“Yaxın zamanlarda Müsavatda gərginlik səngiyəcək”

Tural Abbaslı: “Düzdür, gənclərin kənarda qalması narahatlıq yaratdı”





Müsavat Partiyasının qurultayı arxada qalsa da, nəticələrlə bağlı narazılıqlar səngimir. Etirazçılar marafonu əliboş tərk edən başqanlığa keçmiş namizədlər Qubad İbadoğlu və Səxavət Əlisoydur. Onlar təşkilatın yeni sədri Arif Hacılıya qarşı kəskin ittihamlarını davam etdirir. Seçkilərin ideal keçirilmədiyini və ədalətlilik prinsiplərinin pozulduğunu iddia edirlər.

A.Hacılı da tənqidləri cavabsız qoymur. Marafonun demokratik prinsiplərə söykənərək aparıldığını və ittihamların əsassız olduğunu söyləyir. Qurum daxilindəki qarşıdurmalar getdikcə şiddətlənir. Bu da təşkilatın parçalanacağı ehtimalını gücləndirir. Hətta Q.İbadoğlu və tərəfdarlarının təşkilatdan ayrılıb yeni partiya yaratdığı bildirilir. Bu baxımdan bəzi siyasilər hesab edir ki, yaxın günlərdə təşkilatda çoxsaylı ayrılmalar baş verəcək.

Qurultaydan sonra təşkilatda baş qaldıran çalxalanmalara başqanlığa keçmiş namizəd, seçkinin şəffaf keçirildiyi qənaətində olan, gənc fəal, təşkilatın divan üzvü Tural Abbaslı aydınlıq gətirdi. O, "Şərq”ə açıqlamasında bildirdi ki, böyük və demokratik partiyalarda fikir müxtəlifliyi çox olur. Bu da təbii haldır: "Başqan seçkiləri barədə diskussiyalar cəmiyyətdə və mətbuatda daha diqqətlə izlənilir. Bu hal partiyasevərlərdə ciddi narahatlıq doğurur. Amma hazırda tərəflər arasında gərginlik çox görünsə də, yaxın zamanlarda səngiyəcək”.

T.Abbaslının sözlərinə görə, ziddiyyətlərin təşkilatda parçalanmalara gətirib çıxaracağı iddiası real deyil: "İsa bəyin başqanlığı dönəmində də müəyyən narazılıqlar olub. Əslində indiki qarşıdurmalar Müsavatda demokratik mühitin təzahürüdür. Bu təşkilatda hər kəs fikrini sərbəst şəkildə ifadə edir. Hətta qurumun nizamnaməsində qərar qəbul olunduqdan sonra belə üzvlərin o qərarı müzakirəyə çıxarmaq hüququ var. Tərəfləri haqlı və ya haqsız çıxarmaq istəmirəm. Özləri illərin müsavatçılarıdır. Bəlli bir təcrübələri var. Hər iki tərəfdə kifayət qədər insanlar təmsil olunur. Qopmalardan qətiyyən narahat deyiləm. Müsavat şəxslər deyil, ideologiya əsasında yaranmış təşkilatdır. Burda şəxslərin mövqeyi o qədər də ciddi qəbul olunmur. Əsas partiyanın maraqları və tutduğu yoldur”.

Müsahibimiz diqqətə çatdırdı ki, qurultayın nəticələri açıqlanan andan bu məsələləri özü üçün bitmiş hesab edib: "Seçkidə müşahidəçilərimiz vardı. Monitorinqlər aparırdılar. Odur ki, nəticələrə şübhəm olmadığı üçün yeni seçilmiş başqana uğurlar dilədim”.

Keçmiş namizəd partiyada fəaliyyətini davam etdirmək fikrindədir: "Düzdü, gənclərin kənarda qalması narahatlıq yaratdı. Çünki təşkilatlar gəncləşməlidir. Güman edirəm ki, növbəti aylar ərzində bu məsələ də yoluna qoyulacaq. Qurumda gənclərin təmsilçiliyi təmin olunacaq”.

"Tural Abbaslı marafonu qazana bilməyəcəyini öncədən bilirdi” iddiasına gəlincə, həmsöhbətimiz vurğuladı ki, seçkinin nəticəsini heç kim qabaqcadan bilmirdi: "Həmişə qeyd edirdim ki, namizədlərin dördünün də şansı var. Baxın, seçiləcəklərini əminliklə söyləyənlər, şüarlarda qazanacağıq deyənlər seçilmədi. Seçkinin nəticəsini heç kim bilmirdi. Müsavat Mərkəzi Seçki Komissiyası (MSK) deyil ki, nəticələr qabaqcadan məlum olsun. Bunu deyənlərin ya proseslərdən xəbəri yoxdur, ya da qərəzlidirlər”.

Seçkidə ədalətlilik prinsipinin pozulmasına gəlincə, T.Abbaslı qeyd etdi ki, ədalətlilik anlayışı subyektivdir: "Bunu hərə bir cür başa düşür. Qubad bəyin buna hansı aspektdən yanaşdığnı deyə bilmərəm. Qeyd edim ki, seçkidə bu və ya digər formada qanun pozuntusu olardısa, səsimi qaldırardım. Sona qədər də partiyanın maraqlarına zidd olmadan mübarizə aparardım. Amma kimin başqan seçilməsinə görə deyil, qurultay üzvlərinin iradəsinə hörmətlə yanaşaraq, qurultayın nəticəsi ilə barışıram. Çünki qurultay kimi seçsə, o, bizə qəbuldur. Təşkilatın nizamnaməsi bunu üzərimizə tələb kimi qoyur. Bir daha vurğulayıram ki, etirazım olsaydı, açıq şəkildə bildirməkdən çəkinməzdim”.

Ayyət Əhməd