Qəbir daşlarının hazırlanması bələdiyyələrə həvalə olunmalıdır

Belə olarsa həm qəbiristanlıqlar səliqəli olar, həm də qiymət münasib olar



Ölkəmizdə hökumətin qəbir daşları ilə bağlı standartlar müəyyənləşdirdiyi bir vaxtda məzar daşının qiyməti ucuzlaşmaq əvəzinə, bahalaşıb. Bərdə, Ağdam və Tərtər rayonlarında son 4 ayda qəbir daşı sexlərində qiymət artımı müşahidə olunur.

Özəl fəaliyyət göstərən qəbir sexlərində qiymətlər 20-25 faizə qədər qədər artıb. Sahibkarlar isə bahalaşmanı xarici ölkələrdən gətirilən qranit və mərmərin qiymətinin artması ilə izah edirlər.

Standart qəbir daşlarının vacib olduğunu söyləyən Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramin Osmanlı "Şərq”ə bildirib ki, standartlar tətbiq olunduqdan sonra məzar daşlarının qiymətində kəskin ucuzlaşmalar olacaq: "Standartlar minimal xərclər əsasında götürülür. Türkiyədə qəbiristanlıqlar müəyyən standartlara cavab verir. Məzarlıqlar da səliqəli görünür. Qorxulu ab-hava olmur. Bizdə daşın üzərinə şəkli elə döyürlər ki, az qala mərhum qəbirdən qalxıb adamın üstünə gələcək. Həm də səliqəli görünmür. Bu baxımdan standartların olması yaxşı haldır”.

Ekspertin sözlərinə görə, qəbiristanlıqların saxlanılması bələdiyyələrə tapşırılmalıdır: "Bütün ölkələrdə məzarlıqların qorunması bələdiyyələrə tapşırılır və bunun üçün onlara büdcədən vəsait ayrılır. Bizdə də bələdiyyələrə vəsaitlər ayrılsa, standart qəbir daşlarının hazırlanması onlara həvalə olunarsa, qiymətlər daha münasib olar. Bələdiyyə müəyyən olunan standartdan kənara çıxmayacaq. Özəl şirkətlər və ya ayrı-ayrı sahibkarlar daha çox pul qazanmaq naminə standartdan kənara çıxa bilər. Sui-istifadə halına yol verə bilər. Bir daha qeyd edirəm ki, standartlar müəyyənləşərsə və bu iş bələdiyyələrə həvalə olunarsa, qiymət artımının qarşısı alınar”.

Ayyət