“Facebook”un yeniliyini bəyənmədilər

Anonimlik insanları yalan danışmağa sövq edəcək



"Facebook” daha bir yeniliyə hazırlaşır. Tətbiq ediləcək yeni proqram vasitəsilə "facebook”da olan digər istifadəçilərlə anonim şəkildə ünsiyyət qura biləcəklər. Yenilik "facebook”un mobil versiyası üçün nəzərdə tutulub.

Bu funksiya sosial şəbəkədə müxtəlif adlarla ünsiyyət qurmağa imkan verəcək. Funksiyanın yaxın zamanlarda tətbiq ediləcəyi və istifadəyə veriləcəyi gözlənilir. Yeni funksiya çərçivəsində şəbəkə istifadəçilərinin müxtəlif adlarla dostları ilə necə ünsiyyət quracağı və yeni dostlar əlavə edəcəyi isə hələlik məlum deyil. Fəal "facebook” istifadəçilərinin yenilik haqqında fikirləri fərqlidir. Media hüququ üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, "facebook”un hər hansı yenilikləri istifadəçiyə geniş manevr imkanları verir: "Bu manevrlər əsasında istifadəçilər həmin yeni xidmətlərə qoşula və ya imtina edə bilər. Həmçinin yeni xidmətlər əsasında istifadəçilərin gizliliyi təmin olunur. Əslində, bu tip sosial şəbəkələrin təqdim etdiyi xidmətlər istifadəçiləri narahat olduqları məqamlardan qoruya bilər. Bu, istifadəçinin lazımsız bildirişlər və məktublar

almağına xidmət edir. "Facebook” yenilik tətbiq edən zaman istifadəçilərə seçmə hüququ da verirlər. Yəni istifadəçiləri öz istəkləri ilə o xidmətdən istifadə edə və etməyə bilərlər”.

Özünün də "facebook” istifadəçisi olduğunu söyləyən Ə.Məmmədli yeni xidmətlərin bir çoxunu bağlayıb: "İstəyimə əsasən seçib, istifadə edirəm. Bizim istifadəçilər bir çox hallarda istifadə şərtlərini oxumayaraq qəbul edirlər. Sonradan isə həmin qaydalarla razılaşmasa da, şərtləri qəbul etmiş sayılırlar. Bunun üçün bütün istifadəçilərə tövsiyə edirəm ki, yeni funksiyalar tətbiq edilərkən istifadənin şərtlərini diqqətlə oxusunlar. İstifadə şərtlərində istifadəçilərə geniş imkanlar təqdim olunur”.

İctimai fəal, statusları ilə fərqlənməyi bacaran Tural İsmayılov belə yeniliyin "facebook”un prinsiplərinə zidd olduğunu düşünür: "Çünki "facebook” açıqlılıq və sistemlilik üzərində qurulduğu bir vaxtda yenidən əlavə belə bir yeni funksiyanın tətbiq edilməsi "facebook”un əsas meyarını gözdən salacaq. Ona görə ki, "facebook” digər alternativ çatlardan və saytlardan fərqli olaraq insanlar arasında açıq şəkildə ünsiyyəti təlqin edir. Bu gün də belə açıq profillər olması ilə yanaşı, bəzi şəxslər saxta profillərlə qeydiyyatdan keçirlər. Onlar qeyri-etik hərəkətlər edib, şəxsi ismarıclar yollayaraq istifadəçiləri narahat edirlər. Bir növ virtual kimlikləri ilə ünsiyyət qururlar. Düşünürəm ki, bunun "facebook”da xüsusi bir yenilik kimi tətbiq edilməsi sonradan ciddi problemlərin yaranmasına səbəb ola bilər”.

T.İsmayılov həmçinin gizli adlarla ünsiyyət qurmaq üçün kifayət qədər digər saytların olduğunu bildirib: "Onlayn çatlarda özlərinə müəyyən bir nik seçib, imic formalaşdıraraq danışırlar. Buna görə də "facebook” üçün bunu artıq və lazımsız hesab edirəm. Lakin hər halda bir yenilikdir. İstənilən yenilik bəzən təlatümlərə səbəb olsa da, sonunda yaxşı nəticələrə gətirib çıxarır”. O, bu yeniliyin tamam başqa bir formada tətbiq ediləcəyini zənn edir: "Fikrimcə, "facebook”un növbəti rəsmi açıqlamasını gözləməliyik”. Digər aktiv istifadəçi, gun.az xəbər saytının əməkdaşı Fərid Hacıyev bu yeniliyin özünü doğruldacağına inanmır: "Onsuz da müəyyən bir qrup istifadəçilər saxta profillərlə öz həqiqi şəxsiyyətlərini gizlədirlər”.

Həmkarımızın sözlərinə görə, anonimlik funksiyasının tətbiqi insanları yalan danışmağa sövq edəcək: "Məncə, bu, "facebook” üzərindən yeni qurulacaq real dostluqlara mənfi təsir edə bilər”. Qaynar.info saytının gənc müxbiri Elkin Xəlilov istifadəçiləri öz adı ilə "facebook”dan istifadə etməyə çağırıb: "Bu, insanlar arasında olan güvənə də müsbət təsir edir. Biri var bilirsən ki, kiminlə yazışırsan, kiminlə fikir mübadiləsi aparırsan, biri də var anonim şəxs. Bu zaman insan istər-istəməz çəkinəcək, özünü diskomfort hiss edəcək. Yəni bu baxımdan uğursuz bir yenilik kimi qiymətləndirirəm. Amma kimlərsə öz şəxsi təhlükəsizliyini qorumaq üçün bundan istifadə edəcəksə, normal qarşılayıram”.

Vüqar Şahinoğlu