Moskva buna cürət etməz

Rusiyanın Azərbaycana hücum etməsi inandırıcı deyil




Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiyanın Azərbaycanı işğal etmək niyyətində olduğunu bəyan edib. Rusiyanın Azərbaycana hücum etmək üçün gücünü möhkəmləndirdiyini vurğulayan sabiq dövlət başçısı Qafqazın çoxsaylı təhlükələrlə üz-üzə olduğunu deyib. Onun sözlərinə görə, paralel olaraq Ukrayna ilə Rusiya ciddi şəkildə Moldova və Qafqaza hərbi müdaxiləyə hazırlaşırlar:

"Bu yaxınlarda onlar bəyan ediblər ki, Gürcüstandan keçməklə Dağıstandan Azərbaycana müdaxilə edə bilmək üçün yol çəkirlər. Rusiya Azərbaycanı zəbt etmək üçün güclərini möhkəmləndirir. Biz təhlükəli yola qədəm qoyuruq, ehtiyatlı olmalıyıq”.

Rusiyanın Azərbaycana birbaşa hücum etməsinin inandırıcı olmadığını vurğulayan politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiya Azərbaycanı daha çox Ermənistan vasitəsilə hədələyir: "Onlar bizi orada olan 102-ci ordusu və digər hərbi bazaları ilə təhdid edir. Rusiyanın Azərbaycana birbaşa müdaxilə etmək fikri yoxdur. Kreml yalnız erməniləri üstümüzə yönəltməklə müxtəlif hücum planları hazırlaya bilər. Belə olan təqdirdə isə bu, Azərbaycan kəşfiyyat orqanlarına bəlli olacaq. Amma hələ ki, rusların Bakıya ilişmək fikirləri yoxdur. Hələlik başları Ukrayna məsələsinə qarışıqdır. Bunları nəzərə alaraq demək olar ki, ruslar Azərbaycana qarşı qəzəbli olsalar da, indi nəsə etmək fikrində deyillər”.

Rusiyanın Azərbaycana hücum planının məhz Dağıstandan edilməsi istənilən halda Rusiyanın etnik kartından istifadəsini gündəmə gətirir. Politoloq isə Rusiyanın etnik azlıqlardan Azərbaycana qarşı istifadə edəcəyinə inanmadığını deyib: "Etnik azlıqların Azərbaycan üzərinə qalxması dövlətin zəif vaxtına təsadüf etmişdi. Azərbaycandakı etnik azlıqlar bizimlə birgə eyni dinə qulluq edib, qohumlaşmış etnik azlıqlardır. Ləzgilərin də çoxu elədir. Ona görə də mən güman edirəm ki, etnik azlıq kartından Azərbaycanda istifadə etmək mümkün olmayacaq. Bizim üçün əsas təhlükə Ermənistandan gəlir. Rusiyanın etnik azlıqlarla bağlı olan planını nəzərdən qaçırmayaraq bütün diqqəti Ermənistana yönəltməliyik”.

Qabil Hüseynli hazırkı mərhələdə Ermənistan üzərindən belə olsa, Rusiyanın Azərbaycanı işğal etməsini real saymadı: "Bu, sadəcə olaraq mümkünsüzdür. Çünki Ukrayna hadisələrindən sonra dünya hələ Rusiya ilə necə davranmağın yolları üzərində düşünür. Dünya birmənalı olaraq Rusiyanın beynəlxalq hüququ kobudcasına tapdaması fikrindədir. İndi başqa bir suveren respublikaya hücum planlarının hazırlanması, bunun müxtəlif məsələlər, o cümlədən terrorizmlə əlaqələndirilməsi absurddur”.

Q.Hüseynli Azərbaycan-Rusiya münasibətlərinin o dərəcədə də gərgin olduğu qənaətində olmadığını vurğulayıb: "Rusiyanin buna cürət edəcəyini də düşünmürəm. Üstəgəl, beynəlxalq birliyin bu məsələlərdə təpkisini göz önünə alıram. Çünki Azərbaycan öz ərazisində beynəlxalq neft şirkətlərinə yer verdiyi, müxtəlif beynəlxalq layihələrin gerçəkləşdirildiyi bir ölkədir. Hər bir şirkətin arxasında da iri və güclü dövlətlər dayanır. Üstəlik, Azərbaycan geosiyasi əhəmiyyətinə görə bir çox ölkələr, xüsusən NATO ölkələri üçün çox böyük əhəmiyyətə malikdir. Rusiyanın şovinizmə yoluxmuş, reallıq hissini itirmiş, Amerika prezidenti Obamanın dediyi kimi, bir ayağı keçmişdə, bir ayağı bu gündə olan bəzi siyasi dairələri bu cür düşünə bilər. Amma Rusiyada dünya reallığını qəbul edən, Rusiyanın potensialını və vəziyyətini aydın başa düşən kifayət qədər insanlar var. Onlar Rusiyanın ağır böhranlı bir şəraitdə yaşadığı zamanda belə addıma yol verməzlər”.

"Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq V.Quluzadə də Saakaşvilinin Rusiyanın Azərbaycanı işğal etməyə hazırlaşması ilə bağlı bəyanatını real hesab etmədiyini və şərhə ehtiyac duymadığını deyib. O, Rusiyanın Krım kimi Azərbaycanı da işğal etmək planının hələlik olmadığını bildirib. Politoloq Rusiyanın bu addımı atmaqdan çox qorxduğunu vurğulayıb: "Siz görürsünüz ki, Rusiya necə səriştəli addım atıb Qarabağı işğal edib. Rus strateqləri yaxşı bilirdilər ki, Azərbaycan neft-qaz ölkəsidir. Bundan isə Rusiya əleyhinə istifadə ediləcək. Ona görə də bizim torpaqlarımız işğal altındadır və hər dəfə sülh imkanı ortaya çıxanda, Rusiya onu

vurur. Rusiya istəmir sülh olsun. Rusiya indi Amerikanı hədələyir. Çünki Krımı işğal etmək Rusiya üçün daha asan idi, nəinki Azərbaycanı. Azərbaycanın işğalı birbaşa Amerikaya müharibə elan etmək deməkdir. Azərbaycanda Amerikanın bütün neft şirkətləri çalışır. Ona görə Rusiya bunu hələ edə bilmir. Azərbaycan sadəcə bacardığı qədər özünü qorumalıdır”.

Şəymən