Cənub zonasında xəstəlik yayılıb

Yay mövsümündən bugünədək ölkə üzrə 40 baş heyvan tələf olub



Biləsuvar və Cəlilabaddan sonra Masallıda da mal-qara arasında tələfat qeydə alındı. Masallının Təzəkənd ərazisində 100-ə yaxın mal-qaranın tələf olduğu bildirilir. Yerli sakinlər heyvanların xəstəliyinin ayaq tutulması ilə başladığını deyirlər. Kəndin baytarı Nazir Əliyev isə ANS PRESS-ə açıqlamasında heyvanların ölümünə səbəb kimi nodulyar dermativ xəstəliyi göstərib.

Dövlət Baytartıq Xidməti mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə "Şərq”ə açıqlamasında mal-qara arasında kütləvi tələfatın olması haqda yayılan xəbərlərin həqiqətəuyğun olmadığını dedi:

- Nodulyar dermativ xəstəliyi 4 aydır ölkə ərazisində var. Bildiyiniz kimi, əvvəlcə cənub bölgəsində, sonra isə Aran zonasında qeydə alındı. İndi isə Masallıda müşahidə edilir. Təxminən bir aydır orada proses müşahidə edilir. Amma kütləvi tələfat yoxdur. Respublika ərazisində 26 rayonda mal-qara arasında bu xəstəlik aşkarlanıb və ümumilikdə yay mövsümündən bugünədək ölkə üzrə 40 baş heyvan tələf olub. Masallıda isə cəmi 4 baş heyvan ölüb. Yəni, Masallıda kütləvi tələfatdan söhbət gedə bilməz.

Y.Xanvəli virusla mübarizənin 2 yolu - vaksinlər və simptomatik müalicə olduğunu dedi və ikinci müalicə üsuluna üstünlük verildiyini bildirdi:

- Biz ikinci üsula üstünlük verdik. Bu da xəstəliyin güclənməmiş qarşısını almaq üçün lazımi tədbirlərin görülməsidir. Profilaktik tədbirlər də görülür. Heyvanlar dezinfeksiya edilir, çimizdirilir. Aparılan işlərin nəticəsidir ki, virusa yoluxmuş 2900 baş heyvandan 2650-si tam müalicə olundu.

Y.Xanvəli nodulyar dermativ virusunun 1929-cu ildə ilk dəfə Afrikada qeydə alındığını bildirdi. Bəs Azərbaycana bu virus necə gəlib çıxıb?

Y.Xanvəli qeyd etdi ki, ötən il Türkiyə və İran ərazisində mal-qarada bu xəstəlik olub. Azərbaycanda da birinci İranla həmsərhəd bölgələrdə - Biləsuvar və Cəlilabadda aşkarlandı:

- Heyvandarlar mal-qaranı neytral zonada otarırlar. Heyvanlara xəstəlik də elə bu səbəbdən keçib. Virus qansoran həşəratlar, ağcaqanadlar vasitəsilə keçir. Kəndlilərə bildirilir ki, neytral zonada mal-qaranı otlamaq təhlükəlidir, amma əhəmiyyət vermirlər, heyvanlarını ümumi otlaq ərazilərinə buraxırlar, nəticədə mal-qara virusa yoluxur.

Məlahət Rzayeva