Elçiliyə gələn oğlandan tibbi arayış tələb olunacaq

"Oğlan evi bunu mənliyinə sığışdırmayacaq və qapını çırpıb gedəcək ki, nə çoxdu qız, gedib başqasını alarıq"





Nikaha daxil olan şəxslərdən tibbi müayinədən keçmək tələbi yenidən gündəmə gəlir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik ediləcəyi gözlənilir. Dəyişikliyə əsasən nikah bağlamaq istəyən cütlük VVAQ şöbəsinə ərizə ilə yanaşı, həm də tibbi müayinədən keçdiklərini təsdiq edən müvafiq sənəd təqdim etməli olacaqlar.

Bu sənədi isə yerli icra hakimiyyəti orqanlarının təsdiqləməsi gərəkəcək. Müayinənin nəticələri isə sirr saxlanacaq. Yəni, heç bir orqan cütlüklərdən tibbi müayinənin cavabını tələb edə bilməz. Bu, yalnız evlənmək istəyənlərin arasında qalan məsələ olacaq. Sadəcə, əgər tərəflərdən biri hansısa xəstəliyə yoluxarsa, qarşı tərəfi məhkəməyə verə və nikahın etibarsız sayılmasını tələb edə biləcək.

Dəyişikliyin nə zaman Ailə Məcəlləsinə daxil ediləcəyi və qanun şəklini alacağı hələ məlum deyil. Amma bu məsələ artıq indidən bəzi söz-söhbətlərin yaranmasına səbəb olub. Məsələn, evlənmək istəyən cütlüklərin VVAQ şöbələrində rüşvət təklifi, poliklinikalarda həkimlərdən pulla arayış almaq və s. Azərbaycan reallığında bunun qeyri-mümkünlüyünə inanmaq çətindir. İnsanlar hətta bir yerə işə düzələndə də özlərinə əziyyət verib, əslində isə lazımlı bir işi görməyə ərinib arayış almaq məsələsini pulla həll edirlər. Belədə evlənənlərin könüllü surətdə tibbi müayinəyə baş vuracağına və bütün "kartları” ortaya qoyacaqlarına necə təminat vermək olar?

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qanunlar və bundan irəli gələn qadağalarla problemi həll etməyin mümkün olmadığını düşünür:

- Əslində, evlənməyə, ailə həyatı qurmağa hazırlaşanların tibbi müayinədən keçməsi onların ailə həyatına necə məsuliyyətlə yanaşdığının göstəricisidir. Amma təəssüf ki, Azərbaycan cəmiyyəti bundan hələ çox uzaqdır. Azərbaycan mühitində ailələr çox zaman yalan üzərində qurulur. İstər ailələrin sosial vəziyyəti ilə bağlı, istərsə də evlənməyə hazırlaşan cütlüklərlə bağlı. Ailələr var ki, qızının, ya oğlunun ürək xəstəsi olduğunu qarşı tərəfə demir. Hətta narkotiklərə qurşanmış oğlanları da "aydan arı, sudan duru” kimi təqdim edirlər. Nə qədər belə faktlar var ki, evlənəndən sonra oğlanın, hətta bəzən qızların da narkotik aludəçisi olduğu üzə çıxıb, ailələr dağılıb, nəsillər arasında düşmənçilik yaranıb. Bizim cəmiyyət, təəssüf ki, ailə müqəddəsliyini unutmağa başlayıb və ilk gündən etibarən gələcək ailənin təməlini yalan üstündə qurmağa üstünlük verirlər. Anaların bir dərdi var ki, nə olursa-olsun, qızını ərə versin. Daha bunun sonrası necə olacaq, onu düşünmürlər. Bizdə hələ o səviyyə formalaşmayıb ki, elçiliyə gələn oğlandan tibbi arayış tələb etsinlər. Oğlan evi bunu mənliyinə sığışdırmayacaq və qapını çırpıb gedəcək ki, nə çoxdu qız, gedib başqasını alarıq. Amma daha fikirləşmirlər ki, bu, həm adamın özü üçün, həm də gələcək həyat yoldaşı üçün, ümumilikdə ailə üçün lazımlı və vacib bir işdir. Ailələr var ki, müxtəlif irsi xəstəliklər üzündən xəstə uşaqlar dünyaya gəlir. Müxtəlif yoluxucu xəstəliklər üzündən ər və arvad arasında birgə yaşayışda problemlər ortaya çıxır və bunlar bəzən ailələrin dağılması ilə nəticələnir. Bunu düşünən insan özünün də, həyatını bağlamağı düşündüyü insanın sağlamlığına laqeyd qalmamalıdır.

Bəs, tibbi müayinədən keçmək məsələsini necə həll etmək olar? Hansı mexanizm lazımdır ki, evlənəcək cütlüklər bu vacib amildən yayınmasınlar?

M.Zeynalova hesab edir ki, yeni qanunların qəbulu bir tərəfdən mütərəqqi hesab edilsə də, lakin mövcud mexanizmlərin təkmilləşdirilməsi yolu ilə müsbət nəticələrə nail olmaq mümkündür:

- Biz nədənsə, yeni qanunlar qəbul etməkdə həvəsliyik. Amma bəzən bu qanunların icra mexanizmi olmadığından onlar kağız üzərində qalırlar. Evlənməyə hazırlaşan cütlüklərin tibbi müayinədən keçməsini təmin edəcək bir mexanizm varmı? Biz hardan bilirik ki, sabah insanlar o sənədləri saxta yolla əldə etməyəcək? Bu gün fəaliyyət göstərən VVAQ strukturunda köklü islahatlar aparılmalıdır. VVAQ şöbələrində psixoloqlar, məsləhətçilər, hüquqşünaslar olmalıdır. Eləcə də biz həmin VVAQ şöbələrində tibbi müayinə üçün lazımi şəraiti yarada bilərik. Bütün bunlarla yanaşı, əsas işimiz şəxslərin ailə məsuliyyətinin artırılması istiqamətində olmalıdır. Çünki bu məsuliyyət hissini insanlara aşılamadan qanunla, qadağa ilə onları buna cəlb etmək mümkün olmayacaq. Qadağalar qoyulacaqsa, bu, qeyri-rəsmi nikahların artmasına səbəb olacaq. Və bundan da irəli gələrək atasız-anasız böyüyəcək uşaqların dünyaya gəlməsinə. Xəstəliklər barədə məlumatımız olmayacaq. Həm də tibbi müayinə də hələ hər şeyi həll etmir. Məsələn, NİV

virusuna yoluxmada "pəncərə” deyilən mərhələ var. Bu mərhələdə insan analizlərdən keçsə də, virus onda görünmür. Həkim müayinənin nəticəsinə əsasən sənəd verə bilər ki, bu adamda NİV virusu yoxdur. Amma "pəncərə” mərhələsi 1 və ya 3 ay sonra başa çatıb digər fazaya keçdikdə, virus özünü göstərəcək. Hesab edirəm ki, Ailə Məcəlləsinə bu dəyişikliyi qəbul etmədən layihə üzərində ciddi işlənməlidir.

Məlahət Rzayeva