Ordumuz bunun öhdəsindən gəldi

Türkiyə HHQ ilə birgə hərbi təlimimizin ən çətin mərhələsi arxada qaldı



Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri növbəti ən çətin hərbi təlimi həyata keçirib.
ANS TV-nin məlumatına görə, Azərbaycan şahinləri "MİG-29” və "SU-25” döyüş təyyarələri ilə Türkiyə pilotlarının "F-16”larla bərabər döyüş zolağına girərək şərti düşməni bombalayıb.
Azərbaycan qırıcıları 300 metr məsafədə bomba-raket və top atışları edərkən Türk Hərbi Hava Qüvvələrinin pilotları "F-16”da daha yüksəkdən uçaraq Azərbaycan şahinlərini şərti düşmənin hücumlarından qoruyublar.

Müdafiə naziri Zakir Həsənov təlimin bu mərhələsini şəxsən izləyib və təlimlərlə bağlı bunları deyib: "Bu bizim keçirdiyimiz ilk təlim deyil. Bundan əlavə biz müxtəlif hərbi hissələrdə, Türkiyədə və Azərbaycanda da təlimlər keçirmişik. Amma Hava Qüvvələrin təlimi ilk dəfədir ki, Azərbaycanda keçirilir. Türkiyə və Azərbaycan pilotlarının keçirdikləri birgə təlimləri yüksək qiymətləndirirəm və bu tədbirlərin gələcəkdə də keçirilməsi davam edəcək".