Nəhənglər istəmirlər: ABŞ, Fransa və Rusiya meydandan çəkilməlidir





ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə görüşü nəzərdə tutulur. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib. Görüşün vaxtı barədə isə heç bir məlumat verməyən səfirlik sözçüsü C.Uorlikdən sitat gətirib:

"Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə yenidən görüşməyi səbirsizliklə gözləyirəm. Həmsədrlər bundan əvvəl Bakıya təşkil olunmuş səfərdə onlarla görüşmüşdülər. İnanıram ki, açıq dialoqu davam etdirə bilərik. Münaqişədən zərər görən istənilən qrupla görüşməyə hazıram və münaqişəni sülh yolu ilə həll etmək üçün əlaqə saxladığımız insanların fikirlərini eşitmək imkanını yüksək qiymətləndirirəm”.
Amerikalı həmsədrin növbəti görüşünün nəticələri barədə "Şərq”ə danışan millət vəkili Elman Məmmədov söyləyib ki, Minsk Qrupunun yaradılması və həmsədrliyin məlum üç dövlətin - Fransa, Amerika və Rusiya ixtiyarına verilməsində pərdəarxası məqamlar var: 

"Yəni qrupun məqsədi konfliktin həllini müxtəlif bəhanələrlə ləngitməkdir. Onlar regionda özlərinə aid olan strateji maraqlarına nail olmaq istəyirlər. Azərbaycanı Ermənistanın xeyrinə olan provakasiyalara təhrik etməyə çalışırlar. Fəaliyyətləri buna yönəlib”.

Millət vəkili bəyan edib ki, ermənilərin Azərbaycanın tarixi torpaqlarına köçürülməsində həmsədr ölkələrin böyük "xidməti” olub: "Həmişə ermənilərə dövlət yaratmağa çalışıblar. Azərbaycanlıların torpaqlarından zorla çıxarılmasına can atıblar. Onlar tarixən düşmən ölkənin xeyrinə işləyiblər. Ona görə də həmsədr ölkələr Qarabağ münaqişəsinin ədalətli həllinə çalışmır”.

Deputatın qənaətincə, münaqişənin həlli üç ölkənin deyil, daha çox münaqişə tərəflərinin iradəsindən asılı olmalıdır: "Bu üç ölkə uzun illərdir ortaya uğurlu nəticə və ya fikir qoya bilmir. Fikir qıtlığı yaşanır. Digər ölkələr cəlb olunarlarsa, məsələyə yanaşmaların sayı artacaq. Məsələn, mandat Minsk Qrupundan alınıb BMT-nin Təhlükəsizlik Şurasına verilərsə, yaxşı olar. Orda daha çox dövlətlər təmsil olunur”.

E.Məmmədov hesab edir ki, böyük dövlətlər kənara çəkilib, meydanı Azərbaycan və Ermənistanın özünə buraxsalar, münaqişə tezliklə həllini tapar: "Bəlkə heç müharibə də olmayacaq. Düşmən ölkə Azərbaycanın qarşısında tab gətirməyəcəyini dərk edib, geri çəkiləcək. İşğal etdiyi torpaqlardan çıxacaq. Amma böyük güclər buna hələ ki, imkan vermir”.

Müsahibimiz C.Uorlikin bu görüşü səbirsizliklə gözləməsini Azərbaycanla Rusiya arasındakı münasibətlərin nisbətən yaxınlaşması ilə izah edib: "Moskva ilə əlaqələr yüksələn xətt üzrə inkişaf etdiyi bir vaxtda rəsmi Vaşinqton müxtəlif vasitələrlə canfəşanlıq edir”.

Parlament üzvü qeyd edib ki, münaqişənin həll açarı Rusiyanın əlindədir: "ABŞ və Avropa ölkələrinin bu işdə həlledici rolu yoxdur. Konflikti şimal qonşumuz yaradıb. Bu məsələlərin kökündə tarixən Rusiya dayanıb. Konfliktin ədalətli həlli Kremlin əlindədir. Rusiya istəsə, həlledici addım ata bilər. Amma hələ ki istəmir. Çünki Ermənistan Cənubi Qafqazda Rusiyanın forpostudur. Moskvadan tam asılı bir qurumdur. Putinin dirijor çubuğu ilə idarə olunur. Bir sözlə, bu işdə söz Rusiyanındır”.

Ayyət Əhməd