Sumqayıta sürətli tramvay xətti çəkilməyəcək

“Çünki hazırda Bakı və Sumqayıt arasında boş ərazi demək olar yoxdur”



Uzun müddət müzakirə edilən Bakı Beynəlxalq Avtovağzalından Sumqayıta qədər sürətli tramvay xətti çəkilməsi məsələsinə aydınlıq gətirilib. Bakı-Sumqayıt istiqaməti üzrə sürətli tramvay xətti çəkilməyəcək.

"Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev mətbuata açıqlamasında bildirib ki, Bakıdan Sumqayıta qədər tramvay estakadalarının tikintisi nəzərdə tutulmayıb: "Əvvəllər belə bir söhbət gedirdi, ancaq bu gün həmin məsələ "Azəryolservis”in gündəmində deyil”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, Bakı-Sumqayıt yolu üzrə tramvay xəttinin çəkilməsi vacibdir: "Çünki Sumqayıtın bir hissəsi Bakı-Quba-Rusiya yolunun tərkib hissəsidir. Ona görə də bu yoldan çox istifadə edilir. Sumqayıt şəhərini bu hərəkət intensivliyindən xilas etmək üçün elektrik qatarına, metro və ya sürətli tramvay xəttinə ehtiyac var. Çünki hər gün Bakıdan Sumqayıta və yaxud əks istiqamətdə çoxlu avtomobillər və marşrut avtobuslar hərəkət edir. Əgər tramvay xətti çəkilərsə, təxmini olaraq tıxac 20-30 faiz azalar”.

Bununla yanaşı, Ə.Hüseynovun fikrincə, belə infrastrukturun yaradılması üçün kifayət qədər vəsait lazımdır: "Çünki hazırda Bakı və Sumqayıt arasında boş ərazi demək olar yoxdur, xaotik vəziyyətdir. Ərazilər qanuni və qeyri-qanuni zəbt olunaraq evlər tikilib. İlk növbədə o evlərin sahiblərinə kompensasiya ödənərək ərazi boşaldılmalıdır”.

Vüqar Şahinoğlu