Azərbaycan xalqını sevən “xalq düşməni”

Vəli Xuluflunun irsi azərbaycançılıq məfkurəsidir



Azərbaycanın mədəniyyət tarixində və milli məfkurənin təbliğində özünəməxsus yeri olan vətənpərvər ziyalılardan biri də ədəbiyyatşünas və publisist, dilçi və folklorşünas-alim Vəli Xuluflu olub. Cəmi 43 il ömür sürən repressiya qurbanı V.Xuluflu qısa ömürdə çox böyük işlər görüb. Görkəmli alim təzyiqlərə məhəl qoymadan tarix, dilçilik və ədəbiyyatşünaslıqla bağlı gələcək nəsillərə dəyərli əsərlər yadigar qoyub. 1894-cü ildə Şəmkir rayonunun Xuluf kəndində anadan olan Vəli Xuluflu ibtidai təhsilini mollaxanada alıb. Daha sonra "Mədrəseyi-ruhaniyyə” məktəbində oxuyub.

1912-ci ildə mədrəsəni müvəffəqiyyətlə bitirib və həmin məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirərək orda da müəllimlik edib. 1920-1922-ci illərdə Gəncə quberniyasında Qəza Partiya Komitəsinin katibi vəzifəsində işləyib. 1921-ci ildə partiya sıralarında "təmizləmə işləri” ilə əlaqədar Sovet İttifaqı Kommunist Partiyasından çıxarılıb. 1927-ci ilə kimi Dillər Universitetinin Şərqşünaslıq fakültəsində təhsilini davam etdirən alim Yeni Azərbaycan əlifbası komitəsində təlimatçı kimi çalışıb və paralel olaraq "Azərnəşr”in bədii-ədəbiyyat şöbəsi ilə əməkdaşlıq edib. 1929-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda elmi katib vəzifəsində çalışıb. İnstitutun yenidən təşkili zamanı isə Dil-Ədəbiyyat və İncəsənət İnstitutuna direktor təyin edilib. Vəli Xuluflu şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşrinə xüsusi qayğı göstərib. İşlədiyi Dil Ədəbiyyat və İncəsənət İnstitutu ləğv edildikdən sonra bir müddət Mərkəzi Arxiv İdarəsinin müdiri, Dövlət Elmi Şurasının sədr müavini vəzifələrində çalışıb. 1936-cı ildən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix İnstitutunun direktor müavini olub.

Xalq üçün çalışan

fədakar alim

V.Xuluflu milli düşüncənin dərindən kök salması üçün folklordan, aşıq ədəbiyyatından və saz sənətindən məharətlə istifadə edirdi. Onun bütün yaradıcılığının leytmotivi bundan ibarət idi. Faktiki olaraq, 1920-1937-ci illərdə onun nəşr etdirdiyi kitablar, müxtəlif qəzet və jurnallarda çap olunan məqalələri orta və ali məktəblərdə sevilə-sevilə oxunurdu. Bu həm də Azərbaycanın ictimai fikrində yeni bir mərhələnin başlanğıcı demək idi. Sərt kommunist rejimində milli görüşə bağlı bütün dəyərlərin yasaq olunduğu bir dönəmdə Vəli Xuluflu kimi milli siyasət tərəfdarları bütün bunları dolayı yolla tətbiq etməyə məcbur idilər. Onlar milli dəyərlərə sahib çıxmaqla və milli rifahı öz soy-kökünə bağlı olmağı təlqin edirdilər. Alim xüsusilə aşıq sənətinə dəyər verməklə milli məfkurənin təməl prinsiplərini aydın şəkildə belə ifadə edirdi: "Aşıqlar elin içindən çıxan və el arasında gəzən sənətkarlardır. Onlar həmişə xalqın içindədirlər. İlin hansı fəslində olursa-olsun, kəndə aşıq gəldimi, böyük, kiçik onun başına toplanır. Aşığın kütləni tərbiyə etməsi məsələsi də buradan başlanır”. V.Xuluflu Azərbaycanda yeni əlifba ideyasının qızğın tərəfdarlarından idi. Alimin ideya silahdaşı Xalid Səid Xocayevin yazdığına görə, o, yeni türk əlifbasına keçmək işinə lap əvvəldən əməli işi ilə yardım edib. Görkəmli alim 1920-30-cu illərdə Azərbaycanın elmi və mədəni həyatında çox böyük rol oynayıb. Rəsmi sənədlərdə tarixçi kimi tanıdılsa da, onun dilçiliyə və ədəbiyyatşünaslığa aid əsərləri heç də tarixə həsr edilmiş əsərlərindən az olmayıb. Məsələn, 1925-ci ildə yazmış olduğu "Yeni əlifba ilə yazı qaydaları” adlı kitabında əvəzsiz dilçi-alim kimi diqqəti cəlb edib.

