Bezdirən SMS-lər: Niyə abonentin razılığı alınmadan telefonuna elan, reklam, məlumat daxil olmalıdır ki...




Mobil operatorlar lazımsız SMS-lərlə abunəçiləri bezdirib. Əslində, bu problem xeyli müddətdir ki, aktualdır. Ölkədə fəaliyyətdə olan mobil operatorların abunəçilərin nömrələrinə müxtəlif məzmunlu SMS-lər göndərməsi vətəndaşlar arasında haqlı narazılığa səbəb olur. Həqiqətən də, əgər mobil telefon fərdi xarakter daşıyırsa, özəldirsə, kiminsə parfüm mağazasından və ya ayaqqabı dükanından ora icazəsiz məlumat niyə daxil olmalıdır? Söhbət məhz məlumatların icazəli-icazəsiz olmasından gedir.

Onsuz da telekanallarda vətəndaşları aldadan reklamlar il uzunu, necə deyərlər, boya-boy yayımlanır. Uşaq pampersindən tutmuş, xaricdə təhsilə qədər. Növbənöv şirnikləndirici təkliflər əhaliyə "sırınır”. Televizorla bacarmaq olar, söndürəcəksən və ya kanalı dəyişəcəksən, bitəcək. Mobil telefonda bunu etmək olmur axı. SMS gəlməsin deyə, telefonu söndürəcəksənsə, daha o telefon sənin nəyinə lazımdı? Bəs lazımsız SMS-lər - yüxuyozmalar, fallar, hansı müğənninin kiminlə dalaşdığı, hansı yeni mahnı bəstələdiyi, "Toyota” uduşları, xal toplamaq kimi sonu görünməyən, adamları ələ salan SMS-lərin telefonumuza daxil olmaması üçün necə mübarizə aparaq?

Maraqlıdır ki, mobil operatorların bu xüsusda cavabları adətən belə olur ki, kim SMS qəbul etmək istəmirsə, hansısa nömrəyə boş SMS göndərsin və ya şirkətə bildirsin, Sual olunur; niyə

abonentin razılığı alınmadan telefonuna elan, reklam, məlumat daxil olmalıdır ki, o da bunun qarşısını almaq üçün hansısa addımlar atmaq məcburiyyətində qalsın? Müasir dünyada yaşayırıqsa, hamının haqqına hörmətlə yanaşmalıyıq. Adi reallıqdır; kiminsə mənzilinə daxil olmaq istəyiriksə, mütləq qapının zəngini çalırıq, qapını döyürük. İcazəsiz kiminsə evinə daxil olmaq, sadəcə mədəniyyətsizlik və ədəbsizlikdir. Bu, bəşəriyyət üçün qəbul olunmuş etik bir normadır. Elə isə niyə kimlərsə bizim mobil nömrələrimizlə istədikləri kimi rəftar etməlidirlər? Biz ki, bu xidmətə görə haqq ödəyirik. Kimsə bizə pulsuz xidmət göstərmir. Deməli, xidmət göstərən xidmət haqqı ödəyənin istəyi ilə ayaqlaşmalıdır, öz kommersiya məqsədləri üçün vətəndaşın asılılığından sui-istifadə etməməlidir. Amma hazırkı durumda mobil operatorlar vətəndaşların mobil rabitə asılılığından sui-istifadə edirlər. Mobil telefon nömrəsinə malik bütün abonentləri öz mesajları, yalan-gerçək təklifləri ilə əməlli-başlı dəng edirlər. Mədəni cəmiyyətlərdə yəqin ki, bunun başqa bir yolu olmalıdır. Mobil operator daha çox şou məzmunu daşıyan məlumatlarını abonentə göndərməmiş onun belə bir xidmətdən istifadə etmək istəyib-istəmədiyini öyrənməlidir? Elə həmin mesaj vasitəsilə. Qoşulmaq istəyən qoşulacaq, istəməyən də kənarda qalacaq.

Dünən mobil telefonuma daxil olan iki SMS-in məzmunu belə olub:

8228-dən gələn mesaj:

Təbriklər! TOYOTA QAZANDIN sözlərini Sən də eşidə bilərsən. Elə isə TƏLƏS! 2729-a SMS göndər, cavabını izlə. 5 qəpik. Bəxtəvər başımıza, SMS göndərməklə TOYOTA qazanmaq mümkün olsaydı, gərək şəhərdə "Toyota” əlindən tərpənmək mümkün olmayaydı.

8555-dən gələn mesaj:

Ən orijinal sevgi etiraflarını ilk siz əldə edin (bəxtəvər başımıza! - red.) "Etiraf” yazın 8555-ə göndərin. Qiyməti 0.11 AZN.

Bunlar sadəcə, iki mesajın məzmunudur. Buna bənzər SMS-lər gün ərzində dəfələrlə daxil olur. Ağlı başında birisi kimi bu mesajlara "uymasam da”, onları telefonun yaddaşından bir-bir silmək də adama mənəvi əziyyət verir. Niyə bu gərəksiz işlə məşğul olmalıyam?!

Gözlənilməz olsa da, bu mesajları göndərən şirkətlərdən biri ilə dünən əlaqə saxlaya bildik. "Kontakt com” şirkəti nəzdində fəaliyyət göstərən "ABC” telekomun operatoru Nurlanə Əsgərova "Şərq”in sorğusuna cavab olaraq bildirdi ki, müxtəlif məzmunlu mesajları "Azərsell” öz abunəçilərinə göndərir. Bu barədə iki şirkət arasında qarşılıqlı müqavilə mövcuddur. Mesajlar stimullaşdırıcı "ABC” lotoreyasına aiddir.

Bəs bu mesajlardan yaxa qurtarmağın yolu hansıdır?

N.Əsgərova bunun üçün 2728-ə boş SMS göndərilməli olduğunu dedi. Bununla da mesajın göndərildiyi mobil nömrə de-aktiv nömrələr sırasına daxil ediləcək və daha SMS-lər gəlməyəcək. Xanım operatora bir çoxlarının bu üsuldan istifadə etdiyini, lakin heç bir nəticə hasil olmadığını, mesajların ardı-arasının kəsilmədiyini də xatırlatdıq. N.Əsgərova cavabında "görünür, onlar nömrəni düzgün yazmayıblar. Bəziləri səhvən mesajın gəldiyi nömrəyə SMS göndərir, ona görə də nəticə əldə olunmur. Siz 2728-ə boş SMS göndərin, bir də sizə mesaj gəlməyəcək”.

Xanım operatorun dediyi kimi etdim. Gözləyək...

Xatırladaq ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu məsələyə bir neçə dəfə münasibət bildirib və abonentlərin mobil telefonlarına hər cür SMS-in göndərilməsinin istehlakçı hüquqlarının kobud pozuntusu olduğunu deyib. Hətta AİB sədri çıxış yolu kimi həmin mobil operatorları boykot etməyə çağırıb. Amma doğrusu, boykot günümüzdə real görünmür. Ən yaxşısı, problemi xoşluqla yoluna qoymaqdır. Təxminən belə: Lütfən, bizə lazımsız SMS-lər, mesajlar göndərməyin. Başımız ağrıyır”.

Məlahət Rzayeva