Detalları açıqlamaq düzgün olmaz

Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması prosesi sürətlənir



Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri cinayətkar Ermənistanın qanunsuz olaraq girov götürdüyü soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərova növbəti dəfə baş çəkiblər. Bu barədə ONA Xəbər Agentliyi məlumat yayıb. BQXK mandatına uyğun olaraq girovların səhhəti, saxlanma şəraiti ilə maraqlanıb. Bundan artıq heç nə. Artıq 5 ildir ki, mənzərə dəyişmir. Ermənistanın separatçı rejimi öz doğma torpaqlarını ziyarət etmək üçün Kəlbəcərə getmiş 2 soydaşımızı girov saxlayır və onlar barəsində qanunsuz məhkəmə hökmü «qüvvədə» qalır.

Xatırladaq ki, bir neçə gün öncə xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirakı çərçivəsində BQXK-nin prezidenti Piter Mauer ilə də görüşüb və görüş zamanı girovlar məsələsinə toxunub və soydaşlarımızın qanunsuz həbsini bir daha xatırladıb. Bu görüş soydaşlarımızın sərbəst buraxılması üçün təkan ola bilərmi?

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov «Şərq»ə açıqlamasında girovların taleyinin hamını narahat etdiyini bildirdi:

- Azərbaycanlı girovlarla bağlı məsələ hər zaman Azərbaycanın gündəmindədir. Zaman-zaman bu barədə ictimaiyyətə məlumat verilir. Lakin prosesin bütün detalları barədə geniş ictimaiyyətə açıqlama vermək məqbul sayılmır. Azərbaycan dövləti, konkret olaraq, Xarici İşlər Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası girovlarımızın tez bir zamanda Azərbaycana təhvil verilməsi istiqamətində intensiv işlər aparır. Bu günlərdə xarici işlər nazirimiz Elmar Məmmədyarov da bu məsələni bir daha gündəmə gətirib.

Vətəndaş cəmiyyəti olaraq, bizlər də girovların azadlığa buraxılması, "Hamının hamıya" prinsipi ilə erməni diversantlarla dəyişdirilməsi məsələsi üzərində iş aparırıq. Beynəlxalq təşkilatlar vasitəsilə Ermənistan tərəfinə təzyiqlər göstərilməsinə nail olmağa çalışırıq.

Onu da qeyd edim ki, bütün işlər paralel olaraq və koordinasiyalı şəkildə həyata keçirilir. Prosesin müəyyən konspirativ tərəfləri var ki, hazırda detalları açıqlamaq məqsədəuyğun olmaz.
Elə ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesinin yekunlaşması və Azərbaycanda terror aktları törətməyə cəhd edən Ermənistan vətəndaşı, bu ölkənin silahlı qüvvələrində həqiqi hərbi xidmət keçən kəşfiyyatçı Karen Kazaryan 20 il azadlıqdan məhrum edilib ki, onun da cinayət əməlləri tam sübuta yetirilib.

Düşünürəm ki, bütün bunlar prosesləri bir qədər də sürətləndirəcək və Ermənistan hökuməti nəhayət ki, girovlar məsələsində adekvat addım atacaq. Bu məsələnin ilin birinci yarısında öz həllini tapacağına inanıram.

Məlahət Rzayeva