Türkiyəni savaş meydanına çevirmək istəyirlər

“AKP hökuməti bilir ki, belə məqamlarda suyu da üfürə-üfürə içmək lazımdır”



"İraq Şam İslam Dövləti bir müddət Türkiyədə təlim keçib. Ankara bu qruplaşmanı kürdlərə qarşı qoymaq istəyib. Ancaq sonradan plan pozulub”. Bu sözləri "Şərq”ə politoloq Qabil Hüseynli "İŞİD vasitəsilə Türkiyəni alovun içərisinə çəkirlər” iddiasını dəyərləndirərkən deyib. Onun sözlərinə görə, hazırda qruplaşmanın arxasındakı güclər İraqda Maliki hökumətini devirməsinə çalışır:

"Bu qurum Suriyada yaranıb. Bir müddət Türkiyədə təlim keçib. Türkiyədə olarkən qruplaşma Türkiyə liderlərinə Suriya kürdlərinin silahlı qruplaşması olan YPG-yə qarşı mübarizə sözü vermişdilər. Bu səbəbdən onlara Türkiyə ərazisində təşkilatlanmaq və təlim üçün şərait yaratdılar. Daha əvvəl onlar öz əsl mahiyyətlərini gizlədərək Suriya müxalifəti kimi təqdim edirdilər. Amma sonradan əsl üzlərini açdılar. Daha sonra Səudiyyə Ərəbistanı və Qətərin də dəstəyi ilə təşkilat bir az da gücləndi. Ona İraqın BƏƏS partiyasının və Səddam hakimiyyətinin tör-töküntüləri də qoşuldu. Bundan sonra təşkilatın qarşısına əsas hədəf kimi İraqda Maliki hökumətini devirmək vəzifəsi qoyuldu”.

Q.Hüseynli bildirib ki, Amerika ordusu İraqdan çıxdıqdan sonra Maliki rəsmi Vaşinqton və rəsmi Ankara ilə münasibətləri soyudub, üzünü İrana çevirdi: "Buna görə, beynəlxalq və regional güclər İraq hökumətinə dəstək vermir. Maraqlı qüvvələr İŞİD-in daha da güclənməsi və İraqda siyasi çaxnaşma yaratmasını dəstəkləyir. Görünür ki, bunun arxasında böyük dövlətlərin maraqları dayanır. Təəssüf ki, prosesə sünni tayfaları da qoşuldu. Qruplaşma bəzi müqəddəs ziyarətgahları dağıdır. Sözün əsl mənasında qırmızı xətlər keçilib. Bu təşkilatın əsas "uğurları” İraq ordusu və sərhəd xidmətinin yol verdiyi xəyanətkar addımlarla bağlıdır”.

Ekspertin qənaətincə, Türkiyə vaxtilə bu terror qruplaşmasına dəstək verib. Amma indi ehtiyat edir ki, dəstək üzə çıxacaq. Amerika da son dərəcədə ehtiyatlı davranır. Vaşinqtonun Maliki və İranla ciddi problemləri var. İndi gözləyirlər ki, təkfirçilərlə onlar arasında qarşıdurma davam etsin. Ancaq bu, yanlış yanaşmadır. Terror təhlükəsi çox ciddidir. Yəqin ki, yaxın zamanlarda dünya birliyi hərəkətə keçəcək”.

Politoloq hesab edir ki, Türkiyənin İraqda türkmənləri qoruması və öz himayəsi altına alması üçün tarixi imkan yaranıb: "Sadəcə, Ankarada qətiyyətli qərarlar vermək üçün iradə görünmür. Mudros müqaviləsinə əsasən, Türkiyəyə bu bölgələr üçün təhlükə yaranacağı təqdirdə müdaxilə etmək və bu bölgələri öz ərazisinə qatmaq ixtiyarı verilib. Kərkük və Mosul əraziləri 1924-cü ilə qədər Türkiyə əraziləri kimi tanınıb”.

Q.Hüseynli diqqətə çatdırıb ki, girovların azad olunmasından sonra Türkiyənin əl-qolu açılıb: "İndi anti-İŞİD koalisiyasına qoşulmasına bəhanə qalmayıb. Türkiyə koalisiyaya qatılmayacağı halda NATO və Avropa Birliyi daxilində ciddi əngəllərlə baş-başa qala bilər”.

Politoloq güman edir ki, regionda Kürdüstan dövlətinin yaranması təhlükəsi reallaşır və Türkiyə növbəti səhvi etməməlidir: "Türkiyənin diplomatik seçim etməsi zahirən çətin görünsə də, tərəddüdsüz addım atmalıdır. Amerikanın İraqa hücumunda cəbhənin müəyyən yerlərdən açılmasına icazə vermişdi. Türkiyə bir dəfə məşum hadisəni yaşayıb. İndi Kürdüstan dövlətinin yaranması İsrail dövlətinin yaradılmasından qat-qat təhlükəlidir. Türkiyə İŞİD-ə qarşı savaşda tam hüquqlu koalisiya üzvü kimi iştirak etməlidir ki, sonrakı danışıqlarda masa arxasında ona da stul ayrılsın”.

Ekspertin fikrincə, regionun şəkillənməsi prosesi gedir: "Rəsmi Ankara bu gedişatda aktiv yer almasa, regionda kürdlər boşluğu dolduracaq”.

Bununla yanaşı, analitik qeyd edib ki, Türkiyə İŞİD-ə qarşı mübarizədə gecikib: "Mübarizə çoxdan, İraqdakı türkmənlər terrorçu dəstə tərəfindən öldürüləndə başlamalı idi. Türkiyə isə bu qərarı indi verir. Görünür, məsələdə ABŞ-ın mühüm təzyiqləri olub. Öcalan da bildirdi ki, Kobanidə İŞİD-in hücumuna məruz qalan kürdlərə kömək göstərilməsə, PKK yenidən aktivləşəcək. Bütün bunlar bir daha göstərir ki, Türkiyədəki kürdlər və onların terrorçu dəstələri o qədər əl-qol açıb ki, istədikləri zaman dövlətə təzyiq göstərə bilirlər”.

Kobanidə İŞİD-in hücumlarına məruz qalan kürdlərə rəsmi Ankaranın dəstək verməməsinə gəlincə, politoloq söyləyib ki, Türkiyə doğru addım atıb: "PKK-ya yardım göstərməli deyildi ki? Həmçinin onun sərhədlərindən kənarda baş verən hadisələrə Türkiyə niyə müdaxilə etməlidir? Dünənə qədər Türkiyəyə silah çevirib, düşmən olan, 35 min vətəndaşını qıran bir dəstəyə necə kömək eləsin? Üstəgəl, Kobanidə olan PKK-çılar əvvəl İŞİD-in tərkibində idilər. İndi bir-birinə qarşı vuruşurlar”.

Ekspertin fikrincə, bəzi qüvvələr Türkiyəni də döyüş poliqonuna çevirmək istəyir: "Rəsmi Ankara bunu anlayıb. Ona görə ehtiyatlı davranır. AKP hökuməti bilir ki, belə məqamlarda suyu da üfürə-üfürə içmək lazımdır. Və belə də edir. Öz təhlükəsizliyinin təminatına çalışır. Rəsmi Ankara üçün prioritet olan ölkəsinin təhlükəsizliyidir. Ona görə də Türkiyəni provakasiyalara çəkmək elə də asan olmayacaq. Bir sözlə, Türkiyə bu cür oyunlara getməyəcək. Ölkəsində sabitliyin pozulmasına yol verməyəcək”.

Ayyət Əhməd