Prezident Qarabağ probleminin həll yolunu göstərdi

Aydın Mirzəzadə: “Ermənistanın ərazi bütövlüyümüzü tanımaması və torpaqlarımızı işğal altında saxlaması güclü ordu yaradılmasını vacib edir”
Fəzail Ağamalı: “Prezidentin bu fikirləri təkcə daxili auditoriya üçün deyil, Ermənistan və onun havadarları üçün də bir xəbərdarlıq xarakteri daşıyırdı”




Musa Qasımlı: "Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın

ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”



Oktyabrın 8-də Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli və ordu quruculuğu məsələsinə də toxunub.

İndiyə qədər münaqişənin həll olunmamasından təəssüfləndiyini deyən dövlət başçısı, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistanın məhəl qoymadığını, bu fikri səsləndirən qüvvələrin isə təsirli addımlar atmadığını bir daha vurğulayıb. Prezident həmçinin, bu ilin üçüncü rübündə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan ordusunun düşmənə layiqli cavab verdiyini də bildirib.

Ölkə rəhbərinin müşavirədəki çıxışını şərh edən millət vəkili Aydın Mirzəzadə vurğulayıb ki, cəmiyyətin bütün inkişaf sahələrinə dair dövlət başçısının mövqeyi bu gün Azərbaycanın yüksək inkişaf xəttində olduğunu və heç bir məsələnin Prezidentin diqqətindən kənarda qalmadığını göstərir: "Cənab İlham Əliyevin ordu quruculuğuna dair dediyi fikirlər Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində çox qətiyyətli olduğunun isbatıdır. Problemin həm hərbi, həm də diplomatik həlli var. Hər iki məsələyə Azərbaycan diqqət edir. Amma Ermənistanın ərazi bütövlüyümüzü tanımaması və torpaqlarımızı işğal altında saxlaması güclü ordu yaradılmasını vacib edir. Prezident İlham Əliyev Ali Baş Komandan kimi həmişə ordu quruculuğuna ciddi fikir verir. Hər il Müdafiə Nazirliyinə hərbi xərclərə ayrılan vəsaitin həcmi artmaqdadır. Hərbiçilərimizin sosial məsələləri həll edilir. Onların peşəkar səviyyəsinin artması üçün bütün təşkilatı işlər görülür. Ən müasir silahlar alınır, vaxtaşırı təlimlər keçirilir. Bu yaxınlarda Türkiyənin silahlı qüvvələri ilə bir aya yaxın davam edən və 40 minə qədər hərbi qulluqçunu əhatə edən təlimlərin keçirilməsi Azərbaycan ordusunun yüksək hazırlığını bir daha göstərdi. Bu yüksək hazırlığı düşmən tərəfi də etiraf edir”. A.Mirzəzadə deyib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həllində qətiyyətlidir və heç bir halda özünün ərazisini heç kəsə güzəştə getməyəcək: "Ötən əsrin 90-cı illərində Ermənistan xaricdən aldığı böyük dəstəyə güvənərək torpaqlarımızın bir hissəsini işğal etdi. Ancaq ötən 20 ildən çox müddətdə ona beynəlxalq hüquqi status verdirə bilmədi. Bu gün Dağlıq Qarabağ məsələsi Ermənistanın boynundan ağır bir daş kimi asılıb. Torpaqları azad etməkdən başqa ermənilərin çıxış yolu yoxdur. Bu ilin avqust ayında cəbhə xəttindəki qarşıdurmada Ermənistan tərəfi böyük itkilər verdi. Bununla da Ermənistanın hərbi qüdrətinin zəifliyi göründü. Bütün Ermənistanda, o cümlədən paytaxt İrəvanda əhali vahiməyə düşərək kütləvi surətdə ölkəni tərk edir. Bu məsələdə beynəlxalq hüquq da bizim tərəfdədir. Dağlıq Qarabağ probleminin çox da uzaq olmayan bir dövrdə həll ediləcəyi artıq gün kimi aydındır”.

Millət vəkili Fəzail Ağamalı da qeyd edib ki, Prezidentin Azərbaycan Ordusunun təkcə regionda deyil, dünya miqyasında güclü ordular sırasında olmasını vurğulaması ciddi amildir: "Ölkə başçısı Azərbaycanın Ermənistan üzərində ciddi üstünlüklərini də önə çəkdi. Prezidentin bu fikirləri təkcə daxili auditoriya üçün deyil, Ermənistan və onun havadarları üçün də bir xəbərdarlıq xarakteri daşıyırdı. Yəni Ali Baş Komandan bəyan edirdi ki, Azərbaycanın işğal olunmuş torpaqları sülh yolu ilə geri qaytarılmasa, Silahlı Qüvvələrimiz torpaqlarımızı hərbi yolla azad edəcək”. Millət vəkili bildirib ki, bu gün Azərbaycan Ordusunun hərbi-texniki təchizatı ən yüksək səviyyədədir: "Azərbaycan təkcə dünyanın müxtəlif ölkələrindən ən müasir silahlar almaqla və hər il keçirilən hərbi sərgilərdə iştirak etməklə kifayətlənmir, həm də öz hərbi

sənayesini getdikcə genişləndirir. Çox fərəhli haldır ki, Azərbaycan Ordusu getdikcə bütün sahələr üzrə Azərbaycanın öz istehsalı olan silah və hərbi sursatlarla təchiz edilir. Bu da Azərbaycan Ordusunun çox üstün cəhətlərindən biridir. Əlbəttə, bütün bunlar ölkə Prezidentinin düşünülmüş, müdrik və ağıllı siyasətinin məntiqi nəticəsidir”.

Millət vəkili Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyev öz çıxışı zamanı Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün gerçəklikləri bir daha ortaya qoydu: "Dövlət başçısı açıq şəkildə dedi ki, Ermənistan mövcud vəziyyətin qorunub saxlanmasına çalışır. Bu o deməkdir ki, Ermənistan Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirir, sülh təşəbbüslərini uzadır və danışıqlardan qaçmağa çalışır. ATƏT-in Minsk Qrupunun verdiyi bəyanatlar da kağız üzərində qalır və Ermənistan onları saya salmır”. Deputat hesab edir ki, Minsk Qrupu həmsədri olan ölkələr öz mandatları çərçivəsində hərəkət etməli və Prezident İlham Əliyevin söylədiklərindən nəticə çıxarmalıdır: "Çünki Minsk Qrupu həmsədri olan ölkələr abstrakt deyil, onlar konkret dövlətləri təmsil edirlər. Ermənistanın həmsədrlərin bəyanatlarını saymaması əslində həmin ölkələrə etinasızlıqdır. Hesab edirəm ki, böyük dövlətlər bundan nəticə çıxarıb Ermənistana təzyiq göstərməli və münaqişənin həllində ədalətli mövqe tutmalıdır”. Millət vəkili deyib ki, bu gün Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınır: "Cənab Prezidentin qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

İsmayıl