanmasına peşəkarlar cəlb edilməlidir



Son zamanlar ölkədə intihar hallarının və avtomobil qəzalarının sayının çoxluğu bu istiqamətdə ciddi addımların atılmasını önə çəkir. Bəzi millət vəkillərində narahatlıq doğuran bu məsələ hətta Milli Məclisə də ayaq açıb.

Belə ki, parlamentin Elm və təhsil komitəsinin ötən günlərdə keçirilən iclasında deputat Bəxtiyar Əliyev bildirib ki, bu il "Psixoloji yardım və psixoloji xidmət haqqında” qanunun qəbulu gözlənilir. Onun sözlərinə görə, layihənin ilkin bazası üçün materiallar var və Sosial siyasət komitəsi ilə birgə qanunun hazırlanması mümkündür.

Millət vəkili qeyd edib ki, belə bir qanunun qəbulu artıq Azərbaycan üçün çox vacibdir: "Bu gün intihar hallarının, yol qəzalarında həlak olanların say çoxluğunu nəzərə alaraq bu cür psixoloji xidmətlərə hüquqi baza yaratmaq, güclü dəstək vermək lazımdı”. Parlament üzvü onu da əlavə edib ki, Azərbaycanda müxtəlif adda psixoloji yardım mərkəzləri fəaliyyət göstərməyə başlayıb ki, onların fəaliyyətinin mahiyyəti bəlli deyil: "Qanunla belə psixoloji yardım mərkəzlərinin də fəaliyyəti tənzimlənəcək”.

Deputatın açıqlamasını dəyərləndirən psixoloq Azad İsazadə "Şərq”ə açıqlamasında deyib ki, bu çox yaxşı hadisə olardı: "Çünki hazırda fəaliyyət göstərən psixoloji yardım mərkəzlərinin kifayət qədər hüquq bazaları yoxdur. Düzdü, bu cür mərkəzlərdə insanlara yardım göstərilir. Amma onların rəyi hansısa hüquq bazasına söykənmir. Psixoloq öz fikrini bildirir. İstəyən eşidir, istəməyən eşitmir. Bu baxımdan yeni təşəbbüs çox əhəmiyyətlidir. Amma qanun layihəsinin hazırlanmasına cəlb olunacaq psixoloqların peşəkar olub-olmamasına diqqət yetirmək lazımdır. Çünki elə məsələlər var ki, məhz işin içində olan insanlar onların öhdəsindən gələ bilər”.

Ayyət Əhməd