Goranboyda 7 nəfərin öldürüldüyü ŞOK olayın bəzi təfərrüatları məlum olub

Öldürülənlərin şəxsiyyəti müəyyənləşib


Goranboy rayonunda kütləvi qətl törədilib.
Goranboy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.
Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir.
Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Goranboy rayonunda törədilmiş dəhşətli qətliamın bəzi təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Safukürd kəndində qeydə alınıb.
Bildirilir ki, kənd sakini Hüseynov Rafiq Müzəffər oğlunun həyat yoldaşı ailə münaqişəsi zəminində evdən atasıgilə gedib. Bundan sonra R.Hüseynov tüfəng və əl qumbarası götürərək qayınatasının evinə gəlib. Burada o, qapının bağlı olduğunu görüb və həyət qapısından keçərək evə doğru gəlib və qayınını çağırıb. Evdən R.Hüseynovun qayını Natiq Məmmədov çıxıb və onlar mübahisə etməyə başlayıblar. Mübahisə zəminində R.Hüseynov qayınına və digər bir şəxsə tüfənglə atəş açıb. Daha sonra otaqdan səs-küyün gəldiyini görən R.Hüseynov bir neçə nəfərin ona tərəf irəlilədiyini zənn edərək otağa qumbara atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub.
Goranboy rayon Polis Şöbəsindən verilən məlumata görə, qətlə yetirilən şəxslər bunlardır:
1958-ci il təvəllüdlü Məmmədova Diləzbər Alı qızı
1983-cü il təvəllüdlü Məmmədova Fərqanə Allahyar
1951-ci il təvəllüdlü Məmmədova Ofelya İsa qızı
1963-cü il təvəllüdlü Məmmədova Həvayət Xanlar qızı
1984-cü il təvəllüdlü Hüseynova Südabə Allahyar qızı
1989-cu il təvəllüdlü Məmmədov Namiq Allahyar oğlu
2011-ci il təvəllüdlü Məmmədov İsa Elvin oğlu.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, R.Hüseynov qumbaranın ona Qarabağ müharibəsində iştirak etmiş qardaşından qaldığını deyib. Qardaşı 2005-ci ildə intihar etdikdən sonra qumbara Rafiqdə qalıb.
Qeyd edək ki, R.Hüseynov-un qətlə yetirdiyi şəxslər onun yaxın qohumlarıdır. Südabə Hüseynova isə onun həyat yoldaşı olub. 


4 qardaşdan biri intihar edib, biri həbsxanadadır, digəri isə...

Goranboy rayonunda törədilmiş dəhşətli qətliamla bağlı maraqlı məqamlar üzə çıxıb. Bu barədə Lent.az-a Safıkürd kənd İcra Nümayəndəliyinin rəhbəri Eldəniz Həsənəliyev məlumat verib. Onun sözlərinə görə, Südabə Hüseynova qətliamı törədən Rafiq Hüseynovun ikinci həyat yoldaşı olub: "Daha əvvəl 1 dəfə ailə həyatı quran Rafiq həyat yoldaşından boşandıqdan sonra 30 yaşlı Südabə Hüseynova ilə evlənib. İki ayın gəlini olan Südabə ailə münaqişə zəmində atası evinə qayıdıb. Arvadını evinə qaytarmaq məqsədi ilə qayınatasıgilə gələn Rafiq Südabəni evə dönməyə razı sala bilməyib. Əliboş geri qayıdan Rafiq gecə saatlarında evdəki ov tüfəngini götürüb və yenidən qayınatası evinə üz tutub. Sonra isə məlum qətliam baş verib”.
R. Hüseynova kənd sakinləri arasında xoş münasibət olmasa da, Məmmədovlar ailəsi haqqında müsbət fikirlər bildirilir və zərərçəkmişlər kənddə hörmətli ailə kimi tanınır.
Bildirilir ki, Rafiqin qardaşı Şaiq Hüseynov bir neçə il əvvəl ailə münaqişəsi zəmində özünü asaraq intihar edib. Həmin vaxt (2005-ci ildə) arvadının onu tərk etməsinə dözə bilməyən Ş. Hüseynov özünü öldürüb. Bundan başqa kənd sakinləri R.Hüseynovun əyyaş və narkoman olması haqqında fikirləri qəbul etmirlər. Sakinlərin bildirdiyinə görə, Rafiq ancaq məclisdən-məclisə spirtli içki qəbul edib.
E.Həsənəliyev qeyd edib ki, Hüseynovlar 4 qardaş olub. Onun daha bir qardaşı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum edilib. Rafiqə gəlincə, onun adı əvvəllər hər hansı cinayət əməlində hallanmayıb.
Qeyd edək ki, R.Hüseynovun qayınatası evinə tüfəng və qumbara ilə hücum etməsi nəticəsində onun həyat yoldaşı Südabə Məmmədova da daxil olmaqla 7 yaxın qohumu həlak olub.