Bir qadını vəsf etmək bu qədər gözəl alınarmış?!

Rəşad Məcid və Xumar Qədimovanın ortaq işi hamını təəccübləndirdi



Ötən gün Azərbaycan musiqi səhnəsinin ekstravaqant müğənnisi Xumar Qədimova və yazıçı, şair-publisist, Yazıçılar Birliyinin katibi Rəşad Məcid yaradıcılığının ortaq əsəri təqdim edildi. Niyə əsər deyirik? Çünki Rəşad Məcid və Xumar Qədimova tandeminin ötən gün təqdim etdiyi ortaq iş əsl sənət əsəri idi.

Bir qadını vəsf etmək bu qədər gözəl alınarmış?! "Bir də gəlməyəcək mənimtək qadın” Rəşad Məcidin qələmindən süzülən misralara o qədər səliqəli düzülüb ki, şeirin hər misrası qadın
məfhumunun sirrini açmağa kömək edir. Eyni zamanda mahnının musiqisindən xüsusi şəkildə danışmaq gərəkdir. Onu da qeyd edək ki, ötən gün Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı keçirilən "Bir də gəlməyəcək mənim tək qadın” mahnısının musiqisi məhz Xumar Qədimovaya məxsusdur. Mahnının musiqisi ilə sözlərində olan ahəng o qədər biri-birini tamamlayırdı ki, bu melodiyaya mahnı kimi baxmaq haqsızlıq olar. Əslində, Xumar Qədimovanın təqdim etdiyi bütün mahnıların, kompozisiyaların hər biri ayrı-ayrılıqda onun musiqi zövqünün üstünlüyündən xəbər verir və əsl sənət əsəridir. Xumar xanımın mahnıları seçərkən onlara xüsusi yanaşması var. O, ruhuna yaxın, qadın dünyasına uyğun, insani duyğulara xas, bəşəri mövzular seçməklə onları notların dili ilə mahnıya çevirir. Bu xanımın özəlliyi də elə ondadır ki, Xumar nə ifası, nə səsi, nə repertuarı ilə kimsəni xatırlatmır, kimsəyə bənzəmir. Onu dinləyərkən "görən kim idi” sualı yaranmır. Çünki Xumar ruhu səsi ilə özünü xatırladır. Yəqin elə Xumarın bənzərsizliyi Rəşad Məcidi onunla yaradıcılıq teli qurmağa vadar edib. R.Məcid təqdimat mərasimini açıq elan edərək bəstənin ərsəyə gəlmə tarixçəsindən və X.Qədimovanın sənətindən bəhs etdi: "Buraya Xumar xanımın nəğmələrini, özünü sevən insanları dəvət etmişik. Xumar xanımın öz dünyası var, fərqli səviyyənin daşıyıcısıdır. Bu şeiri 2011-ci ildə yazmışdım. Fikirləşirdim ki, bu sözlərə nəğmə qoşmaq çətin alınar. Amma Xumar xanım bunu etməyi bacardı”. Rəşad Məcid Xumar Qədimova haqqında fikirlərini dilə gətirərkən bildirdi ki, Xumar Qədimovanın musiqi zövqü, xanımlığı üst qatda dayanıb. Ona görə də onunla işbirliyi hər bir yaradıcı insana zövq verə bilir.

Xumar Qədimova hər zaman dillərdə əzbər olacaq bir nəğmə seçdiyini qeyd etdi: "Rəşad Məcid səmimi insandır. Bu səmimiyyət onun şeirlərində də öz əksini tapır. Mən onun hədiyyə etdiyi kitabdan bu şeiri seçdim, musiqi bəstələdim. Rəşad müəllim mahnıya qulaq asanda təəccübləndi. O, ağlına gətirmirdi ki, mənim seçimim bu şeir üzərində olacaq. Hər zaman dillər əzbəri olacaq nəğmələr seçirəm. İndiyədək təqdimat keçirməmişəm, bunun əleyhinə olmuşam. Məncə, elə mahnı oxumaq lazımdır ki, o, öz-özünü dinləyiciyə təqdim etsin. Bu bəstədə də hər bir insanın həyatında baş verə biləcək sevgidən bəhs edilib”.

Məlum oldu ki, müəlliflərin yaradıcılıq münasibətləri hələ bununla da bitmir. Onlar növbəti yeni bir mahnı üzərində də çalışırlar.

Təqdimat mərasimində millət vəkili Jalə Əliyeva da çıxış etdi. Millət vəkili də "Bir də gəlməyəcək mənimtək qadın”ı dinlədikdən sonra fikirlərini dilə gətirdi: "Mən bu gün bir daha bu musiqini eşitdikdən sonra əmin oldum ki, istər Rəşad Məcid, istərsə də Xumar Qədimova seçimlərində sərrastdılar. Rəşad Məcid yaradıcılığını izləyənlər bilir ki, o, seçimində diqqətlidir. Zövqlüdür. Bu gün Xumar xanımın ifasında onun misralarını eşitdikdən sonra bir daha əmin oldum ki, o, yazar olaraq seçimdə yanılmır. Xumar xanım da zövqü, poeziyaya bağlılığı ilə bir daha məni yaxşı mənada təəccübləndirə bildi. Bu gün gözəl bir yaradıcılıq işi təqdim olundu. Mənim anam da Xumar xanımın səsinin pərəstişkarıdır. Onun səsi həqiqətən fərqlidir, özünəməxsusdur”.

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, millət vəkili Aqil Abbas, İradə Tuncay və digərləri də səbəbkarları təbrik etdilər. Onlara yaradıcılıq uğurları arzuladılar. Bir sözlə, ötən gün Xumar Qədimova bir daha özəlliyini sübut etdi.

Tahirə