V.Xuluflu bütün fəaliyyəti boyu harada işləməsindən asılı olmayaraq ömrünü Azərbaycan xalqının mədəni həyatının yüksəlişinə, savadlanmasına və maariflənməsinə həsr edib. Həmin ağır dövrdə çətinliklə də olsa, bir çox kitablar nəşr etdirib. Onun "Koroğlu”, "İmperializm və ruhaniyyət”, "Din və qadın”, "Din və mədəni inqilab”, "Səlcuq dövlətinin tarixi quruluşuna dair” əsərləri gənc nəslin milli ruhda formalaşmasında müstəsna rol oynayıb. V.Xuluflu eyni zamanda yüzlərcə qəzet və jurnal məqaləsinin də müəllifi olub. Dilçi-alim aşıq yaradıcılığını da çox sevirdi. Ədib toplayıb nəşr etdirdiyi "Koroğlu” dastanında qəhrəmanın aşıqlığına xitabən yazırdı ki, "aşıq yaradıcılığı, elin ruhudur, o lazım olanda qılıncdan da kəsərlidir”.

Xalqı sevən "xalq düşməni”

Məlum olduğu kimi, Birinci Ümumittifaq Türkoloji Qurultayında məruzəçi olmuş və hətta bir-iki cümlə ilə çıxış etmiş türkoloqların hamısı Sovetin "qara siyahısına” salınaraq məhv edilib. Əslində ziyalı təbəqənin aradan götürülməsi üçün bəhanə tapmaq o qədər də çətin deyildi. Vəli Xuluflu da digər milli ziyalılarımız kimi Sovet rejiminin kommunizm quruculuğu adı altında xalqımızı zorla "ruslaşdırma” siyasətini qəbul etmirdi. O, bütün imkanlarını səfərbər edərək buna qarşı dirənirdi. 1930-cu illərdə baş vermiş respressiya siyasətinin əsl məqsədi də bu cür milli ziyalıları məhv etməyi və yeni "sovet alimi” yetişdirməyi hədəf alırdı. Vəli Xuluflunu ələ verən "dəlil” isə onun 1928-ci ildə Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə Azərbaycan tapmacalarını toplayıb nəşr etdirməsi oldu. Əsrlərlə xalq arasında dolaşan tapmacalardan sətiraltı məna tapan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları alimə qarşı bir vasitə kimi istifadə etdilər. Müstəntiq cavabını uşaqların da əzbər bildiyi "hamını bəzər, özü lüt gəzər” tapmacasından sətiraltı məna tapdı: "Siz bununla düşmənin dəyirmanına su tökürsüz. Yəni sovet adamları hamını geyindirir, özü lüt gəzir...”. Əlavə "dəlillərə” ehtiyac duymayan DTK az müddətdə bir arayış tərtib etdi. Arayışda belə deyilirdi: "Xuluflu Vəli Məmmədsöyün oğlu əksinqilabçı, millətçi təşkilatın üzvüdür. Buna əsaslanaraq, onun həbs edilməsini zəruri hesab edirik”. Maraqlısı budur ki, alimə açılan cinayət işinin üstündə 5 maddədən ibarət ittiham göstərilirdi. Bu qərarı 1937-ci ildə NKVD-nin üçüncü şöbəsinin rəisi, dövlət təhlükəsizlik leytenantı erməni Qalstyan böyük məmnuniyyətlə qəbul edir. Həbsdən bir gün əvvəl isə alimin evində ciddi axtarış aparılır. Axtarış zamanı guya onun evindən müxtəlif qadağan olunmuş kitablar, şəkil və məktublar götürülür. 1937-ci il yanvar ayında alimi dindirməyə başlayırlar.

