“Paşinyan çox gülünc arqumentlərlə çıxış edir” - Politoloq





"Paşinyan danışıqlar prosesinin işğal etdikləri Azərbayan torpaqlarının azad olunacağı ilə nəticələnəcəyini çox yaxşı bilir. Çünki münaqişənin həlli ilə bağlı hüquqi baza tam hazırdır”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Analitik bildirib ki, bütün dünya birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır:

"Məsələyə hansı tərəfdən baxırsan-bax, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq sərhədlərinə daxildir. Bu, dəyişməz reallıqdır. Paşinyan hələ ötən ilin 8 may tarixində baş nazir seçildiyi gündən etibarən Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi iştirakını tələb edirdi. Amma məqsədinə nail ola bilmədi və sentyabr ayında Düşənbə şəhərində Azərbaycan Prezidenti ilə təmas yaratmağa məcbur oldu. Münaqişənin həlli prosesində danışıqlar formatı 1992-ci ildə ATƏM-in Helsinki şəhərində keçirilən Nazirlər Şurasının iclasında təsdiq olunub. Həmin iclasın yekununda qəbul olunub ki, münaqişənin tərəfləri Ermənistan və Azərbaycan, maraqlı tərəflər isə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasıdır. Yəni işğal olunmuş ərazilərimizdəki qondarma rejim danışıqlar prosesində yalnız maraqlı tərəf kimi çıxış etmək legitimliyinə sahibdir. Məsələ burasındadır ki, Dağlıq Qarabağın erməni icması azərbaycanlı icmanın sülh çağırışlarına adekvat cavab vermir. Bu da qondarma rejimin kriminal-cani rəhbərləri ilə bağlıdır. Görünür, həmin rəhbərlik dəyişməsə, bizim tərəfimizdən irəli sürülən sülh təşəbbüsləri nəticəsiz qalacaq”.

Siyasi şərhçi vurğulayıb ki, əgər Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin birbaşa tərəf kimi proseslərə qoşulmasında qətiyyətlidirsə, o zaman Azərbaycan Prezidenti ilə 3 dəfə görüşməsinin səbəbini açıqlasın: 

"Paşinyan bu yaxınlarda bildirdi ki, o, indiyə kimi Azərbaycan Prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyib. Guya, münaqişəni qondarma rejimin rəhbərliyi həll etməyə çalışmalıdır. Sual olunur: Əgər Paşinyan Davosda təqribən 2 saat müddətində Prezident İlham Əliyevlə Dağlıq Qarabağ məsələsini müzakirə etməyibsə, onda hansı mövzu haqqında danışıb?! Hər halda əməkdaşlıq perspektivləri masaya yatırılası deyildi. Bir sözlə, Paşinyan çox gülünc arqumentlərlə çıxış edir. Amma qorxunun əcələ faydası yoxdur. Paşinyan nə qədər qorxsa da, münaqişənin həll prosesində qeyri-konstruktuv mövqe sərgiləsə də, dəyişməyən bir reallıq var: Biz haqq mübarizəmizi sonuna qədər aparıb torpaqlarımızı işğaldan azad edəcəyik!”.

İsmayıl