Gənclərin əmək bazarına daxil olmasında ciddi problemlər var

“Çünki təhsil sistemi elə qurulub ki, ali təhsil alan oğlanlar universiteti qurtardıqdan və hərbi xidməti başa vurduqdan sonra əmək bazarında iş axtarmağa başlayırlar”









2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Fuad Muradov gənclərin problemlərinə də toxunub. Gənc deputat bildirib ki, işsizliyə görə gənclər kütləvi şəkildə rayonlardan Bakıya gəlir. O, gənclərin işsizliyi ilə bağlı öz təkliflərini səsləndirib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deputatın fikirləri ilə həmrəy olub. Onun sözlərinə görə, işsizlik gənclər arasında yüksək səviyyədədir: "İndiki halda gənclərin əmək bazarına daxil olmasında ciddi problemlər var. Çünki təhsil sistemi elə qurulub ki, ali təhsil alan oğlanlar universiteti qurtardıqdan və hərbi xidməti başa vurduqdan sonra əmək bazarında iş axtarmağa başlayırlar. Lakin Almaniyada gənclər 16 yaşından əmək bazarına daxil olmaq imkanına malik olurlar. Ona görə ki, onlar bu yaşa qədər hansısa peşəyə yiyələnirlər”.

Ekspert hesab edir ki, gənclərin doğulduqları bölgələrdə qalıb işləmələri istiqamətində müəyyən tədbirlər həyata keçirilməlidir: "Belə tədbirlər yalnız yeni iş yerlərinin açılması ilə bitmir. İlk növbədə təhsil problemləri həll edilməlidir. Kompleks işlər fonunda ixtisaslı fəhlə peşələri üzrə hazırlıq kursları açılmalıdır. Sonra yeni iş yerlərinin açılması nəzərdə tutulmalıdır. Bundan əlavə, gəncləri stimullaşdırıcı proqramlar icra edilməlidir. Məsələn, regionda yaşayan gənc ailələrə faizsiz ipoteka kreditlərinin verilməsi təmin edilsə, çox yaxşı olar”.

Vüqar Şahinoğlu