Zəvvarların böyük bir hissəsi Vətənə qayıdıb

Sonuncu təyyarə reyslərinin isə oktyabrın 15-də həyata keçirilməsi gözlənilir



Azərbaycanlı zəvvarlar artıq Vətənə qayıdıb. Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin məlumatına görə, oktyabrın 11-13-ü arası gerçəkləşən təyyarə reysləri ilə zəvvarların böyük bir hissəsi Azərbaycana qayıdıb.

Sonuncu təyyarə reyslərinin isə oktyabrın 15-də həyata keçirilməsi gözlənilir. Bununla da bu il Həcc ziyarətinə qatılmış 4 minə yaxın azərbaycanlı zəvvarın hamısı Vətənə dönmüş olacaq. Azərbaycanlı zəvvarların ölkəyə qayıdışını "AZAL” həyata keçirir.

QMİ-dən zəvvarların səhhətində heç bir problem olmadığı və ziyarətin bütün qaydalara uyğun keçirildiyi də bildirilib. Qeyd edək ki, zəvvarlarımız Məkkə şəhərində Həccin vacib əməllərini başa vurduqdan sonra mübarək Mədinə şəhərinə səfər ediblər. Məlumdur ki, Mədinədə əziz peyğəmbərimizin (s.ə.s) məzarını ziyarət etməyi zəvvarlar özlərinə borc bilirlər. Hazırda azərbaycanlı zəvvarların bir qrupu hələ də Mədinədədir və onlar da hissə-hissə, ardıcıllıqla Bakıya qayıdacaqlar.

Məlahət