Məhkəmə icraçıları gəldi: “Hafka”nın evi boşaldılır - YENİLƏNİB

Hafiz Məmmədovun külli miqdarda borcunun olduğu bildirilir


Məhkəmə icraçıları Hafiz Məmmədovun evinin qarşısını tərk edib. Lent.az-ın məlumatına görə, məlum olub ki, ev Hafka adı ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olsa da, sənədlər mülkün Məmməd Xudayev adlı şəxsə aid olduğunu göstərib. Banka yaranmış borcu da məhz M.Xudayev ödəməli olduğundan məhkəmə qərardadı ilə icraçılar həmin evə gəliblər. Bundan bir qədər sonra isə M.Xudayev "Mercedes S Class" markalı avtomobillə həmin ünvana, Teymur Əliyev küçəsinə gəlib. Burada icraçılarla borclu şəxs, eləcə də bank rəhbərliyi arasında mübahisə yaranıb. Bank nümayəndələri M.Xudayevdən 280 min manat borcu ödəməyi tələb ediblər. M.Xudayev isə banka yalnız 200 min manat borcu olduğunu və bu məbləği elə bu gün ödəməyi hazır olduğunu deyib. Lakin bank nümayəndələri məbləğin artıq 3 aydan artıqdır ki, ödənilmədiyini və faizi ilə birlikdə 280 min manat olduğunu bir daha deyiblər.
Mübahisədən sonra həm M.Xudayev, həm məhkəmə icraçıları, həm də digər şəxslər ərazidən uzaqlaşıblar.
*****
13:55
Bakıda iş adamı, "Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədovun oğlu üçün aldığı yeni ev məhkəmə qərarı ilə boşaldılır.
Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, hazırda məhkəmə icraçıları müvafiq məhkəmə qərarını icra etmək üçün Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən həmin evə gəliblər.
Dünən "Nikoyl” bankın İdarə heyətinin üzvü Zaur Abdıyevə istinadən məlumat verilmişdi ki, Hafiz Məmmədov oğlu üçün yeni aldığı ev bankda digər müştəri tərəfindən girovda olub. Həmin girov əmlak üzrə borc ödənilmədiyi üçün bankın iddiası ilə məhkəmə əmlakın müsadirə edilməsi barədə qərardad çıxarıb.
Qeyd edək ki, bəzi iddialara görə, "Baghlan Group”un adına banklardan külli miqdarda vəsait alınaraq başqa istiqamətlərə xərclənib. Məlumatda o da qeyd olunur ki, H. Məmmədov Beynəlxalq Bankdan da götürdüyü külli miqdarda krediti vaxtından xeyli müddət keçməsinə baxmayaraq geri qaytarmayıb. Bu iş də məhkəmə çəkişməsinə çevrilib.