Təəssüflər olsun ki, 37-ci ilin repressiyaları yüzlərlə millətsevər azərbaycanlı ziyalı kimi Vəli Xulufludan da yan keçmir. Nəhayət, 1937-c il oktyabr ayının 5-də görkəmli dilçi-alim uydurma 6 maddə ilə ittiham edilir. Ermənilər də qondarma dəlillərlə məşhur alimin həyatına son qoymağa çalışırdılar. İttihamdan 5-6 gün sonra iclas keçirilir və alınan qərar elə həmin gün müttəhimə verilir. Qərarda deyilirdi ki, iş məhkəməyə göndərilsin. Ancaq işə şahidsiz, prokurorsuz və vəkilsiz baxılsın. Bir neçə gündən sonra 15 dəqiqəlik "məhkəmə” başlayır və bitir. Məhkəmədə alınan qərar belə olur: "Vəli Məmmədsöyün oğlu Xuluflu ən yüksək cəzaya - güllələnməyə məhkum edilsin”. Məhkəmənin səhərisi gün, yəni oktyabrın 13-də alimi güllələyirlər.

Onu Mir Cəfər Bağırov

özü güllələyib

V.Xuluflunun ölümündən sonra ailəsini də dinc buraxmadılar. Ailəsi əvvəlcə evlərindən çıxarıldı və kiçik zirzəmilərdən birinə köçürüldü. Ataları aparılan gündən övladları - Sündüz və Çingiz hər gün məktəbdən gözüyaşlı evə qayıdırdılar. Analarına müəllimlərinin üzünün dönməsindən, onların qiymətlərini aşağı salmasından şikayətlənirdilər. 1938-ci ilin yazında Xuluflunun həyat yoldaşı Fatma xanım "xalq düşməni”nin həyat yoldaşı kimi həbs edilib sürgünə göndərildi. Uşaqları isə anasının, yəni nənələrinin ümidinə qaldı. Yaşlı qadın M.Qorki adına kitabxanada xadimə işləyərək nəvələrini saxladı. Uşaqlar analarının üzünü bir də 1946-cı ildə o, sürgündən qayıtdıqdan sonra gördülər. Fatma xanım sürgündən xəstə qayıtdı. Əri barədə isə 1955-ci ilədək heç bir məlumat ala bilmədi. Ancaq onun dönəcəyindən gümanlarını çoxdan kəsmişdilər. Çünki yaxşı bilirdilər ki, qayıdası olsaydı, indiyədək hökmən məktubu gələrdi.

Vəli Xuluflunun qətlə yetirilməsi ilk dəfə Mircəfər Bağırovun məhkəməsində təsdiq olundu. Məhkəmədə iştirak edən yaxın qohumları görkəmli alimin uşaqlarına bəd xəbər gətirdilər: "Bağırov etiraf etdi ki, Vəli Xuluflunu istintaq zamanı o özü güllələyib. Bağırov boynuna aldı ki, həbs olunan bir neçə nəfərin, eləcə də V.Xuluflunun dindirmələrində dəfələrlə şəxsən iştirak edib. Ancaq təzyiqlərə baxmayaraq, alim istintaqlarında M.Bağırovun "canını boğazına” yığıb və onunla anlaşmaya gələrək müstəntiqlərin irəli sürdüyü ittihamları, əksinqilabçı-millətçi kimi çəkdiyi adları təsdiqləməyib. Sonuncu dəfə zirzəmiyə gələrək onu dindirən Bağırov istintaq materialını V.Xulufluya uzadaraq "qol çək qurtul!” deyib. Amma Xuluflunun dilindən eşitdiyi "yox!” kəlməsi birinci katibi o qədər qəzəbləndirib ki, dərhal əlini tapançasına atıb və alimi elə ordaca güllələyib. Təbii ki, dustağın qətli sonradan başqa cür aktlaşdırılıb. Bu xəbər heç 1956-cı ilin 17 noyabrında SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının istintaq işinə də qeyd olunmayıb.

Vəli Xulufluya bəraət

1937-ci ildə həbs olunanda evindən ona aid əşyaların çoxu aparıldı. Sonralar ailəsi o zirzəmidən-bu zirzəmiyə köçürülə-köçürülə olub-qalanlarını da itirdilər. Bir də gördülər ki, Vəlidən yadigar kimi saxlamağa heç nə qalmayıb. İtkilərinin nə qədər böyük olduğunu isə onun qətli rəsmi təsdiqlənəndən sonra anladılar. Vəli Xuluflunun məzarı da qalmadı, qəbri bilinmədi. Amma əsərləri əbədi olaraq doğma xalqına qaldı..

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb