"Problemli kreditlərin həlli ilə bağlı sərəncam Prezidentin vətəndaşına qayğısının bir ifadəsidir"



"Problemli kreditlərin həlli ilə bağlı sərəncamın ən böyük əhəmiyyətlərindən biri sosial ədalət prinsipinin gözlənilməsi idi”.

Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, 2019-cu il Azərbaycanın ictimai-siyasi həyatına dərin sosial islahatlar ili kimi daxil oldu: 

"Hər zaman olduğu kimi, bu il də dövlətin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onların sosial müdafiəsi dayanır. Ölkə başçısı vətəndaşlarımızın hansı sahədə problemləri varsa, həmin problemləri dərindən öyrənir və müəyyən tapşırıqlar verir. Xüsusilə son aylarda pensiyaların, tələbə təqaüdlərinin, sosial müavinətlərin, şəhid ailələrinə verilən vəsaitlərin artırılması, həmçinin problemli kreditlərlə bağlı imzalanan sərəncam prezidentin əhalinin yanında olmasının bir ifadəsidir. Yeni fərman vasitəsilə 2014-cü ildən etibarən çətin duruma düşmüş və dollarla götürdükləri kreditləri ödəməyə çətinlik çəkən vətəndaşlarımızın problemi demək olar ki, tamamilə həll olundu. Prezident bu məqsədlə öz büdcəsindən banklara 1 milyard manata yaxın pul ayrılması barədə qərar verdi. Bu qərarın əsas mahiyyəti vətəndaşın hüququnu qorumaq, onların maliyyə yükünü azaltmaq, eyni zamanda özəl sektora dövlət dəstəyini verməkdən ibarətdir. Dövlət müəyyən yükləri öz üzərinə götürərək, maliyyə sektorunun inkişafına stimul vermiş oldu”.

M.Quliyev qeyd edib ki, yeni sərəncama görə vaxtilə kreditlərin çox hissəsini ödəmiş insanlar hətta özəl banklar vasitəsilə dövlətdən vəsait alacaqlar: 

"Bu o deməkdir ki, vaxtilə kreditlərin çox hissəsini ödəmiş və ya ödəməmiş insanlar dövlətin sosial müdafiə tədbirlərindən istifadə etmiş olacaqlar. Şübhəsiz ki, bu addımlar vətəndaşın dövlətə inamını daha da artıracaq, onların güvənli, etibarlı yaşamasına imkan yaradacaq. Bütün bunlar cənab Prezidentin vətəndaşına qayğısının bir ifadəsidir. Belə tədbirlər həmçinin ölkədə vətəndaş həmrəyliyini, insanların inamını gücləndirən və dövlət-vətəndaş münasibətlərini daha yüksək müstəviyə qaldıran addımlardır. Cənab Prezident son müşavirədə də söylədi ki, il ərzində belə tədbirlər görüləcək və sosial müdafiə sahəsində 2019-cu il dövlətçiliyimizin tarixi üçün əlamətdar bir il olacaq”.

Yeganə Bayramova