Tomas de Vallın Qarabağ planı...

İngiltərəli politoloqun son açıqlamasında hissə qapılma və təhrif məqamları var



"Karnegi” Fondunun Qafqaz üzrə eksperti, Böyük Britaniyadan olan jurnalist Tomas de Vall "Amerikanın səsi”nə verdiyi son müsahibəsində Azərbaycandakı siyasi vəziyyətlə yanaşı, Dağlıq Qarabağ probleminin həlli yollarına da toxunub. Rəsmi Bakıya Vaşinqtonun məsləhətlərinə qulaq asmağı tövsiyə edən politoloq deyib ki, güzəştlər danışıqlar masasında müzakirə edilməlidir.

De Vallın sözlərinə görə, Azərbaycan Laçın dəhlizindən başqa Dağlıq Qarabağ ətrafında 7 rayonu geri ala və Dağlıq Qarabağ ermənilərinə özünüidarə hüququ verə bilər: "Regionun son statusu isə uzunmüddətli dövr ərzində qeyri-müəyyən olaraq qalar və 20-30 il sonra referendum keçirilər. Bu dövrdə də Azərbaycan və Ermənistan arasında münasibətlər qurular”. Münaqişənin həllində Azərbaycanın güzəştə getməsinin vacibliyini vurğulayan ekspert bəyan edib ki, rəsmi Bakı istədiyi hər şeyi almaya bilər: "Məsələn, ola bilsin ki, Xankəndində Azərbaycanın bayrağı dalğalanmasın. Belə şeylərdə kompramis vacibdir”.

Tomas de Vallın söylədiklərinə münasibət bildirən millət vəkili Zahid Oruc britaniyalı politoloqu Qərbin maraqlarını əks etdirən rəsmi bir şəxs hesab etmədiyini deyib. Deputat vurğulayıb ki, jurnalist de Vall dəfələrlə bölgəyə səfərlər edən və məşhur "Karabakh” kitabını qələmə alan şəxsdir. Onu Cənubi Qafqazdakı vəziyyətə yaxından bələd adam kimi müxtəlif beynəlxalq tədbirlərə, konfranslara dəvət edirlər. Bu baxımdan ekspertin fikirlərinə müəyyən qədər analitik dairələrdə hörmət edilir. Ancaq ingiltərəli politoloqun son açıqlamasında hissə qapılma və təhrif məqamları var: "Qarabağ uğrunda savaşın necə nəticələnəcəyini fərqli prizmadan dəyərləndirənlər olması təbiidir. Hətta iddia edə bilərlər ki, Azərbaycan Rusiya ilə Ukrayna arasındakı savaşdan yararlanıb bir neçə rayonu qaytara, Kremllə əlaqələrini yaxşılaşdırmaqla və Moskvanın geopolitik layihələrinə qatılmaqla ərazi bütövlüyünü bərpa edə bilər. Yaxud da kimsə iddia edər ki, tam əksinə, Qərb daha əlverişlidir. Ona görə də biz Qərbə söykənməklə Rusiyanı zəiflətməli və beləliklə, özümüzün əzəli və əbədi düşmənimiz olan Ermənistanla hesabımızı çürütməliyik. Üçüncü tərəf isə müəyyən mənada neytral mövqe təklif edir. Onlara görə isə biz beynəlxalq konfrantasiyanın mərkəzində olmamalıyıq. Mən Vaal və onun kimi düşünənlərə demək istəyirəm ki, Azərbaycanın məqsədi nəyin bahasına olursa-olsun Xankəndinə bayraq sancmaqdan daha çox torpaq bütövlüyünü optimal formada reallaşdırmaqdır. Əlbəttə, bu məqsəd sülh vasitələri ilə reallaşarsa, çox yaxşı olar. Azərbaycan dövləti terror və ya partizan müharibəsi ilə, yaxud da məlum beynəlxalq şəraitdən faydalanaraq torpaqlarımızı qaytarmaq kimi avantürist addımlar atmaq niyyətində deyil və heç vaxt da olmayacaq. Düzdür, bizi buna təhrik etmək istəyən dairələr var. Amma hökumətimiz yeritdiyi düzgün siyasətlə yanlış addımlara meydan vermir”.

İsmayıl