Çoxuşaqlı və aztəminatlı ailələrə 50 manata kirayə evlər verilə bilər







Azərbaycanda çoxuşaqlı və aztəminatlı ailələrə mənzillər ucuz qiymətə kirayə veriləcək. Belə bir təklif Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan "Azərbaycan Ailəsi Strategiyası” adlı layihədə öz əksini tapıb.

Layihənin artıq işçi qrup səviyyəsində ilk müzakirəsi keçirilib. Sənəd üzərində işlər tam yekunlaşdıqdan sonra rəy alınması üçün digər dövlət qurumlarına təqdim ediləcək.

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, ucuz kirayə mənzillərin verilməsi çoxuşaqlı və aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşmasına təsir göstərəcək: "Çünki kirayə haqlarının 200-300 manat civarında dəyişdiyini nəzərə alsaq, aztəminatlı ailə gəlirinin 200-300 manatını kirayə haqqına ödəməlidir. Ölkədə orta əməkhaqqı 440 manat olsa da, əhalinin təxminən işçi qüvvəsinin 70 faizinin faktiki olaraq aylıq əməkhaqqı 200 manat təşkil edir. Əgər evdə iki nəfər çalışırsa, onlardan biri ancaq kirayə pulunu ödəyir. Ümumiyyətlə, istənilən bir ailənin ev təminatı onun sosial vəziyyətini yaxşılaşdıran amildir”.

S.Əliyevin sözlərinə görə, bir çox ölkələrdə dövlətlər bununla bağlı öhdəliklər götürürlər: "Bu öhdəliklər ondan ibarətdir ki, hökumət belə ailələrə sosial tipli evlər tikir. Bir çox ölkələrdə sosial evlər mənzil fondunun 20-30 faizini təşkil edir. Azərbaycanda Mənzil Məcəlləsinə əsasən həm dövlət, həm də bələdiyyələr tərəfindən sosial tipli evlərin tikintisinə icazə verilir. Yəni bizdə hüquqi baza var, ancaq praktika həyata keçirilmir. Bələdiyyələrin də maliyyə imkanları məhdud olduğuna görə belə evlər inşa edə bilmir”.

O, sosial evlərin mahiyyətindən danışıb: "Belə evlər və mənzillər adətən yığcam evlərdir. Yəni geniş şəraitə malik evlər deyil. Yalnız vətəndaşın minimum ehtiyaclarını qarşılayacaq tipli evlərdir. Sovet dövründəki "Xruşovka” evlər kimidir. Belə evlər tikilərək aztəminatlı ailələrə kirayəyə verilir. Həmin mənzillərin kirayə haqları bazar qiymətindən üç-dörd dəfə ucuz olur. Ailələr həmin evdə yaşadıqlarının müqabilində dövlətə bizim valyuta ilə təxminən 50 manat ödəyirlər. Hətta dövlətlə bağlanmış müqaviləyə əsasən evi alan şəxs hər ay ödəyəcəyi kirayə haqqından artıq məbləğ ödəməklə evi öz mülkiyyətinə çevirə bilər. Onlar evləri almasalar belə, ömürlərinin sonuna qədər həmin evlərdə yaşaya bilərlər”.

Qeyd edək ki, qanunvericiliyə görə, uşaqlarının sayı 5 və daha çox olan ailələr çoxuşaqlı ailələr sayılır.

Vüqar Şahinoğlu