“Rusiya indi çox həyəcanlıdır”

“Ukrayna böhranının bitməsini gözləyən Putin Azərbaycanı öz tərəfinə çəkməyə çalışır”



Sentyabrın 29-da Həştərxanda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub. Prezidentlərin təkbətək və çoxtərəfli görüşündə bir neçə sənəd imzalanıb. Sərmayələrin təşviqi və qarşılıqlı qorunması barədə hökumətlərarası sazişi Rusiya tərəfindən iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, Azərbaycan tərəfdən isə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzalayıblar.

Məlumat üçün bildirək ki, sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev digər Xəzəryanı ölkələrin rəhbərləri ilə də təkbətək görüşlər keçirib. Amma Prezidentin Rusiya başçısı Putinlə görüşü xüsusi diqqət mərkəzində olub. Elə görüşdən əvvəl Putinin şəxsi köməkçisi Juri Uşakovun da səsləndirdiyi bəyanatdan aydın olub ki, Kreml Azərbaycan rəhbəri ilə görüşə böyük önəm verir və imzalanan sazişlərə xüsusi həssaslıqla yanaşır.

Politoloq Vəfa Quluzadə iki ölkə başçısının bir araya gəlməsini vacib hesab etsə də, Putinin səmimiyyətinə və qurtuluşuna inanmadığını deyib: "Putinin müşaviri Yuri Uşakovun görüş barəsindəki bəyanatı "iki dəfə iki dörd edir” məsələsindən başqa bir şey deyil. Burada yeni bir şey görmürəm. Əgər hansısa məsələdə razılıq əldə olunubsa, buyurub desinlər. Ancaq ortada konkret razılıq yoxdur. Sadəcə bölgədə indiki status-kvonun saxlanması barədə ümumi danışıqlar olub. Ancaq burda məsələ başqadır. Rusiya indi çox həyəcanlıdır. Ukrayna böhranının bitməsini gözləyən Putin Azərbaycanı öz tərəfinə çəkməyə çalışır. Həm də Moskva ümid edir ki, Ukrayna məsələsi tezliklə həll olunacaq və Qərbin sanksiyaları dayanacaq. Ondan sonra Rusiya Amerika və Avropa İttifaqı ilə əlaqələrini bərpa edəcək. Bu isə həqiqətə uyğun deyil. Putinin sonu fəlakətdir”.

Prezidentlərin Həştərxan görüşünü şərh edən siyasi ekspert Elçin Abdullayev də deyib ki, Qərb dövlətlərinin ağır sanksiyalarına tab gətirməyən şimal qonşumuz siyasi və iqtisadi cəhətdən təcrid vəziyyətinə düşüb. Buna görə də, yaxında və uzaqda özünə müttəfiqlər axtarır. İqtisadi baxımdan inkişaf etmiş Azərbaycan dövləti isə Moskva üçün ən münasib müttəfiqdir: "Rusiya Azərbaycanın dəstəyinə ciddi ehtiyac duyur. Cənubi Qafqazda ciddi maraqların olmasını heç vaxt gizlətməyən və ən müxtəlif üsullarla bu maraqlarını təmin etməyə çalışan, Qərblə münaqişədə olan Rusiya üçün indiki şəraitdə Azərbaycanla yaxınlaşmaq böyük qurtuluş əhəmiyyəti kəsb edir. Bu səbəbdən bazarlarını Azərbaycan kənd təsərrüfatı məhsullarının üzünə açan Rusiya ölkəyə maliyyə vəsaitləri cəlb etməyə çalışır. Buna görə də Putinin köməkçisi Uşakov prezidentlərin görüşünün çox vacib olduğunu qeyd edirdi”.

İsmayıl